23 Mart 2019 10:30
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksika Birləşmiş Ştatları Senatı binasında “Beynəlxalq Novruz Bayramı Günü” təntənəli şəkildə qeyd olunub.

Teleqraf.com xəbər verir ki, tədbir Meksika Senatının Xarici Əlaqələr Komissiyasının təşkilatçılığı və Azərbaycan, İran, Pakistan, Türkiyə və Gürcüstan səfirliklərinin dəstəyi ilə keçirilib.

Tədbirdə Meksika Senatının sədri Marti Batres Quadarrama, Senatın Asiya-Sakit Okean-Afrika ölkələri ilə əlaqələri Komissiyasının sədri Kora Sesiliya Pineda Alonso, Senat və Deputatlar Palatasının üzvləri, diplomatik korpus, Meksika KİV nümayəndələri və sair şəxslər iştirak edib.

Senatın Asiya-Pasifik ölkələri ilə əlaqələr Komissiyasının sədri senator Kora Sesiliya Pineda Alonso baharın gəlişi və təbiətin oyanışını tərənnüm edən, dünyanın qeyri-maddi mədəni irsi siyahısına daxil olan Novruz Bayramının Azərbaycan, İran, Pakistan, Türkiyə və Gürcüstan səfirlikləri ilə birgə qeyd edilməsindən məmnun olduqlarını bildirib və onlara bu tədbirin reallaşmasında yardıma görə təşəkkürünü çatdırıb. Bu bayramın zəngin mədəniyyətlərin qədim ənənələrinin daşıyıcısı olduğunu deyən Meksika senatoru bu tədbir zamanı Meksika xalqının həmin mədəniyyətlərlə tanış olmaq imkanının yarandığını dilə gətirib. O, Novruz Bayramının dünyada 300 milyondan artıq insan tərəfindən qeyd edildiyini bildirib. Xanım Pineda Alonso Meksika Senatının tədbirdə iştirak edən səfirliklərlə onların təmsil etdiyi ölkələrlə ikitərəfli münasibətlərin daha da genişlənməsi və dərinləşməsi istiqamətində əməkdaşlığa davam etməyə hazır olduğunu diqqətə çatdırıb.

Azərbaycanın Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov Novruz Bayramının Azərbaycan torpağında çox qədim kökləri olduğunu, ölkəmizdə bu əziz bayramın çox geniş və təntənəli şəkildə qeyd edildiyini bildirib. Bu kimi təşəbbüslərin xalqlarımız üçün bir birilərinin qədim tarixi, zəngin mədəniyyətləri, ənənələri barədə daha çox örgənmək imkanının yaratdığını, bunun öz növbəsində cəmiyyətlərimizi mənəvi olaraq zənginləşdirdiyini deyib.

Tədbirdə həmçinin İran, Pakistan və Türkiyə səfirləri, Gürcüstan Səfirliyinin müşaviri çıxış edib.

Sonra tədbirdə iştirak edən səfirliklər adından Meksika Senatına hədiyyə edilən, sülh rəmzi olan zeytun ağacının senatın binasının həyətində əkilmə mərasimi keçirilib.

Bundan sonra Senatın sədri, üzvləri və tədbirin digər çoxsaylı qonaqlarına ölkəmizin mədəniyyəti, mətbəxi və tarixinə aid materiallar paylanıb, onlar Novruz Bayramı ilə bağlı ölkəmizin ənənələri ilə tanış edilib, ənənəvi Novruz süfrəsinin şirniyyatları təqdim olunub. Azərbaycan masası qonaqlar tərəfindən olduqca böyük maraqla qarşılanıb.

Eyni zamanda Azərbaycanda Novruz şənliklərini əks etdirən video material və şəkillər nümayiş etdirilib.

Tədbir Meksika Parlamentinin televiziya kanalı ilə canlı yayımlanıb, ölkə KİV-ri tərəfindən geniş işıqlandırılıb.


Müəllif: Səxavət