30 Oktyabr 2018 15:45
3 363
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oxucu bəzən oxuduğu əsərə elə aludə olur ki, istər-istəməz “kaş bunu mən yazardım” deyə düşünür. Həmin oxucu üstəlik yazıçıdırsa, daha maraqlı məzmun yaranır. Görəsən, bizim yazıçılardan kim hansı əsəri yazmağı, onun müəllifi olmağı arzulayıb?

Teleqraf.com bu suala ədəbiyyat adamlarndan aldığı cavabları təqdim edir.

“Mənə mane olub...”

Şair Səhər Əhməd: “Corc Oruelin “1984” əsəri haqda belə bir düşüncəm olub. Məncə, bu əsər post-sovet məkanında yazılmalıydı. Elə “Heyvanıstan”ı da... Bir də Ramiz Rövşənin bir çox şeirləri var ki, bunlar mənə həmin mövzularda şeir yazmağa mane olub”.

“Arzular dekonstruksiya edilmir”

Ədəbi tənqidçi Cavanşir Yusifli: “Məncə, yazılmış əsəri, üstəlik sənə ləzzət edən mətni oxuyub, “mən yazsaydım” demək uşaq arzusu olardı.

Hünər odur ki, hər hansı mətndə mətləbin, yaxşı bir ideya, yaxud ideyaların yaman günə qoyulduğunu görə bilib deyəsən: Heyf... Amma indiki çağda sizin dediyinizə bənzər olaylar baş verir. Dekonstruksiya formasında… Nə qədər mükəmməl mətn meydana çıxıb. Bəlkə də hansısa gözəl əsərlər də elə bu istəklə yaranıb. Ancaq arzular dekonstruksiya edilmir”.

“Bu fikirdən depressiyaya düşdüm”

Şair Aqşin Yenisey: “Belə əsərlərin sayı çox olub. Bilirsiniz ki, XIX əsr ədəbiyyatı dinlə əlaqəli idi, XX əsr ədəbiyyatı fəlsəfəyə meyilləndi, XXI əsr ədəbiyyatı isə elmlə ünsiyyətə can atır. Hər dövr üçün “Kaş bu kitabı mən yazardım"”dediyim əsərlər olub. Məsələn, Dostoyevskinin “Netoçka Nezvanova”sı, Kafkanın “Çevrilmə”si, Kobo Abenin “Qumluqdakı qadın”ı, Salman Rüşdinin “Gecəyarı uşaqları” və sair kimi romanlar məni həmişə “heç vaxt belə bir kitab yaza bilməyəcəyəm” fikri ilə depressiyaya salıb.

Amma bu cür depressiyaları yaşamağın çox böyük xeyri də var. Bu cür kitablar oxuculara zövq versə də, yazıçıların gündəlik eqolarını öldürür. Gündəlik eqolarla yaşamaq yazı adamı üçün intihar kimi bir şeydir.

Mədəniyyət tarixinə baxsaq, adına “mədəniyyət” dediyimiz anlayışın eqoların qətlindən başqa bir şey olmadığını görəcəyik. Bütün vəhşi xalqlar eqodan arınmamış xalqlardır. Təəssüf ki, bizim ədəbiyyat hələ də eqoların peşindədir. Tənqidçimiz əsərdə eqonun əleyhinə çıxmaq əvəzinə, ədəbiyyatı öz eqosunun istəklərinə görə “izah etməyə” çalışır. Sözümün canı odur ki, yazmaq istədiyim kitablar “mən”i məndə öldürən kitablar olub”.

“Düşünmədən deyirəm ki...”

Yazıçı Pərviz Cəbrayıl: “Dünya ədəbiyyatı o qədər gözəl əsərlərlə zəngindir ki, düşünsən, deyərsən, elə kaş hamısı mənim olaydı. Ancaq elə deyil, yüz şedevr olar, sən isə bir yazıçı kimi ancaq ondan birinin müəllifi olmağı arzulayarsan. Sualı səndən alan kimi ağlıma gələn ilk əsəri deyirəm, yəni düşünmədən: Züskindin "Əttar"ı”.

“Hər kəs öz əsərini yazır”

Yazıçı Rasim Qaraca : “Daha çox “mən olsaydım bunu belə yazardım”, demişəm. Nümunə olaraq, “Ölüm haqqında Günəş” adlı şeir kitabımda “Aranjemanlar” bölümündə bir neçə yerli şairin şeirləri üzərindən öz versiyamı yazmışam. Məncə, maraqlı alınıb.

Amma “kaş bunu mən yazardım” şəklində bir düşüncəmi xatırlamıram. Hər kəs öz əsərini yazır və yazmalıdır, çünki həyat sonsuz sayda baxış bucağıyla doludur, orijinal dediyimiz şey də elə budur”.

“Kaş Allah icazə verəydi”

Ədəbi tənqidçi Əsəd Cahangir: “Bu sual indiyədək dünya ədəbiyyatından oxuduğum bütün gözəl əsərləri gözlərimin qabağından keçirdi. Homerin “İlliada”sından tutmuş, müasir dövrün yazıçılarına qədər… Amma insan yaşının müəyyən dövrünə qədər başqalarının mahnılarını dinləyir, sonra öz bəstələrini yaradır.

İnsan müəyyən yaş dövrünə qədər də, başqalarına heyran olur. Müəyyən bir dövrdə isə öz əsərini yazmaq istəyir. Özünü tapır. Mən indi dahi olsa belə, başqasının əsərini yazmaq istəmərəm. Öz daxilimdə əsərlər var ki, onları yazmağı arzulayıram. Məsələn, İsmayıliyyə, Ağrı dağı, vərəqlənmişlər kimi mövzularda uzun illərdir roman, yaxud poema yazmaq fikrim var. Kaş Allah icazə verəydi, mən bu arzularımı həyata keçirəydim”.

“Kaş bu əsər mənim olardı, amma…”

Yazıçı Xanəmir Telmanoğlu: “Azərbaycan ədəbiyyatından Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” əsəri haqda vaxt olub demişəm ki, kaş bu əsər mənim olardı. Ancaq bir şərtlə ki, onu yenidən yazardım. Bu əsər bu coğrafiyada yaşayan toplum, etnos və mədəniyyət daşıyıcıları üçün olduqca mühüm bir əsərdir.

Sadəcə olaraq, həm də fikrimcə, yarımçıq əsərdir. Anladığım və hiss etdiyim qədərincə etnos və mədəniyyətimizlə bağlı gerçək ipucları bu əsərdə verilir. Mənim “MAQ-lar” romanımın o problemləri daha qapsamlı və dibinə gedərək qaldırdığını düşünürəm. Dünya ədəbiyyatından isə Ceyms Coysun yazı manerasına görə özümə doğma bildiyim üçün “Ullis”ini söyləyə bilərəm”.

“Xiffət çəkməyə dəyməz”

Yazıçı Yunus Oğuz: “Mən bunu heç vaxt deməmişəm. Sadəcə, nəzərdə tutduğumu yazıram. Başqa yazarlara da paxıllığım tutmayıb. Bir əsəri ki, sən yazmamısan, bunun xiffətini çəkməyə dəyməz. Bu, özünü yormaq və zəiflik deməkdir”.

“Ona həsəd aparmışam”

Yazıçı Şərif Ağayar: “Mixail Bulqakovun “Master və Marqarita” əsəri... Xüsusilə, Şeytanın məclisindəki təxəyyül genişliyinə heyranam. Bizdə izə Nizami Gəncəvinin “Yeddi gözəl” mənzum romanına həsəd aparmışam. Forma və məzmunun rəngarəngliyi, orijinallığı və bir-birini mükəmməl şəkildə tamamlaması özündən 800 il sonra, yəni bu günümüzün ədəbiyyatı üçün örnək sayıla bilər”.

“Ərincək olduğuma görə...”

Yazıçı Çinarə Ömray: “Çox böyük zövq aldığım əsərlər var. Bunlar oxuduqdan sonra günlərlə girib içində yaşadığım əsərlərdir. Amma “kaş mən yazardım”, demək ağlıma gəlməyib. Yəqin ki, çox ərincək adam olduğuma görədir. Ərinməsən, “copy past” etməyə nə var”.

“Məni yerimdən oynadan əsərlər çoxdur”

Yazıçı Cəlil Cavanşir: “Bir neçə əsər olub ki, bunları oxuduqdan sonra “kaş mən yazardım” demişəm. Amma illərdir ki, bu əsər haqda fikrimi dəyişmirəm. Bu da, Harriyet Biçer-Stounun “Tom dayının daxması” romanıdır.

Bu əsərdəki Amerika mənzərəsi, təsvirlər, əsərin inqilabi ruhu, amerikanizmə qarşı mövqeyi çox xoşuma gəlir. Amerikanı ifşa etdiyinə görə bu, 12-13 yaşımdan bu yana ən sevdiyim əsərdir. Dəfələrlə “kaş bu əsəri mən yazardım”, deyə düşünmüşəm.

Bir də Viktor Hüqonun “Səfillər”ini oxuyanda bu barədə düşünmüşəm. Kaş ki, bu sanbalda, bu enerjidə bir əsər yaza biləydim. Yenə də mütaliə etdiyim kitablar arasında həddən artıq təsir edən, məni yerimdən oynadan əsərlər olur”.

“Mən onu öldürməzdim...”

Yazıçı Xalid Kazımlı: “Şübhəsiz ki, belə əsərlər var. İsmayıl Şıxlının “Dəli Kür” romanı, Voynoviçin “İvan Çonkinin həyatı və qeyri-adi macəraları” və Markesin “Gözlənilən bir qətlin tarixçəsi” povesti... Mənə görə, onların hər üçü möhtəşəm əsərlərdir. Onlarda bir həyat var. Adam o həyatda canlı-canlı yaşamaq, hətta onlara yön vermək istəyir. “Gözlənilməz qətl”i mən yazsaydım, bəlkə də Santyaqo Nasarı əsərin əvvəlində öldürməzdim, ya da heç öldürməzdim”.

“Cızdağımı çıxardı”

Yazıçı Əsəd Qaraqaplan: “İlk öncə “Martin İden”i oxuyanda elə düşündüm və məhz ondan sonra nəsr yazmağa başladım. Həm də oxuduqca dedim ki, “mən də bunu yazaram və yazmalıyam”. Yazdım da...

Hessenin “Yalquzaq”ını və Dostoyevskinin “Karamazov qardaşları”nı oxuyanda bu kitabları ən azı üç dəfə divara çırpmışam: “Bunları bir insan yaza bilərmi?”

“Əziz dost” və “Çovdarlıqda uçrumdan qoruyan”ı oxuyanda da bu hissləri keçirmişəm. Ahmet Altanın esselərini və Coysu oxuyanda da... Hamısında “kaş bunu mən yazardım” düşüncəsi olub, özümdən nəsə gördüyüm və güc aldığım şeylər də vardı.

Şeirdə əsasən türk şairləri olub. Xüsusən Nazim Hikmət, Arkadaş Özgər, Atilla İlhan və başqaları. Onların bir çox şeiri əməlli-başlı cızdağımı çıxardıb.

Bizimkilərdən İsa Muğannanı oxuyanda elə olmuşam. Xüsusən, “Məhşər” və “İdeal”ı oxuyanda... Cümlələr qanıma hopmuşdu. Əli Kərimin şeirləri də elə... İlyas Əfəndiyevin “Üçatılan” romanı d, o qədər gözəl, o qədər cana yaxındır ki, onu da mən yazmaq istərdim”.

“Sanki bir ömür idi”

Şair Aqşin Evrən: “Hazırda belə bir arzum yoxdur, amma əvvəllər olub. İki il əvvəl Kamal Abdullanın şeirlərini oxumuşdum və bəyənməmişdim. Sonra başqa şeirlərini də axtardım, oxudum, yenə bəyənmədim. Amma birdən “Unutmağa kimsə yox” şeiri ilə qarşılaşdım. Ona görə “qarşılaşdım” dedim ki, o şeir canlı insan kimi göründü mənə. Sanki bir ömür idi dayanmışdı qarşımda.

İlk dəfə idi ki, şeirlərini bəyənmədiyim bir müəllifin bircə mətni məni bu dərəcədə tutmuşdu.

Dünya ədəbiyyatından isə Kamyunun “Yad” əsərinin müəllifi olmaq istəmişəm. Bu da o əsəri oxuduğum vaxtlarda “Yad”ın mənim psixoloji durumumla səsləşməsi ilə bağlıdır”.

“Bu əsərin müəllifi bütün bəşəriyyətdir”

Yazıçı Səxavət Sahil: “Oxuduğum, təsirinə düşdüyüm kitablar arasında məni ən çox cəlb edən, özünə bağlayan Servantesin “Ağıllı zadəgan La Mançlı Don Kixot”udur. Bir az böyük çıxmasın, onun müəllifi olmaq hissi məni heç zaman tərk etmir, kaş onu mən yazardım.

“Don Kixot” indiyə qədər oxunan və reytinqlərdə öndə gələn kitabdır. Hesab edirəm ki, bəşəriyyətin bu günə qədər keçdiyi yol, hətta bu gündən sonra keçəcəyi yol da bu əsərdə əks olunub. Don Kixotun dünyanı dəyişmək istəyi həmişə insanları düşündürüb. İstər yaxşılığa, istərsə də əks tərəfə....

İnsanların içində, qəhrəman olmaq, əbədi yaşamaq, tarixdə qalmaq azarı var. Don Kixot da bu cəhdləri etməklə, əslində işin mənasız olduğunu sübut edirdi. Hansısa müdrikin dediyinin təkrarı olmasın, dünya dağılsa və bu dağılan dünyadan qalan kitab “Don Kixot” olsa, bəşəriyyət haqqında yetərincə informasiya verə bilər. Bu əsər əslində dünyanın vahidliyinin kitabıdır, onun müəllifi təkcə Servantes deyil, həm də bütün bəşəriyyətdir”.

“Bölə bilmirəm”

Şair Sənan Səfərov: “Məni heyrətləndirən, təəccübləndirən mətnlər çox olub. O mətnlərə elə aludə olmuşam ki, sözün enerjisini cümlə-cümlə, fikir- fikir hiss etmişəm. Buna görə də, o barədə düşünə bilməmişəm. O yazıbsa, deməli o yazıb, mənim “kaş ki”lərimin heç bir əhəmiyyəti yoxdur. Hər müəllifin, hər hekayənin, romanın öz dadı, duzu var. Yəni bölə bilmirəm. Çexov bir havadır, Mopassan bir havadır, Henri tamam başqa bir hava...”


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər