“Olduğum vəzifəmdəyəm, öz işimin başındayam. İşdən çıxarılmağımla bağlı deyilənlər tamamilə küçə təxəyyülüdür”. Bu fikirləri Milli Məclisin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva teleqraf.com-a bildirib. Ç.Hacıyeva Universitetin İstedadlar Qrupunun rəhbəridir. O, barəsində yayılan fikirlərlə bağlı “İşdən çıxarılmağım haqda yayılan fikirləri şərh etməyəcəm” deyə bildirdi.
Qeyd edək ki, bəzi saytlar rektor Ədalət Muradovun keçmiş rektor Şəmsəddin Hacıyevin qızını və qardaşının qudasını işdən çıxarması barədə məlumatlar yayıb.
Aprelin 16-da ADİU-nun İctimaiyyətlə Əlaqələr şöbəsinin xəbərində bildirilir ki, universitetin Beynəlxalq İqtisadi münasibətlər fakültəsinin dekanı Müzəffər Məmmədovu vəzifəsindən azad edərək onun yerinə dosent Mənsur İsa oğlu Bərxudarov təyin edilib.
M.Bərxudarov 1992-2014-cü illərdə ADİU-nun «Beynəlxalq iqtisadi münasibətlər» kafedrasında baş müəllim, dosent işləyib. Müzəffər Məmmədov isə Ş.Hacıyevin qardaşının qudasıdır.
NİGAR