“Milli Televiziya və Radio Şurasının fəaliyyətinin ana xəttində Azərbaycan dilinin qorunması durur. Bu gün televiziyalar Azərbaycan dilinin tətbiqi ilə bağlı bütün işləri görüblər. Təəssüf ki, çıxışların ədəbi dil qaydalarına uyğun olmaması hələ də ciddi problem olaraq qalır”.
Teleqraf.com-un məlumatına görə, bu sözləri Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Elektron Mediaya Yardım Fondu və Kütləvi informasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan teleradio məkanında ədəbi dilib qorunması” layihəsi əsasında avqust-sentyabr aylarında aparılmış monitorinqlərin nəticələrinə dair konfransda çıxışı zamanı deyib.
N.Məhərrəmli bildirib ki, Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrası ilə Şuranın birlikdə apardığı monitorinq telekanallarda ədəbi dil qaydalarının aşkarlanması və aradan qaldırılması məqsədi daşıyır:
“Bu monitorinqlərin nəticəsində ildən-ilə Azərbaycan dili ilə bağlı televiziyalarda irəliləyiş hiss olunur. Düzdür, bu sahədə vəziyyət hələ ürəkaçan deyil. Bizi narahat edən məsələ daha çox şou xarakterli verilişlərin aparılcılarının dili ilə bağlıdır. Onların dilində bayağı, loru danışıq, varvarizimlərdən istifadə baş alıb gedir. Bu bizi narahat edir.
Telekanal rəhbərləri bu məsələyə xüsusi önəm verməlidirlər. Onlar aparıcıları işə qəbul edəndə Azərbaycan dilini bilməsinə diqqət ayırmalıdırlar. Bəlkə bu məsələnin hələ də mövcud olmasında bizim də günahımız var”.
N.Məhərrəmli bildirib ki, xüsusən reklam çarxlarında, sağlamlıq verilişlərində bəzi ifadələrin ana dilində olmaması Şuranı ən çox narahat edən məsələdir:
“Bununla bağlı televiziya rəhbərləri ilə danışıqlar aparmışıq. Bəzi irəliləyişlər var. Telekanallarla bağlı digər məqam texnologiya ilə dilimizə daxil olan əcnəbi sözlərin istifadəsidir. Bəzi ölkələr öz siyasətlərini mədəniyyət, təhsil, elm sahəsi ilə digər dövlətlər ərazisində yeridir.
Texnoloji yeniliklərlə bağlı çoxlu xarici ifadələrin diliimizə gəlməsinin qarşısını almağa çalışmalıyıq. Bu sahədə televiziyaların fəaliyyəti qənaətbəxş deyil”.