Oktyabrın 16-da Azərbaycanın Bolqarıstandakı səfirliyi və Plovdiv bələdiyyəsinin birgə təşkilatçılığı ilə Plovdiv şəhərinin görkəmli məkanlarından olan “Çar Simeon” bağında Azərbaycan Prezidentinin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi haqqında 16 may 2017-ci il tarixli sərəncamına müvafiq olaraq sözügedən ildönümünün qeyd olunması çərçivəsində “Bakı – müasirlik və qədimliyin harmoniyası” adlı açıq səma altında foto-sərgi təşkil olunub.
Teleqraf.com xəbər verir ki, sərgidə Plovdiv şəhərinin meri İvan Totev, Plovdiv İcma Şurasının sədri Savina Petkova, Plovdiv Vilayətinin qubernatoru Zdravko Dimitrov, Bolqarıstanın dövlət və özəl qurumlarının nümayəndələri, şəhərdə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, KİV, QHT nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir N.Qurbanova “Bakı – müasirlik və qədimliyin harmoniyası” adlı sərginin Azərbaycan paytaxtının gözəlliklərini hərtərəfli tərənnüm etdiyini söyləyib: "Bakının cazibədar obrazı Şərq və Qərb mədəniyyətlərinin özünəməxsus sintezidir".
Səfir Bakı küçələrində irəliləyərkən sanki kiçik bir qala şəhərinin dünyanın neft paytaxtına çevirməsinin şahidi olduğunu əlavə edib, şəhərdə müxtəlif dövrlərdə tikilmiş möhtəşəm saray və binaların hələ də öz ecazkarlığını saxladığını vurğulayıb.
N.Qurbanova Bakının yalnız Şərqlə Qərbin qovuşduğu məkan olaraq deyil, həmçinin füsunkar abidələri ilə şöhrət qazandığını diqqətə çatdırıb. Bu xüsusda səfir Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi barədə qısa məlumat verərək muzeyin 12-ci əsrin dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıdığı, sözügedən binanın 1918-1920-ci illərdə cari ildə 100 illik yubileyini qeyd etdiyimiz və müsəlman və türk dünyasında ilk parlament respublikası olan AXC-nin nümayəndələri tərəfindən istifadə olunduğunu qeyd edib.
Səfir Bakının digər görməli yerlərindən olan Dənizkənarı Parka diqqət çəkərək, “neft bumu” dövründə neft baronlarının öz mülklərini Xəzərin sahili boyunca inşa etdiklərini və beləliklə bu məkanın şəhərin mərkəzinə çevrildiyini bildirib. Dənizkənarı parkda yerləşən Kiçik Venesiya şəhərciyi barədə qeyd edən səfir əsası ötən əsrin 60-cı illərində qoyulan və Venesiya stilində olan şəhərciyin kanal və körpülərdən ibarət olduğundan bəhs edib. N.Qurbanova Bakı bulvarının ev sahibliyi etdiyi Azərbaycan Xalça Muzeyindən söz açaraq ötən il 50 illik yubileyi qeyd olunan muzeyin dünyada ilk ixtisaslaşmış xalça muzeyi olduğunu bildirib və muzey binasının bükülmüş xalça formasında olmasına diqqət çəkib.
O, Dənizkənarı parkın bir neçə addımlığında olan İçərişəhər, Şirvanşahlar sarayı və Qız Qalası barədə danışıb. Qeyd olunan bütün abidələrin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyini vurğulayan səfir İçərişəhərin çoxsaylı daş divarlar və qalalar, kiçik daşlarla döşənmiş yollar və xiyabanlardan ibarət olduğunu, Şirvanşahlar saray kompleksinin 15-ci əsrin əvvəlində Şirvanşahlar dövləti tərəfindən inşa edildiyini söyləyib.
Səfir Bakının yeni rəmzləri sayılan Alov Qüllələri, Heydər Əliyev Mərkəzi, Bakı Kristal Zalı barədə məlumat verərək Azərbaycanın ən hündür göydələnlərindən Bakı körfəzinə möhtəşəm görünüş açıldığını, dünya şöhrətli memar Zaha Hadid tərəfindən dizayn edilən Heydər Əliyev Mərkəzinin dünya memarlığının şah əsərlərindən olduğunu, Bakı Kristal Zalının “Avroviziya” 2012 musiqi müsabiqəsinə ev sahibliyi etdiyini bildirib.
Zəngin milli mətbəximizə toxunan səfir Bakıda dequstasiyası mütləq olan milli təamlarımız – dolma, plov, qutab, kabab, piti və s. barədə danışmışdır. Sonda səfir tədbir iştirakçılarının paytaxtımızın füsunkarlığı görmək üçün Bakıya dəvət etmişdir.
Sərginin ardınca Plovdiv şəhərinin aparıcı kino zallarından olan “Lucky” kinoteatrında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” filmi nümayiş olunmuşdur. Filmdən öncə qonaqlara Azərbaycan milli mətbəxinin ləziz nümunələri təqdim olunmuşdur. Film izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Tədbir Bolqarıstan mətbuatında işıqlandırılıb.