M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan və 92 km uzunluğunda olan yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75 metr, ayırıcı zolağın eni 5 metr olmaqla yol yatağının eni 27.5 metr təşkil edəcək.
Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayrıcı zolaqda beton çəpərlərin, beton bardyurların quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 m olmaqla) nəzərdə tutulur.
Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Əsas qəsəbə və rayon mərkəzlərindən isə magistrala giriş-çıxış yolları çəkiləcək. Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, yeni yolun sözügedən hissəsi boyunca 2 yol qovşağı, 1 yol ötürücü, 1 kanal körpüsü, 4 düzbucaqlı yeraltı avtomobil keçidi, 33 müxtəlif ölçülərdə düzbucaqlı və dairəvi beton boruların tikintisi, meliorasiya xətləri ilə kəsişmələrdə müvafiq tədbirlərin görülməsi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi, yolun ayırıcı zolağında ümumilikdə cəmi 31 000 paqon-metr beton baryerlərin tikilməsi nəzərdə tutulub.
Yeni inşa edilən yol 92 km sonra hazırda I texniki dərəcəyə uyğun inşası aparılan və Dəvəçi rayonun Qəndob yaşayış massivindən Rusiya sərhədinədək uzanan 60 km uzunluğa malik yola birləşəcək. Bununla da H.Z.Tağıyev qəsəbəsindən başlayaraq Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər uzanacaq yeni avtomobil yolunun uzunluğu 152 km təşkil edəcək.
Bundan başqa layihə çərçivəsində nəzərdə tutulan 24 körpüdən 6-da işlər tamamlanıb, 4 körpüdə tamamlanma işləri və 7-də isə geoloji qazınti işləri, svay vurma işləri və s. tikinti işləri qismən görülüb.