AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları yaz-yay mövsümlərində mövzu planı üzrə elmi tədqiqat işlərini davam etdirib. Çöl tədqiqatları respublikanın əksər bölgələrini Şirvan, Quba-Xaçmaz, Gəncə-Qazax, Böyük Qafqazın şimal-qərb, Lənkəran-Astara, Kür-Araz və Naxçıvan MR-nı (o cümlədən Abşeron, Ağdaş, Ağcabədi, Ağsu, Astara, Balakən, Biləsuvar, Daşkəsən, Qazax, Göyçay, Xaçmaz, İmişli, İsmayıllı, Masallı, Neftçala, Qəbələ, Quba, Qusar, Lənkaran, Saatlı, Sabirabad, Şabran, Salyan, Şamaxı, Şəki, Tovuz, Ucar, Zaqatala rayonları) əhatə edib.
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, ezamiyyə dövründə institut əməkdaşları tərəfindən aparılan tədqiqatlar aqrar təsərrüfatçılıq şəraitində torpaq və su ehtiyatlarının öyrənilməsi, səmərəli istifadəsi, mühafizəsi, ekoloji qiymətləndirilməsi və İKT, inteqrasiyalı və sahələrarası yaxınlaşma ilə torpaqların genezisi, yayılması və aqroekoloji qiymətləndirilməsi, münbitliyin bərpası, yüksəldilməsi və qorunub saxlanılması, torpaqların deqradasiyası, şorlaşması və şorakətləşməsi şəraitində meliorativ tədbirlərinin elmi metodologiyasının işlənib hazırlanması problemlərinin həllinə yönəldilib. Yuxarıda göstərilən ərazilərdə torpaq kəsimləri qoyulmuş, torpaq və su nümunələri götürülmüş, geostatik metodlardan istifadə etməklə müvafiq ölçmə işləri aparılmış və GPS aparatı vasitəsilə kordinatlar GİS sisteminə bağlanıb.
Aqrokimyəvi tədqiqatlar həmçinin torpaqların ağır metallarla çirklənmə səviyyəsini, regional gübrələmə sisteminin təkmilləşdirilməsi və üzvi tullantıların torpaq-bitki sistemində səmərəli istifadəsinə həsr edilib.
Tədqiqatlar müxtəlif kənd təsərrüfatı istifadəsində olan torpaqlarda gözlənilən qlobal iqlim dəyişikliyi ilə əlaqədar baş verə biləcək təbii və antropogen dəyişikliklərin qanunauyğunluqlarını öyrənməklə, torpaq-su-bitki-atmosfer sistemində su-duz rejiminin dəyişməsinə, münbitliyin azalmasına və qida elementlərinin yuyulmasına təsir edən digər mənfi halları müəyyən etməklə müvafiq mühafizə və səmərəli gübrələmə sistemlərinin işlənməsi, üzvi tullantıların səmərəli istifadəsinə nail olmaq istiqamətində mühüm nəticələr əldə etməyə imkan verəcək.
SEVİL