Dekabrın 14-də Rusiya Federasiyasının Dərbənd şəhərində Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş keçirilib.
Azərbaycan nümayəndə heyətinə Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov, Rusiya nümayəndə heyətinə Federal Gömrük Xidmətinin Dağıstan Gömrük İdarəsi rəisinin səlahiyyətlərini icra edən Hacıramazan İslamov rəhbərlik edib.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Teleqraf.com daxil olan məlumata görə, görüşdə iki ölkənin dövlət sərhədindən keçən nəqliyyat vasitələrinin və şəxslərin sərhədkeçmə prosesinin tənzimlənməsinə, qarşılıqlı əlaqələrə dair məsələlər müzakirə olunub.
Bundan başqa, görüşdə sərhəddən keçən şəxslər, nəqliyyat vasitələri, mallar və yüklərə dair qarşılıqlı məlumat mübadiləsinin həyata keçirilməsinin vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, mövsümə uyğun olaraq kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələrinin sürətli keçidinin təmin olunması və digər məsələlər müzakirə edilib.
Sonda tərəflər arasında işçi görüşün protokolu imzalanıb.