Sutkanın 24 saatı, həftənin bütün günləri, hətta bayramlarda belə iş başında olan xidmət növləri var. Onlardan biri də alkoqol qəbul eləmiş maşınlı insanların dadına yetən “Ayıq sürücü” xidmətidir.
Beləliklə, həmsöhbətimiz 2014-cü ildən bu sahədə çalışan sürücü, şirkət əməkdaşı Eldar Ağazadədir.
- Niyə ayıq sürücü olmaq istədiniz?
- Sosial problemlərim çoxdur, ikinci iş yeri axtarırdım. Axşamlar pul qazanıb ailəmin gəlirini artırmaq istəyirdim. Amma bu, asan iş deyil. İçkili insanlarla işləmək adamdan çox böyük məsuliyyət və bacarıq tələb edir.
- Kimsə ayıq sürücü olmaq istəyirsə, ondan nə tələb olunur?
- Bu iş xüsusi məharət, operativlik, insanlarla psixoloji cəhətdən düzgün davranış istəyir. İçki elə bir şeydir ki, hər insan eyni reaksiyanı vermir. Bəziləri aqressiv olur, dava salır, kədərlənir və müxtəlif reaksiyalar verir.
Hər cür hadisə ilə üzləşdiyimiz üçün gərək belə insanlarla danışmağı bacarasan, üstəlik maşını idarə edərək xidməti yerinə yetirəsən. Bu da balaca məsələ deyil.
- Ünvanı səhv deyənlər olurmu?..
- Çox tez-tez olur... Müştəri elə sərxoş olub ki, gedəcəyi, yaxud olduğu yeri səhv salıb. Əgər müştəri sənin şəxsiyyətini alçaltmırsa, onun arzu və istəkləri ilə oynamaq ayıb deyil. Bu da gərək əlindən gələ... Nə deyir, eləməlisən. Bu, kiməsə ağır görünə bilər. Halbuki o, sərxoşdur, ayılanda yadına heç nə düşmür. Bunun da öz fəsadları olur.
Misal üçün deyir, sür Abşerona, Sumqayıt istiqamətinə, gedib ora çatanda ayılır, qayıdır ki, məni bura niyə gətirmisən, mən əslində Bakıxanov qəsəbəsinə gedirdim.
- Sonra ünvana çatdırırsınız?
- Doğru ünvana çatdırana qədər istədiyi yerə aparırıq.
- Ayıq sürücü olmaq üçün yəqin əsəblərin də möhkəm olmalıdır...
- Təbii... Sakitliyini qorumalısan, mülayim davranmalısan. Təhqiramiz söz demirsə, hərəkət eləmirsə, ünvana çatana kimi hövsələni basırsan. Əgər elə halla qarşılaşsam, yenə heç nə eləmədən avtomobili kənara çəkib deyirəm ki, sizə xidmət göstərə bilmərəm, sağ olun, heç pulunuz da lazım deyil.
İçkili olduğuna görə ona başqa təzyiq göstərə bilmərik, bu bizim qaydalara ziddir.
- Ayıq sürücü olmaq üçün bütün nəqliyyat növlərini idarə etməyi bilməlisən, yoxsa konkret sürücülük kateqoriyası tələb olunmur?
- Mən minik avtomobili sürücüsüyəm. Sürücülük kateqoriyam buna uyğundur. Böyük maşınlar üçün bizdə başqa sürücülər də var. “Kamaz”lara, ağır yük avtomobillərinə onları yönləndirirlər.
- İş saatı nə zaman başlayır?
- İş vaxtı sərbəstdir, konkret saat yoxdur. Əsasən axşam saat 8-dən başlayır, saat 12-yə, 1-ə, bəzən daha gec zamana kimi davam edir.
- Ayıq sürücü ilə bağlı bir hadisə səs-küyə səbəb olmuşdu. Müştəri ayıq sürücüdən qəbz tələb edəndə verməmişdi. Belə hallarla rastlaşmısınızmı?
- Müştəri təsadüfi hallarda qəbz istəyir. Təbii ki, bizim müəssisə vergi ödəyicidir, dövlətin tələblərinə uyğun lisenziyası var. Lazım gəlsə, tələb edilsə, qəbz də veririk.
- Xidmət zamanı maşına cavabdeh kimdir?
- Biz avtomobili idarə edən şəxsdən soruşuruq ki, maşın öz adınızadır, ya yox? Onun adınadırsa, bunu müəyyən edəndən sonra, bizim sürücülük vəsiqəmizlə qanun imkan verir ki, avtomobili idarə edək.
Amma avtomobil çağırış edən adamın adına deyilsə, etibarnaməsi varsa, onu idarə edirik. Yox, maşının ona aidiyyəti yoxdursa, biz o avtomobili sürmürük.
- Sizi ittiham eləmək üçün demirəm, bəzən möhkəm içkili olan sürücüdən oğurluq edənlər də olur. Elə halla rastlaşmısınızmı ki, sizi oğurluqla günahlandırsınlar?
- Belə vəziyyətlə qarşılaşmamışam. Bədən dili deyilən bir şey var. Xidmət zamanı müştəri sizi, siz də onu görürsünüz. Mən öz məsuliyyətimi xidmət göstərdiyim şəxsə yol boyu istər maşını idarə etməyimlə, istər davranışımla, istərsə də təlim-tərbiyə və mədəniyyətimlə hiss elətdirirəm. Bu səbəbdən məndən heç kəs şübhələnə bilməz.
- Siz təcrübəlisiniz, praktikanız var, ola bilər, gənc sürücülər belə hallarla rastlaşır...
- Əgər bu mövzunu işıqlandırmaq istəyirsinizsə, sizə onu deyim ki, hazırda Bakı şəhərində çoxlu “Ayıq sürücü” xidmətləri var. Müştəri olsaydım, mən də axtarıb ən yaxşısını seçərdim. Mən işlədiyim yeri və mövqeyimi yaxşı qiymətləndirirəm . Xidməti hamıdan fərqli aparıram.
Bəzi insanlar var, sürücülük vəsiqəsi əldə edəndən sonra, maşın sürmək həvəsi ilə fikirləşir ki, artıq başqalarına xidmət də göstərə bilərəm. Eləsi də olur, maşın sürmək həvəsini bu xidmət vasitəsi ilə öldürmək istəyir. İnsanlar müxtəlifdir. Xidmət şirkətləri buna diqqət yetirməlidir.
- Deyirsiniz ki, xidməti fərqli aparıram. Fərqlilik deyəndə nəyi nəzərdə tutursunuz?
- Artıq 19 ildir maşın sürmək hüququm var, mən xarici ölkələrdə də maşın sürmüşəm. İkincisi, xarici görünüşüm imkan verir ki, müştəri mənə etibar eləsin, axı, onun qarşısında uşaq sürücü yox, formalaşmış, yetkinlik çağını keçmiş adam dayanıb.
Üst-başın səliqəli, saçın düzgün qırxılmalı, üzün təmiz olmalıdır. Bütün bunların özü də müştəridə bir simpatiya yaradır.
- Ünvanına çatdırdığınız içkili qadınlar olubmu?
- Bəli, çox olub.
- Təbii ki, qadınlarla kişilər eyni deyil, ona görə də qadınlara davranış da fərqli olur...
- Xidmət zamanı irqindən, milli və digər mənsubiyyətindən asılı olmayaraq heç kəslə ləhcədə danışmamalıyıq. Hansısa rayondan, şəhərdən ola bilərsən, hər bölgənin, hər insanın özünə görə xasiyyəti və davranış qaydaları var. İstər restoranda ofisiant işlə, istər aeroportda işçi ol, elə xidmətlər var, ləhcə ilə danışmaq olmaz.
Eləcə də bizim qarşımızda kişi və ya qadın ola bilər, fərq eləməməlidir. Amma təbii ki, qadınlarla daha nəzakətli olursan. Xanıma ehtiram olaraq maşına əyləşəndə onun üçün qapını da açırsan. Bu, xanımdır, zərif cinsin nümayəndəsidir deyə önəm verirsən, yol boyu mədəniyyətli davranırsan ki, xidmət daha uğurlu alınsın.
- Xarici vətəndaşlar da xidmətinizdən istifadə edibmi?
- Bəli, əcnəbi müştərim də olub. Ya şəhərimizə qonaq gəliblər, ya da ölkədə fəaliyyət göstərən hansısa idarə və təşkilatda çalışıblar. Bizim borcumuz onlara daha yaxşı xidmət edib, qulluq göstərməkdir. Bu, həm vətəndaşlıq mövqeyimizdir, həm də yaxşı xidmətlə ölkə haqqında müsbət fikir formalaşdırmaq lazımdır.
- Başınıza gələn maraqlı bir hadisəni bizimlə bölüşə bilərsinizmi?
- Danışım... Bizdə iş qaydası belədir ki, hər hansı konkret məntəqədə dayanmırıq. Amma deyək ki, mən 20 Yanvar dairəsində yaşayıram, evdə, yaxud kafedə ola bilərəm, bu zaman ofisə məlumat verirəm ki, mən işə hazıram, məni qeydə alın. Müştəri birinci xidməti nömrələrlə əlaqə saxlayır, sonra operator bizə yönləndirir. Mesaj gəlir ki, 20 Yanvarda hansısa restoranda müştəri var, nömrəsini atır və yerini göstərir.
Biz zəng edib, servisdən olduğumuzu deyəndən sonra təxminən yaxınlaşacağımız vaxtı bildiririk.
Bizim bir yoldaşımıza belə zəng edilib, ona Dədə Qorqud parkına getmək tapşırılıb. O, zəng edəndə müştəri bildirib ki, zooparka yaxınlaş. Sürücü orda hansı tərəfə yaxınlaşacağını soruşanda, müştəri belə cavab verib: “Gir zooparka, pələngin qəfəsinin yanında gözlə, indi qəfəsdən çıxıram”.
İçkili insanlarla işlədiyimiz üçün belə maraqlı, gülməli hadisələr də başımıza gəlir.
- “Ayıq sürücü” xidmətinin yaranması sizcə, effekt verirmi?
- Əvvəla, onu deyim ki, bu, məşğulluğa kömək edir. “Ayıq sürücü” o deməkdir ki, bu, kiminsə birinci, kiminsə ikinci iş yeridir. Burda varlanmaq mümkün deyil, ancaq müəyyən qazanc əldə edə bilərsən.
İkincisi, bu bir xidmət sahəsidir. Kimsə içmək istəyir, yaxud içib yola maşınla çıxmağı arzulamır, ona xidmət göstəririk. O da nə öz həyatını, nə də başqasını təhlükə altına qoyur.
- Dediniz ki, bu iş varlanmaq üçün deyil, nə qədər gəliriniz olur?
- Ayıq sürücünün 5-10 manat miqdarında xidmət haqqı var. Şirkətin işçisi olduğun üçün həmin məbləğdən sənə müəyyən miqdar çatır ki, 4-5 saat ərzində 2-3 iş görməklə 10-15 manat qazancın ola bilər. Bu da ortalama hesabla aylıq 350-400 manat pul edir. Ayıq sürücü işləyənlərin çoxu ehtiyacı olan insanlardır.