Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Yazıçılar Birliyinin katibi, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcidi 50 illik yubileyi münasibətilə təbrik edib.
Teleqraf.com modern.az-a istinadən bildirir ki, əbrik məktubunda deyilir.
“Hörmətli Rəşad muəllim!
Bu gün Siz yüksək şüur, vətəndaş fəallığı və ləyaqətlə yaşanmış ömrün əllinci pilləsinə qədəm qoyursunuz. Əlli yaş gəncliyin müdriklik zirvəsidir, o ucalığa baxarkən Azərbaycan xalqının istəkli övladı Rəşad Məcidin parlaq şəxsiyyətinin və yaradıcılığının işığını və istisini görməmək, duymamaq mümkün deyil. Sizin ilk gənclik illərindən qələmə aldığınız yurda, insana, təbiətə heyranlıq ifadə edən bənzərsz şeirləriniz qədim tarixə malik milli poeziyamızın yeni nəfəsli örnəkləri sırasındadır. Sayca az, amma peşəkarlıq baxımından müasir Azərbaycan nəsrinin ən maraqlı əsərləri olaraq dəyərləndirilən hekayələriniz vətənimizdə və onun hüdudlarından kənarda sevilə-sevilə oxunmaqdadır.
Hörmətli Rəşad muəllim!
Siz gözəl şair və yazıçı olmaqla bərabər, yeni dövr jurnalistikamızın təzələnməsi və inkişaf etməsi üçün əhəmiyyətli işlər görmüsüz. Yaratdığınız «525-ci qəzet»in fəaliyyətini milli mətbuatımızın xüsusi mərhələsi adlandırmaq olar.
Sizin aydın, cəsarətli və doğru vətəndaş mövqeyiniz cəmiyyətimizin inkişafına ciddi təsir göstərir. Siz ədəbiyyatın, mətbuatın, ictimai düşüncənin yüksəlişi, xüsusilə yaradıcı gənclərin meydana çıxıb püxtələşməsi üçün əlinizdən gələni əsirgəmirsiz.
Mədəniyyət və Turizm Nazirliyi ilə sıx əlaqələrinizi, Azərbaycan Yazıçılar Birliyinin katibi və bir qələm sahibi olaraq keçirilən tədbirlərdə yaxından iştirakınızı yüksək dəyərləndiririk. Ömrünüzün ən qaynar bir mərhələsinə qədəm qoyduğunuz bir vaxtda inanırıq ki, Siz istedadınızdan, təşkilatçılıq qabiliyətinizdən və təcrübənizdən istifadə edərək zəngin mədəniyyətimizin təbliğ olunması və müasir qloaballaşma dövründə gənc yazarların ideya və mənəvi cəhətdən milli ruhda formalaşması üçün bundan sonra da var qüvvənizi sərf edəcəksiniz. Bir daha Sizi ölkənin mədəniyyət və turizm ictimaiyyəti və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Sizə can sağlığı, xoşbəxtlik və yeni yaradıcılıq uğurları arzulayıram. Əlli yaşınız mübarək!
Hörmətlə, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev