6 Dekabr 2018 15:09
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda Paşinyan hakimiyyəti tam formalaşmayıb. Nazirlərin görüşü ilə bağlı Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada “tərəflərin bir-birinin mövqeyini daha yaxşı anlaması” ifadəsi də bu baxımdan dəyər daşıyır.

Bunu Teleqraf.com-a açıqlamasında “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri, UNEC-in müəllimi Araz Aslanlı deyib.

Onun sözlərinə görə, əks təqdirdə demək olar ki, Azərbaycan və Ermənistan bir-birinin mövqeyini uzun illərdir bilir və iki ölkənin mövqeyi bir-birinə çox aydındır:

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən sonuncu görüşdən də elə böyük vaxt keçməyib. Yəni, hazırkı situasiyada 3 saatlıq danışığın sadəcə tərəflərin mövqeyini daha yaxşı anlamaq məqsədilə keçirilməsi çox da inandırıcı görünmür. Sadəcə, Ermənistanda Paşinyan hakimiyyətinin Qarabağ probleminin həllinə dair yanaşmasında bir dəyişiklik olub-olmaması kontekstində inandırıcılığı var.

Bu da öz-özlüyündə bir qədər mübahisəli məqamdır. Çünki Paşinyan hakimiyyətə gələndən sonra da Azərbaycanla Ermənistan arasında təmas olub. Eyni zamanda Paşinyan hakimiyyətinin davam edib-etməyəcəyi dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkisi nəticəsində konkretləşəcək.

Düzdür, bu parlament seçkisində Paşinyanın öz hakimiyyətini davam etdirmə ehtimalı böyükdür. Amma hər halda bir siyasi proses var. O prosesin nəticəsi əhəmiyyətli olacaq”.

A.Aslanlı qeyd edib ki, ya bu, deyiləndən fərqli məqamların müzakirə olunduğu danışıqdır, yəni, tanışlıq xarakterli, tərəflərin mövqeyini anlaması məqsədilə keçirilən görüş deyil, ya da ictimaiyyətə açıqlanmayan hansısa məsələlər müzakirə olunur:

“Yaxud da indiyədək alışdığımız simvolik xarakterli görüşlərdən biridir. Yəni, tərəflər illərdir bir-birinin mövqeyini anlaya-anlaya davam edirlər, amma ortada nəticə yoxdur. Verilən rəsmi açıqlama mənim üçün qismən qəbulolunandır”.

Bununla belə, ekspert bildirib ki, danışıqların 3 saat çəkməsi göstərir ki, hansısa başqa məqamların müzakirə olunma ehtimalı daha yüksəkdir:

“Eyni zamanda rəsmi açıqlamada danışıqların böyük ehtimalla gələn ay davam etdiriləcəyinin qeyd edilməsi tərəflərin hansısa detalları müzakirə etmək niyyətində olduqlarını, yaxud müzakirə etdiklərini göstərir”.

Qeyd edək ki, dekabrın 5-də İatliyanın Milan şəhərində xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyanla görüşü baş tutub.

E.Məmmədyarov görüşün yekunlarını belə şərh edib:

“Üç saatadək davam edən görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb. Bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimal ilə gələn ay davam etdirilməsi razılaşdırılıb”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər