Yazıçı Cəlil Məmmədquluzadənin əsərlərinin yenidən redaktə olunması ilə bağlı səsləndiridilən fikirlər müzakirələrə yol açıb. İndi əsas müzakirə Mirzə Cəlilin xalqı təhqir edib-etməməsi məsələsi ətrafında getsə də, ədəbi cameədə ikitirəlilik yaradan polemikanın bir tərəfi yazarların xalqın qüsurlarını hansı formada dilə gətirməsi məsələsinə uzanır.
Mirzə Cəlil müzakirələri belə bir sualı yaratdı: ümumiyyətlə, yazıçı öz xalqının qüsurlarını açıb-ağarda, kəskin şəkildə, qıcıq yaradan formada tənqid edə bilərmi?
Teleqraf.com bu sualla ədəbiyyat adamları arasında sorğu keçirib.
Sorğunu təqdim edirik.
“Dahi həmişə diridir”
Ədəbi tənqidçi Əsəd Cahangir: “Yazıçı istənilən münasibəti bəsləməkdə haqlıdır. Çünki sənət azaddır. Bu, sənətin əsas prinsipidir. Əgər bir yazıçıya desək ki, bunu yazma, onu yaz – bu, onun azadlığını əlindən almaq olar. Bu məsələnin, ümumi tərəfidir.
Məsələnin Mirzə Cəlil və Azərbaycan xalqı tərəfinə gəlincə, Sabir də, Mirzə Cəlil də, digər “Molla nəsrəddin”çilər avamlığı, cəhaləti, xürafatı, sosial ədalətsizliyi və digər ictimai bəlaları tənqid edirdilər. Amma bu o demək deyil ki, onlar öz xalqını sevmirdilər. Kaş ki Azərbaycan xalqını sevdiyini deyənlər, Sabirin, Mirzə Cəlilin sevdiyinin mində biri qədər bu xalqı sevərdilər.
Əsas məsələ əsərin bədii forması, yaxud tənqidi xarakter daşıması deyil, əsas məsələ bu tənqidin arxasında duran niyyətdədir, məqsəddədir, yazıçının ideyasıdır. Mirzə Cəlilin yaradıcılığına da bu niyyət nöqteyi-nəzərindən qiymət vermək lazımdır.
Mirzə Cəlil də, Sabir də Azərbaycan ədəbiyyatı tarixində bir mərhələdir, bu mərhələ də hər tarixi şəraitdə Azərbaycan ədəbiyyatına impuls verir, təkan verir. Bir dəfə ötən əsrin əvvəllərində, bir dəfə 1960-cı illərdə və indi də üçüncü dəfədir ki, Mirzə Cəlil Azərbaycan ədəbiyyatına təkan verir. Çünki Mirzə Cəlil də, Sabir də dahidir. Dahi hər zaman diridir. Hər tarixi dönəmdə o, zamana uyğun şəkildə yenidən doğulur, yenidən bizim müasirimizə çevrilir. Bu müzakirələrin yenidən qalxması da bunu bir daha təsdiq edir”.
"...məsxərəyə qoymağa nə var ki..."
Şair Elçin Mirzəbəyli: "Mirzə Cəlilin tənqidləri öz dövrünün xüsusiyyətlərinə xas yanaşmadır. Yazıçı öz ideyalarını cəmiyyətə müxtəlif formada, o cümlədən tənqid və sarkazm yolu ilə də çatdıra bilər. İroniya, sarkazm istər ədəbiyyatda, istərsə də publisistikada çox tez və rahat qavranılan bir üslubdur. Mənə görə çox asan bir yoldur və daha çox kütlə üçündür. Bir insanı, onun geyimini, davranışını, düşüncə tərzini məsxərəyə qoymağa nə var ki... Bu yolla onu çəkindirə, kompleksə sala bilərsən, amma dəyişdirə, modernləşdirə bilməzsən. Dəyişdirmək üçün onun alt şüuruna təsir etməlisən, təqdim etdiyin obrazın daha yaxşı olduğuna inandırmalısan.
Mirzə Cəlil Azərbaycan ədəbiyyatında və publisistikasında böyük xidmətləri olan yazıçıdır. Digər tərəfdən, Mirzə Cəlilin yaradıcılğının sarkazmla yanaşı, fəlsəfi yükü də var. Xüsusilə də onun dramaturji əsərlərində. Mənə gəldikdə isə, tənqidə, sarkazma yaxşı yanaşıram, amma şəxsiyyətin aşağılanmasının tərəfdarı deyiləm".
“Toxunulmaz deyillər, amma…”
Şair Rasim Qaraca: “Klassiklər toxunulmaz deyil. Məncə, onları tənqid etmək olar, hətta süni şəkildə ideallaşdırılmış obrazlarını dağıtmaq hansısa mənada faydalıdır.
Lakin tənqid edənlər bir şeyi unutmamalıdır: yüz illər bundan öncə yaşamış klassiklər müdafiəsizdir. Müdafiəsiz insanla savaşmaqsa çox da böyük qəhrəmanlıq deyil”.
“A geridə qalmışlar...”
Yazıçı Elçin Hüseynbəyli: “Cəlil Məmmədquluzadənin sarkazmı və tənqidləri kifayət qədər ciddi, sağlam və əsaslı idi. İndi də həmin məsələlər öz aktuallığını itirməyib. Təhqirlərə gəlincə, buna oxşar ifadələr “Danabaş kəndinin məktəbi”ndə də yer alıb. Bu əsərdə “a binəva müsəlmanlar”, “a avamlar”, “a geridə qalmışlar” kimi ifadələr var. İndi görün, nə qədər yanıb-tökülüb ki, bunları dilinə gətirib, bu cür ifadələr işlədib.
Mirzə Cəlil o dönəmdə ədəbiyyatımızın başında duran adamlardan biri idi. Ədəbiyyatımız da hələ tam oturuşmamışdı. İndi olsaydı, bu ifadələri bir qədər yumşaq işlədərdi. Amma nəzərə alın ki, həmin dövrdə Azərbaycan nə gündə idi. İnsanlar öz övladlarını məktəblərə göndərmək istəmirdilər. Qız uşaqlarına isə ümumiyyətlə, belə bir imkan yaradılmırdı.
Buna görə də, bu ağrının içindən belə ifadələr işlədib. Yəni, Mirzə Cəlilə onun yaşadığı və yaratdığı dönəmə baxıb qiymət vermək lazımdır”.