28 Dekabr 2018 11:30
1 930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda məhbusların nəzarət altından qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın 5 il azadlıqdan məhrum edilib. Kriminal aləmdə nüfuza malik olan “Qoca” ləqəbli Etibar Məmmədovla sevgi münasibətləri yaşayan və onun həbsdən qaçmasına yardım göstərən Fədayə Laçının bu hərəkəti birmənalı qarşılanmır.

Bu məsələ mediada bəzilərinin nəzərində sevgi fədakarlığı kimi dəyərləndirildiyindən Teleqraf.com bununla bağlı sorğu keçirib.

“Fədayə Laçına içim ağrıdı”

Jurnalist Jalə Mütəllimovanın sözlərinə görə, təkcə Azərbaycanda yox, dünyada həbsxanaya düşmüş qadının dalınca nadir hallarda kişilər gedir:

“Amma qadınlar məhbəsdə olan kişini tək qoymur, hər görüş günü sovqat aparar. Mənim baxış bucağıma görə, sevdiyinə sədaqət baxımından qadın kişidən daha möhtəşəmdir. Bu mənada Fədayə Laçına içim ağrıdı, o, nəticənin nə ola biləcəyini bilə-bilə sevdiyi kişinin dalınca getmişdi. Romantik-sentimental yanaşsaq, nəticə budur. Təəssüf, Fədayənin sevdiyi normal kişi deyildi”.

Özünə gəlincə, jurnalist bildirib ki, sevdiyi kişi ailəsinin başında olan adamdır: “Biz 2 il tanış olub bir-birimizi sevmişik. Ailələrimiz tamam fərqli dünyagörüşlü adamlar olub. Amma onlara deyə bilmişik ki, sizsiz də toy etməyi bacararıq, ancaq sizinlə etmək istəyirik. Çünki ikimiz də işləyirdik, bəlli çevrəmiz vardı. Yoldaşım idman sferasının adamıydı, mənim imzam mediada az-çox tanınırdı.

Bu il ailə qurmağımızın 15 ili tamam oldu, bu müddət ərzində həyat yoldaşıma günah və səhv olaraq nə qədər şey bağışlamışam. Onunku qədər olmasa da, o da mənə xeyli şeyi bağışlayıb. Başqa formada ailə və sevgili olmaq mümkün deyil. Sevgi qarşılıqlı anlaşma deməkdir, sən ona güzəştə gedirsən, o da sənə.

İnsan doğulandan ölümə qədər fədakardır. Fədakarlıq da yaşamaq uğrunda mübarizənin bir variantıdır”.

“Canımdan belə keçə bilərəm”

Müğənni Günel Əkbərova Fədayə Laçının həbsinə görə mütəəssir olduğunu söyləyib: “Allah qapısını açsın, doğrudan da gözəl sənətkarımızdır. Amma bu hadisə barədə məlumatlı deyiləm. Kənardan hər şey asan görünə bilər, nələr yaşandığı heç kəs bilə bilməz”.

İfaçı hesab edir ki, insan dəyərə layiqdirsə, onun üçün fədakarlıq etmək olar: “Bənzər fədakarlıq edib-etməyəcəyim barədə bir söz deyə bilmərəm. Çünki o anı yaşamamışam, necə olub belə vəziyyət alınıb, deyə bilmərəm.

Sevilən şəxs deyəndə həyat yoldaşı, valideyn, övlad, sevgili də nəzərdə tutula bilər. Ceyran göldə balasına hücum çəkən timsah görəndə özünü tez onun qarşısına atır.

İnsan elə situasiyaya düşə bilər ki, öz əzizinə görə heç nəyi nəzərə almaz, canından belə keçə bilər”.

“Övladıma fədakarlıq edərəm, başqasına əsla...”

Vəkil İradə Cavadovanın fikrincə, bu məsələdə nəyisə mübahisələndirmək çətindir: “Çünki sevgidən, isti münasibətlərdən söhbət gedir. Belə başa düşdüm ki, onların arasında böyük məhəbbət olub. Ümumiyyətlə, Azərbaycan qadınları fədakardır. Fədayə Laçın hüquqşünas deyil, ola bilsin, başa düşməyib ki, nəyisə səhv edir. Bəlkə sevdiyi insanın qarşısında acizmiş və ona kömək göstərmək istəyirmiş. Yaxud elə düşünüb ki, kömək etdiyi şəxsin günahı yoxdur. Biz incə məqamları bilmirik”.

İradə Cavadova vurğulayıb ki, əfsus, qanunvericilikdə fədakarlıqla bağlı müddəa yoxdur:

“Qabaqlar Rusiya qanunvericiliyində belə məqamlara diqqət yetirilirdi. İllər boyu təzyiq görən, aşağılayıcı ifadələrlə təhqir edilib qorxu içində saxlanılan qadın həyat yoldaşını öldürsə də, ona 7 il şərti cəza verilmişdi. Çünki sübuta yetirilmişdi ki, kişi ona uzun illər işgəncə verib və son nəticədə qadın məcbur qalıb.

Bizim qanunvericilikdə belə məqamlara diqqət verilmir. Demirəm, Fədayə Laçın məcburiyyət qarşısında qalmışdı, amma burada başqa bir fədakarlıq var. İstədiyi insana yardım göstərmək istəyib.

Fədayə Laçın Etibar Məmmədovun qanuni həyat yoldaşı olsaydı, bəlkə də buna görə məsuliyyət daşımazdı. Qeyri-rəsmi münasibətdə olduğu üçün yad bir insanın köməyi kimi qələmə verilib. Ona dəmiryolçuların vaqonlarda istifadə etdiyi açarı verən şəxs bu addımı atmamlıydı, bu xanıma bu hadisənin ona necə təsir göstərəcəyini, yaxud sevdiyi şəxs qaçarsa, bunun fəsadlarının nə ola biləyini izah etməli idi. Hesab edirəm ki, həmin şəxs daha çox günahkardır”.

“Oxşar fədakarlıq edə bilərsinizmi” sualını vəkil belə cavablandırıb:

“İnsan eyni situasiyaya düşmədən dəqiq bir şey deyə bilməz. Fədakarlıq yəqin daha çox sevdiyim insana bağlıdır. Azərbaycan qadınları daha çox övladlarına bağlıdır.

Övladım üçün fədakarlıq edib-etməyəcəyimi soruşsaydınız, “hə” cavabı verərdim, anam və övladım üçün edərəm, başqa şəxs üçün fədakarlıq edəcəyimi deməkdə çətinlik çəkirəm.

Amma istənilən fədakarlıq qanun çərçivəsində olmalıdır, qanunsuz hərəkətə yol vermərəm. Bəlkə də bu, mənim hüquqşünas olmağımla bağlıdır, məsuliyyətin nə demək olduğunu başa düşürəm”.

“Fədayə Laçına qarşı yumşaldıcı münasibət göstərilməlidir”

Hüquq müdafiəçisi Səidə Qocamanlı hesab edir ki, Fədayə Laçının ana, qadın, çox dəyərli sənətçi olduğu nəzərə alınmalı və apelyasiya məhkəməsində ona qarşı yumşaldıcı münasibət göstərilməlidir:

“Hər bir azərbaycanlı qadın sevdiyi şəxs üçün fədakar olur. Mən də olsam, bəlkə Fədayə Laçının atdığı addım kimi fədakarlıq edərdim. Buna görə onu qınamaq olmaz.

Ümid edirəm ki, müğənninin apelyasiya şikayətinə baxılarkən onun vəziyyəti, ailəsinin onun himayəsində olduğu, övladının təhsilinin yarımçıq qaldığı nəzərə alınacaq”.


Müəllif: Nərgiz Cavadzadə

Oxşar xəbərlər