“Dünən baş verən zəlzələdən sonra təkrar zəlzələlər qeydə alına bilər. Lakin 6 bal gücündə zəlzələnin təkrarlanması gözlənilmir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli ötən gecə baş vermiş zəlzələ barədə məlumat verərkən deyib.
Q.Yetirmişli bildirib ki, dünənki zəlzələdən sonra 130-dan çox afterşok qeydə alınıb, onların bir neçəsinin maqnitudası 3 və bir az çox olub:
“Zəlzələ qeydə alınan ərazi ən aktiv seysmogen zonadır. Həmin ərazidə həm çoxlu təkanlar baş verir, həm də ayrılan enerji daha çox olur. Çünki İsmayıllı, Şamaxıda dağəmələgəlmə prosesi hələ də aktiv mərhələsindədir. Proses hələ davam edir. İki zəlzələdən sonra hiss olunmayan afterşoklar prosesin davam etdiyini göstərir. Bu, o deməkdir ki, enerji parçalanması gedir, gərginlik azalır.
Hiss olunan zəlzələ təkrar ola bilər. Lakin 6 baldan yüksək zəlzələnin olacağı gözlənilmir”.