7 Noyabr 2018 11:05
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadına qarşı şiddət. Bu, əslində qadına olan münasibətdən doğan bir hərəkətdir. Münasibətin yaranma səbəbləri və göstəriciləri müxtəlifdir. Məsələn, BMT-nin son hesabatlarına görə, Azərbaycan dünyada doğulan uşaqların cins nisbətinə görə Çindən sonra 2-ci yeri tutur. Başqa sözlə desək, ölkəmiz selektiv abortların say nisbətinə görə yalnız Çindən geri qalır. Deməli, qadınlar ilk şiddətə hələ dünyaya gəlmədən məruz qalırlar.

Bətnindəki körpəsi məhz qız olduğu üçün aborta üz tutan xanımlarımız, şübhəsiz ki, bunu əsasən həyat yoldaşının, qayınanasının və digər qohumlarının təzyiqi ilə edirlər. “İki qızın var, İnşəAllah üçüncü oğlan olar”, “Yeddi oğul istərəm, bircə dənə qız gəlin” kimi psixoloji basqılar qadınları daim sıxıntıda saxlayır. Sanki oğlan anası və ya atası olmaq, qız anası və ya atası olmaqdan daha qiymətli, üstün bir hisdir. Sanki dölün cinsinə görə qadın cavabdehdir. Halbu ki, tibb bətndəki körpənin cinsinin formalaşmasında qadının heç bir rol oynamadığını, ananın sadəcə daşıyıcı və qidalandırıcı missiya daşıdığını təsdiqləyib.

Qadının qarşısındakı “olmazlar”

Qadının yolundakı “qırmızı işıqlar” ömür boyu onu təqib edir. Yeni doğulan körpə oğlandırsa onun çılpaq şəkillərini asanlıqla sosial şəbəkədə paylaşa, hər kəsə nümayiş etdirə bilirik. Qızdırsa, məsələ bir qədər qəlizləşir. “Sən qızsan, oğlanlarla çox oynama”, “küçəyə çox çıxma”, “düz otur”, “qardaşının paltarlarını səliqəyə sal”, “qardaşına çay gətir”, “ucadan danışma”, “astadan gül”, “evə tez gəl” və digər bu kimi qadağalar zərif cinsin daim eşitdiyi sözlərdir. Hələ onlara qoyulan “Bəsti”, “Kifayət”, “Yetər”, “Tamam”, “Qızbəs” kimi adların üzərində çox dayanmaq istəmirk.

Şiddət həmçinin qadına qarşı ayrıseçkilikdən doğur. Diskriminasiyanın hər cür forması qanunla qadağandır. Konstitutiyamızın 25-ci maddəsində qeyd olunur ki,dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən,cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, sisyasi partiyalara, həmkarlar ittifaqına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir və bunu məhdudlaşdırmaq qadağandır. 2006-cı ildə qüvvəyə minən “Gender bərabərliyinin təminatları haqqında” Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqdan ibarətdir.

Uzun illərdir gender məsələsindən yazan jurnalist kimi apardığım araşdırmalar, müşahidələr nəticəsində bu sahədə ciddi problemlərin olduğunu müəyyən etmişəm.

“Liatris Holding”in yaratdığı bu imkandan yararlanaraq qadınlara qarşı şiddət məsələsini bir daha qabartmaq təbii ki, aparılan ümumi işin xeyrinədir.

Əlbəttə ki, qadına qarşı şiddəti yaradan səbəblər arasında mentalitet, dini dünya görüşü, təhsilsizlikdən doğan stereotiplər, cəmiyyətdə cinsi balansın pozulması, sosial durum mühüm rol oynasa da, əsas səbəblər ümumi intellektual, mədəni səviyyənin aşağı olması, hüquqi biliklərin azlığıdır. Məgər biz təhsilli şəxslərin, sənət, qələm əhlinin öz həyat yoldaşlarına əl qaldırmalarına azmı rast gəlmişik? Yaxud əksinə, maddi durumu aşağı olan, təhsilsiz və ya dinə bağlı ailələrdə qadına yüksək qiymət verildiyinin şahidi olmamışıqmı?

Almaniyada qadına şiddət

Qadına qarşı şiddət təkcə Azərbaycanda, Şərqdə mövcud deyil. Problem dünyanın ən inkişaf etmiş ölkələrində, məsələn, Almaniyada da mövcuddur.

Almaniyanin sabiq polis işçiləri Kristina Klein ve Karina Gutges noyabrın 1-də Bakıda jurnalistlər üçün qadınlara qarşı şiddət mövzusunda təlim keçərkən öz ölkələrilə bağlı da məlumat verdilər.
Kristina Klein həmçinin Almaniyada Qadın Sığınacağı və Konsultasiya Mərkəzinin rəhbəridir. Hər iki xanım etiraf etdi ki, qadına qarşı şiddət Almaniyada geniş yayılıb.

Onlar polis akademiyasında oxuyarkən kişi kursant yoldaşları tərəfindən təcavüzə məruz qalıblar. K.Kleinin dediyinə görə, Almaniyada 400-ə yaxın qadın sığınacaq mərkəzləri mövucddur və onların hər biri şiddətə məruz qalan qadınlarla doludur. Sığınacaqda qalan hər bir qadın mərkəzə gündəlik 8 avro ödəyir. Bundan başqa qadın sığınacaq mərkəzlərinə şəhər rəhbərliyi, bələdiyyələr pul ödəyir, dövlər qrantlar ayırır. Həmçinin vətəndaşlara kəsilən bəzi cərimələr mərkəzlərin hesabına köçürülür.

Bəs, Almaniya kimi inkişaf etmiş ölkələrdə qadınlar nə üçün şiddətə məruz qalır? Xanım Klein qeyd edir ki, burada əsas səbəblər ailədə, iş yerində, ümumiyyətlə, cəmiyyətdə kişi hegemonluğu, onların qadına yanaşma tərzi, mənzil problemilə bağlıdır: “Bizdə də bəzi kişilər hesab edir ki, əgər qadın qısa geyinibsə ona söz atmaq olar. Düşünürlər ki, qadın rəhbər vəzifədə işləyə, işinin öhdəsində gələ bilməz. Hazırda ən ciddi problemlərimizdən biri rəhbər vəzifələrdə qadınların sayının azlığıdır”.
Almaniyadan nümunələr gətirməkdə məqsədimiz odur ki, ölkədə qadına qarşı şiddət halları sosial şəbəkədə müzakirəyə çıxarılarkən bir çoxları “Azərbaycan kişisi” faktorunu qabardır və kişilər haqqında aşağılayıcı ifadələr işlədirlər.

Halbuki problem qlobal xarakter daşıyır. Hətta ölkəmizdə qadına münasibət bir sıra Qərb dövlətlərindən daha qənaətbəxşdir. Azərbaycanda qadınlara səsvermə hüququ 1918-ci ildə verildiyi halda bəzi Qərb dövlətlərində bu xeyli sonraya təsadüf edib. Dilimizdəki sözlər qadın və kişi cinslərinə görə bölünmür. Bizdə “o” əvəzliyi həm qadın, həm də kişi üçün keçərlidir, amma rus, ingilis, alman və digər dillərdə isə sözlər insanın cinsinə görə dəyişir. Statistikaya nəzər salsaq görərik ki, Azərbaycanda qadınlara qarşı qeydə alınan cinayət faktlarının sayı ildən ilə azalır. Məsələn, qadınlara qarşı 2016-cı ildə 2221, 2017-ci ildə isə 2145 cinayət hadisəsi olub. Ümid edirik ki, növbəti illərdə bu göstərici daha da aşağı olacaq. Çünki bizim qarşımızdakı insana cinsinə görə davranmağa, onlara şiddət göstərməyə nə mənəvi haqqımız çatır, nə dinimiz buna imkan verir, nə də hüquq buna yol verir. Sivil cəmiyyətin kökündə sağlam ailə durur, sağlam ailəni isə yalnız mədəni insanlar qura bilir.

Ruslan Xəlil

Yazı "Liatris Holding"in jurnalistlər arasında elan etdiyi “Qadına qarşı şiddətə son” müsabiqəsinə təqdim olunmaq üçün hazırlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər