13 Dekabr 2018 17:13
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergi Məcəlləsinə edilən dəyişikliklərdə əmək müqaviləsi bağlamadan işçilərin işə cəlb edilməsinə görə maliyyə sanksiyalarının tətbiqi qaydası və məbləğinin dəyişməsi təklif olunur.

Teleqraf.com xəbər verir ki bunu iqtisadçı Qalib Toğrul deyib.

O bildirib ki, hazırda Əmək Məcəlləsinin tələblərini pozan işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir: “1 yanvar 2019-cu ildən sanksiyalar sərtləşdirlib. Nəzərdə tutulur ki, əmək müqaviləsi bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilsin.

Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərin əsas məqsədlərindən biri qeyri-rəsmi məşğulluğun azaldılması olduğundan bu istiqamətdə təşviq tədbirləri ilə yanaşı (özəl sektora münasibətdə muzdlu işlə bağlı ödəmə mənbəyində vergi güzəşti, sosial sığorta ayırmalarının işçi ilə işəgötürən arasında paylanması yolu ilə ikincinin sosial yükünün azaldılması və sair), sanksiyaların sərtləşdirilməsi başadüşüləndir.

Hazırda Əmək Məcəlləsinin əmək müqaviləsinin bağlanılması ilə bağlı tələblərinin icrasına nəzarəti həyata keçirən 3 qurum var:

Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) və Dövlət Sosial Müdafiə Fondu (DSMF).

DƏMX reydlər və yoxlamalar əsnasında əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı aşkar etdikdə, fiziki şəxslərə min manatdan 2 min manatadək məbləğdə, vəzifəli şəxslərə 3 min manatdan 5 min manatadək məbləğdə, hüquqi şəxslərə isə 20 min manatdan 25 min manatadək məbləğdə cərimə kəsir.

Burda yanaşma fərqlidir, hər bir müqaviləsiz işlədilən işçiyə görə deyil, ümumilikdə qanun pozuntusuna münasibətdə maliyyə sanksiyası tətbiq edilir və cərimələr çox yüksəkdir”.

İqtisadçı deyib ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) isə hazırda hər əmək müqaviləsiz işlədilən işçiyə görə sığorta edənin fəaliyyət dövrünün hər ayı üçün əlli beş manat miqdarında maliyyə sanksiyası tətbiq edir: “1 yanvar 2019-cu il tarixindən DSMF-nin müqaviləsiz işçi işlətməyə görə maliyyə sanksiyası tətbiq etmək səlahiyyəti olmayacaq.

Vergi Məcəlləsində əmək müqaviləsi ilə bağlı sanksiyaların sərtləşdirilməsinə bir də bu aspektdən, yəni, iki qurumun tətbiq etdiyi cərimələrin birləşdirilməsi, daha doğru ifadə etsək, paralelliyin aradan qaldırılması kimi yanaşmaq lazımdır.

Əslində, “Sosial sığorta haqqında” qanunun 21-ci maddəsinin ləğvi, bugünədək tətbiqilə bağlı böyük çətinliklər müşahidə edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 4-cü maddəsinin 2.6-cı bəndinin (Eyni yoxlama predmetinin bir neçə yoxlayıcı orqan tərəfindən yoxlanılmaması) və 6-cı maddəsinin 1-ci bəndinin (Yoxlayıcı orqanların səlahiyyətlərinin təkrarlanmasına yol verilmir) tələblərinin yerinə yetrilməsidir.

Ümid edək ki, yoxlayıcı orqanların və onların nəzarət sahələrinin siyahısı da tezliklə təsdiq olunar və bu vəsilə ilə hazırkı qeyri-müəyyənlik aradan qalxar.

Əmək müqaviləsi bağlanılmadan işçinin işlədilməsi cinayət məsuliyyəti də doğurur. Cinayət Məcəlləsinə görə, işəgötürən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin (10 nəfər və ondan çox) işlədilməsinə görə 7 min manatdan 10 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər təkrar törədildikdə isə işəgötürən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Düzdür, qanunu pozmuş işəgötürən Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir, ancaq bu haqq ona bir dəfə tanınır, eyni əməl təkrar törədildikdə, işəgötürən heç bir halda cinayət məsuliyyətindən azad edilmir.


Müəllif: Aytən