13 Noyabr 2018 09:09
2 896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ayaqlar, əllər, qollar... Yəqin sizin də gözünüz önündə insan orqanları canlandı. Amma sadaladığımız masanın üstündə və ya şkafdadır. Səhv eşitmədiniz, bəli, masanın üstündə öz sahibini gözləyən protezlərdir. Kiməsə ümid verəcək, işinə yarayacaq, sevindirəcək...

Protez-Ortopedik Bərpa Mərkəzində hazırlanan protezlər yeni həyata başlanğıcdır. Mərkəzdə olarkən bunu daha yaxşı anlayırsan.

Həssas işlə məşğul olan ustalarla söhbətləşmədən əvvəl Protez- Ortopedik Bərpa Mərkəzinin direktoru Asif Məcidovla mərkəzin fəaliyyəti haqqında söhbətə başlayırıq. Deyir ki, bura 1992-ci ildə fəaliyyətə başlayıb: ”Burda əsasən ümumi səbəbdən əlil olmuş şəxslərə ödənişsiz xidmət göstərilir. Əmək zədəsi və peşə xəstəliyi səbəbindən əlil olmuş şəxslərə isə cavabdeh instansiyalar ödəniş aparır.

Mərkəzdə protez, ortopedik məmulatlar hazırlanır, bununla yanaşı digər hazır vasitələri də təqdim edirik. Əsasən aşağı və yuxarı ətrafların protezlərini hazırlayır, eyni zamanda ortopedik ayaqqabılar tikirik. İl ərzində orta hesabla 1200 protez hazırlanır, 7-8 min cüt ayaqqabi tikilir.

Hazırda 24 minə yaxın əlilə xidmət göstəririk. İl ərzində Mərkəzə orta hesabla 9 min əlil müraciət edir.

Əvvəlcə vətəndaşa əlillik təyin olunur, sonra bizim mərkəzə istiqamətləndirilir. Burda onu həkimlər müayinə edir, lazımi reabilitasiya vasitəsi müəyyənləşdirirlər. Bundan sonra vasitənin hazırlanmasına başlayırıq. Bizim istehsal etdiyimiz məmulatlar təkrarlanmır, bir protezdən 5 ədəd hazırlamaq olmur, çünki protezlər fərdidir. Burda eyni zamanda dirsəklər, əsalar, korsetlər də verilir”.

Mərkəzin direktoru deyir ki, hər bir məmulatın istismar və zəmanət müddəti olur: “6 ay zəmanət verilir və xarab olursa, biz onu yenidən təmin edirik. Əgər şəxsin səhhətlərində problem çıxırsa, arıqlama, kökəlmə olursa, yeniləri ilə təmin olunurlar. Protezlərin iki il, karsetlərin 1 il müddəti var.

2017-ci il ərzində 32 min 990 məmulat təhvil vermişik. Bu il bu günə qədər say 23 mini keçib, ilin axırına 35 minə çatacaq. Sayın ildən-ilə artmasına səbəb odur ki, təbliğat hesabına xəstələr məlumatlandırılır və bizə yönəldilir. Rayonlarda səyyar xidmət də göstəririk”.

Mərkəzin Gəncədə filialı ,Naxçıvanda bölməsi var. Burda 21 nəfər protez düzəldən usta, ayaqqabı sexində isə 17 işçi var.

Ustalarla söhbət etməyə tələsirəm. Burda hazırlanan ortopedik ayaqqabılar bir neçə mərhələdən keçir. Əsas işlər daxil olduğumuz otaqda görülür.

Ayaqqabı sexinin ustası Elzadə Kərimov deyir ki, müraciət edən şəxs qeydiyyatdan keçəndən sonra ölçülər götürülür: “Birinci qəlib düzəlir və modelçi xanıma verilir, model çıxarılır, kəsilir, o biri otaqda tikilib hazırlanır, nəhayət, altı vurulur”.

Uşaq ayaqqabıları diqqətimi çəkir, bildirir ki, iki yaşdan yuxarı hər yaş üçün ayaqqabı var: “İldə iki dəfə həm yay, həm də qış üçün ayaqqabılar tikilir”.

Digər otaqda ortopedik ayaqqabının son tamamlanma işləri görülür. İşçi Rasim İmranov ölçü və diaqnozla işlədiyini deyir. Bir iş günü onun üçün belə keçir: “Qəlibləri götürüb onun üstündə işləyirik, dərini isladıb yonuruq, ayaqqabının içinə yerləşdirib alt hissəni yığırıq. Gün ərzində 3, bəzən 4 ayaqqabı hazırlaya bilirik”.

Protezlərin hazırlandığı otağa keçirəm. Hər kəs öz işi ilə məşğuldur. Onların çoxu illərdir burda çalışır. İstifadə etdikləri şkaflarda protez qollarla ustaların çay içdiyi fincanlar yan-yana qoyulub. Düşünürəm ki, insanlara hərəkət, həyat verən bu protezlər əslində onlar üçün gündəlik işin bir parçasıdır.

İşə mane olmaq istəməsəm də protezlərin necə hazırladıqlarını öyrənmək üçün onlara yaxınlaşıram. Deyirlər ki, Nazim usta ilə danış, 33 ildir burda işləyir. Amma Nazim usta inad adamdır, söhbətə razılaşmır.

Aşağı ətrafları hazırlayan usta Ağa Həsənov hazırda protezlərin üstünə salafan çəkməklə məşğuldur. Protezin tam yığılması üçün uzun vaxt tələb olduğunu söyləyir: “Birinci ölçü götürülür, qəlibin üstünə gips vurulur, salafan çəkilir, qurudulur, ondan sonra formaya salınır və üstündən corablar çəkilir”.

Usta Şahin Hacıyev 23 ildir burda işləyir. Zarafatla deyirəm ki, Nazim ustadan az geri qalırsınız, deyir, ağsaqqalımızdır, ondan çox şey öyrənmişik. Usta əl protezlərini 24 günə hazırlayır: “Bu iş həssas yanaşma tələb edir, bunu danışmaqla anlatmaq olmaz, gərək gözünlə görəsən. Yanımıza gələn fiziki məhdudiyyətli şəxslərlə elə rəftar edirik ki, bəlkə evlərində heç o rəftarı görmürlər.

Onlar arasında Qarabağ əlilləri, aprel döyüşçüləri, anadangəlmə əlil uşaqlar var. Uşaqla dil tapana qədər adam özü qocalır, çünki onlara əziyyət vermək istəmirik”.

Maraqlıdır, indiyə qədər ustadan narazılıq edən olubmu? Həmsöhbətimiz belə cavab verir: “Elə işimiz olmayıb ki, kimsə getsin, sonra qayıdıb narazılıq eləsin. Amma, əlbəttə, protez adamın öz əli deyil, öyrəşənə qədər problem olur”.

Usta deyir ki, bu, çox incə işdir, zərgər dəqiqliyi olmalıdır, burda gərək barmaqlarını hiss edəsən, etmədinsə iş alınmır. Yorulduqları vaxtlar da olur, nazı ilə oynadıqları insanlar da var... Amma yenə də işə həvəs gözlərindən oxunur.

30 ildir ömrünü protez hazırlamağa sərf edən usta Kərim Əliyevdən niyə məhz bura işləməyə gəldiyini soruşanda bir az susur. Sonra qayıdır ki, qohumumu bura gətirib-aparırdım: “Elə oldu, işə məndə də maraq yarandı və bu peşəni seçdim. İlk vaxtlar çətinlik çəkirdim, sonra uyğunlaşdım. Məndən böyüklərdən bilmədiyimizi öyrənirmişik, səhvlər etdiyimiz zamanlar da olub, düzəliş vermişik. Yanımıza gələnlərin çalışmışıq ki, könlünü alaq, qəlbinə girək. Mehriban davranaq ki, onlar ruhdan düşməsinlər”.

Bu ərəfədə Mərkəzə gələn “Vətən uğrunda medalı” ilə təltif olunmuş Arif Əliyevlə söhbətləşirik. Onun hər iki ayağı protezdir: “1967-ci ildə Ağdam rayonunda anadan olmuşam. Laçında, Tərtərdə, Ağdərədə döyüşmüşəm. Naxçıvan sərhədində də olmuşam.

Sonuncu döyüşüm 1993-cü il Ağdamın işğal gününə təsadüf etdi. Düşmən plumyotdan atəş açdı, iki nəfər öldü, mən iki qılçamı itirdim. 3 gün yasımı saxlayıblar, elə biliblər ölmüşəm”.

3 qız atası gülə-gülə deyir ki, öz doğma torpağımın protezi ilə at oynadıram: “Əvvəllər İranda protez qoyulurdu, məni incitdi, vəziyyətim belə deyildi. Burda peşəkar usta protez qoyub, tamamilə özümü idarə edirəm”.

Bu sözləri deyir, durub yeriyir. Sonra sözünə davam edir: “Bu protez əladır, ömrümü bununla başa vuracağam”.

Ustasından razılıq edir: “Vəziyyətimiz elədir ki, bura əsəbi gələ bilərik, amma usta Ağa məni həmişə gülərüz qarşılayıb, onun üzündən nur yağır”.

...Həyatda bizə verilən ən böyük sərvətin sağlamlıq olduğunu düşünmürük, ta ki hər hansı bədən üzvümüzü itirək. Amma həyat davam edir və insan övladı hər şeyə qadirdir, yetər ki istəsin.

Ən azı ona bədən üzvünü əvəz edən protez verəcəklər...

Foto: Elnur Muxtar


Müəllif: Aytən Yusifova