8 Fevral 2019 17:21
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabitliyin qorunub-saxlanmasında ən mühüm vəzifə polis orqanlarının üzərinə düşür. Hüquq-mühafizə orqanlarının hamısının bu fəaliyyətdə xüsusi payı var, amma polis daha çox zəhmət çəkir. Bu baxımdan arzu etməzdim ki, şou proqramlarda və ya kliplərdə hər hansı bir formada polisin imicinə xələl gətirə biləcək addımlar atılsın.

Bu sözləri Teleqraf.com-a Milli Məclisin deputatı Çingiz Qənizadə açıq-saçıq kadrlardan istifadə olunan “No panic” erotik klipində yarıçılpaq bir xanımın Azərbaycan polisinin uniformasını kobud şəkildə pozmasına münasibət bildirərkən deyib.

Deputatın fikrincə, bu, düşünülməmiş addım olsa da, nəticə etibarilə polis orqanlarına, onun xüsusi formasına, polisin adına hansısa formada xələl gətirirsə, qınanılmalıdır:

“Gülüş ustalarının ərsəyə gətirdiyi “Şəmi və Şoşu” layihəsi hətta polisin dəstəyi ilə çəkilsə də, orada polisin fəaliyyətinə, onun peşəkarlığına kölgə salan məqamlar var. Bunu da pisləyirəm. Belə hala yol vermək olmaz.

İndi də klipdə çəkilən xanım polis formasını geyinib vücudunun başqa hissəsini açıq qoymaqla həm özünə, həm də geyindiyi rəsmi polis formasına xələl gətirir.

Bu cür çəkilişlərin Yutubda yayılması yolverilməzdir. Bunu qətiyyətlə pisləyirəm. Azərbaycanda ailəmizlə küçədə, parklarda rahat, tam təhlükəsiz şəraitdə gəziriksə, buna görə hüquq-mühafizə orqanlarına təşəkkür etməliyik, nəinki onların imicinə xələl gətirən hərəkətlərə yol verməliyik”.

Qeyd edək ki, Naz Milanın sözü və musiqisi Ceyhuna məxsus “No panic” klipindəki görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Azərbaycan polisinin mundirinin nüfuzdan düşməsinə sərt reaksiya verən istifadəçilər uniformanın hər iki qolunda polisinin tanıtım emblemi - şevronun nümayişkəranə əks etdirilməsini asayiş keşikçilərinə qarşı hörmətsizlik kimi qiymətləndirib.


Müəllif: Leyla

Oxşar xəbərlər