Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan ABAD (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs oktyabrın 18-i Dövlət Müstəqillik Günü ilə bağlı olaraq “Azərbaycanımızı qarış-qarış” adlı aksiyaya start verib.
ABAD-ın ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Qəmər Bağırova Teleqraf.com-a bildirib ki, hazırda Azərbaycanın 30-dan çox ən iri dövlət və özəl şirkətləri bu aksiyaya qoşulub:
“Aksiyada iştirak edən vətəndaşların sayı isə 300-dən artıqdır. Onlar arasında da əksəriyyətini nüfuzlu opinion makerlər (fikir qurucuları) təşkil edir.
Aksiya oktyabrın 15-də başlanıb. Azərbaycanın sosial media sahəsində Müstəqillik Günü üçün həmrəyliyi göstərməkdir. Biz ABAD- ın öz Feysbuk səhifəsində dövlət qurumlarına estafeti göndərdik, qurumlar da qəbul edərək, başqa qurumlara göndərdi və insanlar da qoşuldu. SMM aləmində bir həmrəylik göstərə bildik.
Estafeti göndərdiyimiz qurumlar tərəfdaşlarımız idi, bu izdihamı gözləyirdik və məqsədimizə çatdıq.
Bu gün aksiya bitdi, amma kim estafeti qəbul edib başqasına ötürürsə bu bitənə qədər davam edəcək”.
Qəmər Bağırova deyib ki, bu “cchallange”ə qoşulan vətəndaşların paylaşdığı şəkillər arasından ən maraqlı şəkil seçilərək mükafatlandırılacaq: “Həftə sonuna qədər bütün şəkillər bir alboma yığılacaq, daha sonra yekun qərar veriləcək və gələn həftə isə mükafatlandırma olacaq. Qalibə ABAD-çılarımızın qida məhsulları və əl işləri suvinirləri veriləcək”.
Baş mütəxəssis qeyd edib ki, bu bizim tərəfimizdən sosial aləmdə ilk aksiya idi, daha maraqlı ideyalarımız da olacaq.
Paylaşılan maraqlı şəkillərdən bəzilərini sizə təqdim edirik.