“Gender və İnsan Hüququ” Araşdırma Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Cümhuriyyət – 100 il: vətəndaş cəmiyyəti institutlaşması dünəndən bu günə” layihəsi çərçivəsində, 1 saylı Bakı Tibb Kollecinin tələbə və müəllim kollektivi üçün seminar-treninq keçirib.
Teleqraf.com xəbər verir ki, tədbir 20 noyabr 2018 il tarixində kollecin akt zalında keçirilib. Tədbirdə kollecin müəllim və tələbə kollektivi iştirak edib.
Seminarı 1 saylı Bakı Tibb Kollecinin direktor müaini Nailə Əliyeva açaraq mövzu ilə bağlı məlumat verib.
Mövzu ilə bağlı professor Rəna Mirzəzadə çıxış edərək, 100 illik tarixə ekskurs etmiş, vətəndaş cəmiyyətinin respublikamızda yaranma tarixindən, sovetlər dönəmindən XX əsrin sonlarına qədər olan dövrdən və nəhayət Ulu Öndər H.Əliyevin Azərbaycana dönüşündən sonra vətəndaş cəmiyyəti quruculuğu prosesinin geniş vüsət aldığından və nəhayət son illərdə respublikada vətəndaş cəmiyyəti institutlarının inkişafına olan dövlət qayğısından bəhs edib.
Mövzunun davamı olaraq, ikinci çıxışçı dosent Hüseyn İbrahimov vətəndaş cəmiyyətinin formalaşması prossindən və bu sahənin respublikamızda inkişaf mərhələlərindən söz açıb. Daha sonra mövzu ətrafında müzakirələr olmuş, iştirakşılarla fikir mübadiləsi aparılıb və anket-sorğu keçirilib.
Yekunda tədbir iştirakçıları GİHAB-ın layihə çərçivəsində həyata keçirdiyi seminar-treninqin reallaşmasına şərait yaratdıqlarına görə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və həmçinin 1 saylı Bakı Tibb Kollecinin rəhbərliklərinə təşəkkürlərini bildiriblər. Eyni zamanda, tədbirin təşkilində göstərdiyi dəstəyə görə, Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkür bildirilib.