7 Noyabr 2018 15:09
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onu vəsf etmək üçün istənilən qədər söz tapmaq olar. Bəlkə bu səbəbdəndir ki, ona çoxlu şeirlər qoşulub, nəğmələr yazılıb. Söhbət dövlətimizin əsas simvollarından olan, qürür və fəxrlə dalğalanan üçrəngli bayrağımızdan gedir.

Suverenliyin rəmzi olan müqəddəs bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilib və qaldırılıb. Hər il bu tarix bayraq günü kimi qeyd olunur.

Təhsil və Müdafiə nazirliklərinin təşkilatçılığı ilə Füzuli rayonunun Horadiz şəhərində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü”nə biz də qoşulduq.

Uzun yol getməyimizə baxmayaraq Horadizdə bizi həyəcan və sevinclə gözləyən insanları görəndə gəlişimizin necə sevinc və təntənə mənbəyi olduğunu anlayırıq. Aramsız yağan yağış məktəblilərin, əsgərlərin və Füzluli sakinlərinin yürüşünə mane ola bilmir. Sanki yağışın altında göz oxşayan bayrağımıızın rəngləri daha da parlaqlaşır. Hər kəs bayrağı ürəkdən gələn sevgi ilə daşıyır.

Tədbirdə çıxış edəcək məktəblilərə gözüm sataşır. Onlara bura nə üçün gəldiklərini soruşuram. Balaca ürəkləri, geniş təfəkkürləri ilə bayrağı sevdiklərini, onu daşımaq qürurunu yaşamaq üçün gəldiklərini deyirlər.

Yürüş başlanır. Alınan möhtəşəm izdihamın təsvirinə sadəcə söz yetmir, bunun üçün orda olmaq lazımdır.

Təhsil nazirinin müavini Firudin Qurbanov tədbiri açıq elan edərək bildirir ki, bugünkü yürüş bu il 100 illiyi tamam olan üçrəngli bayrağımıza həsr olunub: “Müsəlman Şərqində ilk demokratik respublika yarananda dövlət atributu olaraq bu üçrəngli bayraq təsdiq olundu. 100 illik dövrdə vətənimiz işğala məruz qalsa da, çətinliklərlə yanaşı inkişaf da baş verdi.

Bu gün çox gözəl bir dövrdə yaşayırıq, Azərbaycan sürətlə inkişaf edir. Biz müstəqilliyimizi 27 il bundan əvvəl bərpa etdik və bu qısa müddət ərzində ölkəmiz çox gözəl naliyyətlərə imza atıb”.

Nazir müavini deyib ki, Dünya Bankının bu il 30 oktyabrda yayımlanan təhlili Azərbaycanın 190 ölkə arasında 25-ci yerə yüksəldiyi məlum olub: “Bu gün Azərbaycan 10 ən yaxşı istehalçı ölkələr arasındadır. Sovet dövründə əsas şüarlardan biri kəndlə şəhər arasında fərqin silinməsi idi, amma o dövlət bu hədəfinə nail ola bilmədi. Bu gün biz tam cəsarətlə deyə bilərik ki, ölkəmiz müstəqillik ərzində kəndlə şəhər arasındakı fərqi əsaslı surətdə dəyişə bilib.

Bu gün bizim bayrağımız bütün dünyaya, dost və düşmənlərimizə varlığımızı, gücümüzü nümayiş etdirir. Təsadüfü deyil ki, bizim bayrağlımız həm Lələtəpədə, həm də Günnütdə dalğalanır. Biz əminik ki, ölkə başçısının rəhbərliyi altında bayrağımız Qarabağın bütün bölgələrində dalğalanacaq”.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev deyib ki, bir əsr əvvəl qəbul olunmuş üçrəngli bayrağımızın şərəfinə toplaşmışıq: “Bu günkü hava heç kimi qorxutmur, biz cəsarətli olmağa sövq edir, çünki biz Azərbaycan vətəndaşıyıq. Onun atributlarından olan Azərbaycan bayrağının göz bəbəyi kimi qorunub saxlanması hər bir vətəndaşın borcudur”.

“N” saylı hərbi hissə komandirinin müavini, polkovnik Elşad Əbilov Azərbaycan Silahlı Qüvvələri üçrəngli bayrağımızı Ali Baş komandan İlham Əliyevin əmr və göstərişi ilə işğalda olan ərazilərimizdə dalğalandırmağa hər an hazır olduğunu bildirib: “Bu bayraq uğrunda şəhid vermişik və minlərlə oğulların qisasını da almalıyıq. 2016 -ci ilin aprel döyüşləri zamanı qələbə çalmış Azərbaycan ordusu dövlət bayrağımızı Lələtəpədə, Talışda, 2018- ci ildə Günnütdə ucaltdı.

Azərbaycan Silahli Qüvvələrin hər bir əsgəri, zabiti böyük iftixar, qürür və əzəmətlə üçrəngli bayrağımızı işğal olunmuş torpaqlarda da dalğalandıracaq”.

Tarix elmləri doktoru Anar İsgəndərov deyib ki, 6 Milli Qəhrəman, 1400-ə qədər şəhid verən, 2 minə qədər əlili olan Füzuli tarixi Azərbaycan torpağıdır: “1918 -ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunanda ilk qərarlarından biri Fizulu ilə bağlı olub. 100 il bundan əvvəl elan olunan cümhuriyyətin ən böyük uğurlarından biri dövlət rəmzilərindən olan Azərbaycanın bayrağının qəbulu olub ki, bu gün bayrağımız bizi birləşdirir. Bu yürüş bəlkə də bizim məşqimizdir. Əlinə bayraq alan hər bir insan onun müqəddəsliyini hiss edir və fikirləşir ki, sabah əlimə silah götürəcəm Azərbaycanın işğal olunmuş torpaqlarını azad edəcəyəm.

Dünyaya da bəyan edirik, bu dövlət 1991-ci ildə olan dövlət deyil, bu dövlət öz tarixi torpaqlarını heç kimin əlində saxlamaz. Laçın, Qubadlı, Zəngilan və bu gün Füzuli camaatı nə fikirləşirsə, 10 milyon azərbaycan xalıqı da onu düşünür ki, Azərbaycan tezliklə öz torpaqlarını azad edəcək.

Müqəddəs bayrağın dalğalandığı ölkənin ərazisi işğal altında qala bilməz. Yağış, qar, tufan da ola bilər, amma vətənə və torpağa məhəbbət heç vaxt sönə bilıməz, azala bilməz”.

Füzuli rayon təhsil şöbəsinin müdiri Ramella Məmmədova deyib ki, rayonda 81 təhsil müəsisəsi var, məlum səbəblərə görə, 15-i Bakı, 5-i Sumqayıt şəhərində, 5-i İmişlidə, 8-i Beyləqanda, 2-si Sabirabadda, biri Şirvan şəhərində, 45 məktəb isə Fizluli rayonunun işğaldan azad olunmuş, yeni salınmış qəsəbələrində fəaliyyət göstərir: “Bu gün rayonumuz işğala məruz qalmasına baxmayaraq Füzulidə təhsil özünün inkişaf yolundadır. Bu il 504 nəfər şagirdimiz ali məktəblərə qəbul olub. Cəbhə bölgəsi olmasına baxmayaraq Füzuli rayonundan Azərbaycanın müxtəlif bölgələrindən gələrək bu məktəblərdə işləyən müəllimlərin sayı gündən-günə artır”.

Tədbirə qatılan hər kəsin bir arzusu vardı: bir əsrə yaxındır başımız üzərində dalğananıb bizi birləşdirən bayrağımızın işğal olunmuş torpaqlara sancılan günləri yaxın olsun.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər