22 Fevral 2019 08:23
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Muğam Mərkəzində Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson və mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə dəyirmi masa keçirilib.

Beynəlxalq Muğam Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, dəyirmi masa arxasında Azərbaycan musiqi mədəniyyətinin dünəni, bugünü və gələcək prespektivləri haqqında maraqlı söhbəti mədəniyyət naziri Ə.Qarayev açaraq, Azərbaycan musiqi mədəniyyəti haqqında qısa məlumat verdikdən sonra Baronessa Emma Nikolson Azərbaycan və Böyük Britaniya arasındakı iqtisadi əlaqələrin çox yüksək səviyyədə olmasından öz məmnunluğunu bildirdi.

Emma Nikolson qeyd etdi ki, onun musiqiyə, xüsusilə şifahi- ənənəli musiqi janrlarına böyük marağı var və Azərbaycan musiqisinin bu janrları haqqında məlumatlar onun üçün olduqca maraqlıdır.

Söhbətdə Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, institutun musiqi folklor şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli, institutun aşıq sənəti şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru Sərdar Fərəcov, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, Əməkdar incəsənət xadimi Sürəyya Ağayeva, Milli Konservatoriyanın milli musiqi alətlərinin təkmilləşdirilməsi elmi-tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov, muğam irsimizin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı iştirak edirdilər.

AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Azərbaycanda folklor nümunələri, onların toplanılması, yazıya alınması haqqında dəyərli fikirlər söylədi. Qeyd etdi ki, bir çox xalqların folklor nümunələrini də işləmək və gələcək nəsillərə ötürmək çox vacibdir.

İnstitutun musiqi folklor şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli çıxışında Azərbaycanda musiqi folklorunun toplanılmasının və nota salınmasının tarixindən söz açdı və bu ənənənin bu gün də davam etdirildiyini söylədi. Qeyd etdi ki, bu sahədə artıq iki nəşr işıq üzü görmüşdür. Nəşrin birinci cildi mahnılara, ikinci cildi isə qədim rəsqlərə həsr edilmişdir.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, Əməkdar incəsənət xadimi, YUNESCO nəzdində Beynəlxalq ənənəvi musiqi şurasının üzvü Sürəyya Ağayeva orta əsrlər Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələri Səfiyyəddin Urməvi və Əbdülqadir Marağai haqqında məlumat verərək, qeyd etdi ki, onların nəzəri musiqi əsərləri Azərbaycan-türk muğamının çiçəklənmə dövrünü işıqlandırır, bu əsərlərdə azərbaycan türk musiqi mədəniyyətinə dair önəmli faktlar yer alıb. Hər iki dahi alim eyni zamanda Yaxın Şərqdə ilk not sisteminin yaradıcıları hesab edilir.

Milli Konservatoriyanın milli musiqi alətlərinin təkmilləşdirilməsi elmi-tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov Beynəlxalq Muğam Mərkəzindəki qədim musiqi alətləri sərgi-kompozisiyası haqqında hörmətli qonağa maraqlı məlumatlar verdi.

Beynəlxalq Muğam Mərkəzində keçən söhbət haqqında danışan Baronessa Emma Nikolson görüşdən olduqca məmnun qaldığını bildirdi.

Tədbir konsert proqramı ilə davam etdi.

Əməkdar artistlər Ehtiram Hüseynov və Arzu Əliyeva “Şur” kompozisiyasını ifa etdilər. İfaçıları tarda Rövşən Qurbanov, kamançada Ceyhun Qurbanov müşayiət etdilər.

Sonda qonaqlar Beynəlxalq Muğam Mərkəzinin muzey hissəsində xatirə şəkilləri çəkdirdilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər