20 Fevral 2019 09:32
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qış aylarında dəm qazından zəhərlənmələrlə bağlı tez-tez məlumat yayılır. Qazdan və texniki avadanlıqlardan düzgün istifadə olunmaması insanların həyatına son qoyur.

Başqa illərlə müqayisədə bu qış dəm qazından zəhərlənmə hadisələrində nisbətən azalma müşahidə olunur. Bunun səbəbi nədir?

Teleqraf.com bu sualın cavabını tapmağa çalışıb.

“Azəriqaz” İstehsalat Birliyi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev deyib ki, Birlik aidiyyəti qurumlarla istehlakçıların təbii qazdan düzgün istifadə etməsi və təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı maarifləndirmə işi görür. Maarifləndirmə mütəxəssislərin iştirakı ilə telekanallar vasitəsilə, o cümlədən mənzillərə ilkin qazın verilməsi zamanı xüsusi bukletlərin təqdim olunması ilə aparılır: “Qazpaylayıcı ilə istehlakçılar arasında bütün münasibətlər Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə tənzimlənir. Həmin qərarın tələblərinə uyğun olaraq yeni tikilmiş binalara, o cümlədən fərdi yaşayış evlərinə qazın açılmasına icazə verilməsi üçün nəzərdə tutulan tələblərdən biri də mənzillərdə qaz detektorlarının quraşdırılmasıdır.

Mənzillərdə detektorlar quraşdırılmazsa “Azəriqaz” İstehsalat Birliyi həmin mənzillərə qaz vermir. Bu, yeni tikintilərə aiddir, daha əvvəlki dövrdə şəbəkəyə qoşulan binalarda və fərdi evlərdə detektorlar quraşdırılmasını tələb etmək “Azəriqaz” İstehsalat Birliyi səlahiyyətində deyil.

Bunu icbarı qaydada reallaşdırmaq səlahiyyətimiz olmasa da, həmin detektorlarının quraşdırılması istehlakçılara tövsiyə olunur”.

Qurum rəsmisinin sözlərinə görə, adətən, hamam otağında su qızdırıcıları quraşdırılır ki, həmin tikili bir sıra parametrlərə cavab vermir: ”Otağın həcmi 7,5 kvadrat metrdən, hündürlüyü isə 2 metr 20 sm dən az olmamalıdır, vanna otağının çölə açılması və çoxlu sayda nəfəsliyin olması, ən əsası tüstü bacası, yəni havalandırma sisteminin düzgün işləməsi vacibdir. İldə ən azı iki dəfə istehlakçı tüstü bacasını təmizləməlidir.

Bəzən fərdi yaşayış evlərində yardımçı bina tikilir və ondan hamam otağı kimi istifadə olunur. Bu zaman yalnız təbii qazdan istifadə olunan su qızdırıcısı borusunu çölə çıxartmaqla kifayətlənirlər. Küləyi istiqamətin nəzərə alaraq, ən azı qaz borusu həmin tikilinin damının səthindən 70-80 sm hündürdə olmalıdır. Bütün bu kimi texniki qaydalara riayət etmək lazımdır”.

Azad İstehlakçılar Birliyinin kommunal təsərrüfat üzrə mütəxəssisi, “Azəriqaz” İstehsalat Birliyinin sabiq idarə rəisi Nüsrət Qasımov dəm qazından zəhərlənmə ilə bağlı azalma dinamikasının müşahidə oldunğunu deyib.

Mütəxəssis bildirib ki, dəm qazından zəhərlənmə ilə bağlı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 2016-cı ildə 470 nəfər, 2017-ci ildə 250, 2018-ci ildə 158 müraciət olub: “Rəqəmlərin azalması mətbuatın, “Azəriqaz” İB-nin, FHN-nin apardığı maarifləndirmə işinin nəticəsidir. Elə olur ki, mən bir gündə 4 kanala müsahibə verirəm.

Camaatın başı şou-biznesə, seriallara qarışdı, vacib sosial məsələlər kənarda qaldı. Bir də görürsən ki, bir xanım qazanı qazın üstünə qoyur, seriala baxmağa gedir, qazan da daşıb alovu söndürür, qaz otağa dolur və partlayış əmələ gəlir. Qazı yanan vəziyyətdə uşaqların ümidinə qoyub mağazaya, şəhərə gedənlər də olur. Halbuki qazı nəzarətsiz qoymaq olmaz.

Yaxud qazı yana-yana qoyub yatırlar, külək də vurub tüstünü, yanma məhsullarının tullantılarını içəri doldurur. Bu səbəblərdən ölkədə dalbadal zəhərlənmə halları baş verir”.

Ekspert ən çox zəhərlənmə hallarının hamamxanalarda olduğunu deyib: ”Çünki qaz cihazlarını quraşdırlan zaman standartlara fikir vermirlər. Kustar, əldə qayırma soba və su qızdırıcılardan qəti şəkildə istifadə etmək olmaz. Hazırda istifadədə 7-8 min elə cihaz var.

Tüstü bacasına fikir vermək lazımdır. Baca damdan yarım metr hündür quraşdırmalı, üzərində ev şəkilli papaq olmalıdır. Belə olmayanda külək vurub çıxan dəm qazını içəri doldurur, orda yatan adam isə 7 dəqiqə - yarım saat ərzində huşunu itirir, özünü idarə edə bilmir, heç danışa da bilmir. Karbon 4 oksid (CO2) zəhərsizdir, amma karbon monooksid (CO) dəm qazıdır və zəhərlidir.

Mətbəxin həcmi 15 kub metr, hündürlüyü 2,20 sm və pəncərəli olmalıdır. Bu kimi standartlara əməl eləməyəndə dəm qazından zəhərlənmə halları olur.

Təbii qaz bizim dostumuzdur, bütün sosial problemlərimizi onunla həll edirik. Amma onun qanunlarına riayət edilməyəndə qəddar düşmənə çevrilir. Ona görə də qazın qanunlarına hörmətlə yanaşmaq lazımdır.

Hərdən mənə deyirlər ki, istehlakçıların üzərinə çox gedib onları tənqid edirsən. Mən də cavab verirəm ki, əksinə, mən onları müdafiə edirəm. Mən nizam-intizamsız, qayda-qanuna tabe olmayan insanlara qarşıyam. Çünki qaz partlayışı olanda qonum-qonşu da bundan əziyyət çəkir”.

Mütəxəssis xarici ölkələrdə mənzillərdə detektorların quraşdırıldığını deyib və bu cihaz haqqında da məlumat verib: ”Kiçik cihazdır, elektrikə qoşulur. Evdə qaz sızması olarsa, qaz molekulları gedib onun ekranına dəyən kimi səs siqnalı salmağa başlayır. Onun başqa bir detalı isə çöldə sayğacdan qabaq quraşdırılır. Ora elektromaqnit dalğaları göndərilir, klapan avtomatik olaraq qazın yolunu bağlayır.

Hazırda təzə evlərdə bu cihazlar quraşdırılır. Amma 2 milyon yarım abonentimiz var ki, onların 7-8 yüz mini kənd yerlərində, köhnə tikililərdə yaşayır. Fikrimcə, detektorların quraşdırılması məcburi olmalıdır. Baha da deyil, 35-40 manat qiyməti var”.

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib ki, dəm qazından zəhərləmədə ötən ildən azalma müşahidə olunub. Bu il də dəm qazından zəhərlənmə halları çox deyil, amma müraciətlər var: “Yanvarda 28, fevralın yarısına qədər isə 19 müraciət olub. Bu, ötən illə müqayisədə azdır”.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər