Xəbər verildiyi kimi, türk dünyasının tanınmış sənətçisi Arif Şahin (Ozan Arif) bu gün saat 04:50-də 69 yaşında vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ulu ozanın oğlu Mehmet Alp Şirin Ozan Arifin “Feysbuk” səhifəsində yazıb.
Qeyd edək ki, O.Arif 10 iyun 1949-cu ildə Giresun vilayətinin Alucra rayonunun Hapu kəndində doğulub. 1980-ci ildə 12 sentyabr hərbi çevrilişindən sonra Almaniyaya köçüb və yalnız 1990-cı ildə Türkiyəyə qayıdıb.
Uşaqlıqdan Azərbaycana məhəbbət bəsləyən şair 19 yaşında – 1969-ci ildə Azərbaycan haqqında Ordu şəhərində bunları yazıb:
“Madımak toplayıp yesem o anda,
Yola revan olsam aynı zamanda,
Bir gece misafir Azerbaycanda,
Kalmadan ölürsem ona yanarım”.
Şeirin altına isə “Turana Həsrət, Ozan Arif” imzasını qoyub.
Ozan Arif sonrakı illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzünə, Dağlıq Qarabağın və ətraf rayonların işğalına biganə qalmayıb. 1992-ci ildə Azərbaycanda dillər əzbəri olan məşhur “Ya Qarabağ, ya ölüm” şeirini yazıb.
Mərhum qırtlaq xərçəngi xəstəliyindən əziyyət çəkirdi. O, müalicə olunduğu “On Doqquz Mayıs” Universitetinin Tibb fakültəsində dünyasını dəyişib.
Ozan Arifin cənazəsi fevralın 16-da saat 10:00-da Samsundakı mənzilindən götürülərək Böyük Cameədə qılınacaq cənazə namazıdan sonra Qıranköy məzarlığında dəfn ediləcək.
Ulu ozanın əziz xatirəsinə ehtiram əlaməti olaraq onun məşhur şeirini öz ifasında təqdim edirik.