28 Dekabr 2018 20:23
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 28-də Səhiyyə Nazirliyində geniş tərkibli kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iclasda Səhiyyə Nazirliyi tərəfindən 2018-ci il ərzində görülmüş işlər barədə məruzələr dinlənilib.

Səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən iclasda tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov çıxış edərək deyib ki, Prezident İlham Əliyevin sosialyönümlü siyasətinin nəticəsi olaraq Azərbaycanda çoxsaylı səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və müasir avadanlıqla təchiz edilməsi bu il də həyata keçirilib. 2018-ci ildə Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Respublika Narkoloji Mərkəzi, Naftalan, Quba rayon mərkəzi xəstəxanaları əsaslı təmir-tikinti işlərindən sonra ən müasir tibbi avadanlıqla təchiz edilərək əhalinin istifadəsinə verilib.

Buzovnada yerləşən Tibbi Reabilitasiya Mərkəzi, Qobustan, Qazax, Şəmkir, Goranboy rayon mərkəzi xəstəxanalarında təmir-tikinti işləri başa çatıb və gələn ilin ilk aylarında açılışa hazırlanır. Maddi-texniki bazanın inkişaf etdirilməsi ilə yanaşı, tibb müəssisələrinin yüksəkixtisaslı kadrlarla təminatı sahəsində nazirlik tərəfindən müstəsna əhəmiyyətli tədbirlər həyata keçirilib.

Qeyd edilib ki, il ərzində 18 yaşdan yuxarı əhalinin 77,4 faizi tibbi müayinələrdən keçirilib. Əhaliyə göstərilən tibbi xidmətin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş dövlət proqramlarının xüsusi rolu olub. 2018-ci ildə uşaqların 90 faizdən çoxu müayinələrə cəlb olunub. Tibbi müayinədən keçirilən uşaqların 5,5 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 1,2 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunub.

Ümumilikdə 2018-ci il ərzində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinə 49 milyondan çox müraciət olub, 727 min xəstə stasionar müalicə kursu keçib. Cari ildə 9 minə yaxın insan reabilitasiya və sanator xidmətlərindən istifadə edib.

2018-ci ildə dövlət hesabına 998 nəfərə kardiocərrahiyyə əməliyyatı icra olunub.
“Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində mütəmadi olaraq ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası ilbəil gücləndirilir, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılır. Respublikamızda həyata keçirilən bu tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə edilib.

Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. 2010-cu ildə 19,5 ton qan tədarük edilmişdisə, 2018-cı ildə bu rəqəm 38 tona yaxın olub. Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısının alınması istiqamətində konkret addımlar atılır. İl ərzində 126 mindən çox insanın qan nümunəsi müayinə olunub. Hazırda 1100-dən çox xəstənin dövlət hesabına innovasion preparatlarla təminatı həyata keçirilir. Beləliklə, əvvəllər mütləq ölümlə nəticələnən bu xəstəlikdən əziyyət çəkənlərin həyat keyfiyyəti yaxşılaşıb və bəzi hallarda sağalması mümkün olub.

Son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi artıq öz həllini tapıb. Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 44 mərkəzdə 3600-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunurlar. İndi Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 900-dən çox insan var və dövlət onların dərman təminatını öz üzərinə götürüb.
“Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” çərçivəsində 800-ə yaxın xəstənin dövlət tibb müəssisələrində müayinə və müalicəsi aparılır. Aparılan məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan hazırda immun çatışmazlığı virusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır. Səhiyyə Nazirliyi digər dövlət qurumlarının icra etdiyi bəzi dövlət proqramlarının icrasında da iştirak edir.

Qeyd edilib ki, indiyədək Səhiyyə Nazirliyi tərəfindən informasiya sistemlərinin tətbiqi sahəsində 40 elektron xidmət istifadəyə verilib. Mühüm məqamlardan biri də odur ki, bu vahid sistemin digər qurumların informasiya sistemlərinə və “Elektron hökumət” portalına inteqrasiyası da təmin edilib.
Hesabat ilində Səhiyyə Nazirliyinə müxtəlif məzmunlu 75 minə yaxın müraciət daxil olub. İnsanlardan birbaşa Səhiyyə Nazirliyinə daxil olmuş müraciətlərin əksər hissəsi yerindəcə öz həllini tapıb.
Sonra kollegiya iclasında K.Y.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev, Respublika Endokrinoloji Mərkəzinin direktoru Yusif İsmizadə, Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Calalov və Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Gülnarə Musabəyova çıxış ediblər.

Sonra Oqtay Şirəliyev çıxış edərək Prezident İlham Əliyevin səhiyyə və tibb sahəsinə böyük diqqət və qayğısından danışıb. Nazir səhiyyənin prioritet istiqamətlərinə dair təsdiqlənmiş Dövlət proqramlarının uğurla tətbiqini, bu proqramların insanların həyatındakı xüsusi əhəmiyyətini vurğulayıb. Bildirilib ki, ana və uşaqların sağlamlığının qorunması məqsədilə qəbul edilmiş “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində mütəmadi olaraq ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası gücləndirilib, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb. Hazırkı rəqəmlər, statistik göstərişlər səhiyyə sahəsinin istənilən bölməsində xeyli irəliləyişlərin əldə olunduğunu sübut edir. Uşaqların sağlamlığı ilə əlaqədar çox mühüm işlər görülür. Bunlardan biri uşaqların icbari dispanzerizasıyasıdır. Bu tədbir sayəsində azyaşlıların ölüm göstəriciləri dəfələrlə aşağı yenib. Dispanzerizasiya imkan verir ki, gələcək üçün yeni sağlam nəsil yetişsin. Lakin əldə olunan nailiyyətlərlə yanaşı, problemlər də mövcuddur. Bu gün bütün diqqət bu problemlərin həllinə səfərbər olmalıdır.

Sonda nazir İcbari Tibbi Sığortaya Keçidlə əlaqədar bütün hazırlıqların yekun mərhələdə olduğunu, Prezident İlham Əliyevin verdiyi tapşırıqlara əsasən 2019-cu ildə bütün lazımi tədbirlərin yerinə yetirilməsində səylə çalışılacağını vurğulayıb.
Kollegiya iclasının yekununda Səhiyyə naziri Oqtay Şirəliyevin əmrinə əsasən səhiyyə və tibb elmi sahəsində xüsusi xidmətlərinə görə fərqlənmiş bir sıra tibb işçisinə “Səhiyyə əlaçısı” döş nişanı və fəxri diplomlar təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər