Dünən Prezident İlham Əliyev Azərbaycanın böyük mütəfəkkiri, ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı. Sərəncamda yazılıb: “Əhməd bəy Ağaoğlu ötən əsrin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak etmiş və milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınmışdır. Ümumxalq mənafeyinin qorunması naminə çoxşaxəli, gərgin və məhsuldar fəaliyyəti ərzində o, parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaratmış, Azərbaycanın ədəbi-mədəni və sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşməsində diqqətəlayiq xidmətlər göstərmişdir. Əhməd bəy Ağaoğlunun ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyə doğru yönəlməyə və qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran geniş mövzu dairəsinə malik dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfədir”.
Teleqraf.com Əhməd bəy Ağaoğlunun 150-ci ildönümü münasibətilə onun həyatı ilə bağlı yazını təqdim edir:
***
Əhməd bəy Ağaoğlu 1869-cu ildə Azərbaycanın Şuşa şəhərində doğulub. Atası Qarabağın Qurdlareli tayfasından Mirzə Həsən bəy, anası Sarıcalı tayfasından Tazə xanım olub.
Böyük əmisi Hacı Mirzə Məhəmməd qardaşı oğlunu müctəhid kimi yetişdirmək istəyib, bu məqsədlə ona 6 yaşında ikən fars və ərəb dili müəllimləri tutub. Amma anası Tazə xanım övladının məmur olmasını istədiyi üçün ailədən gizli şəkildə evə rus dili müəllimi gətirib. Bu müəllim üç il ərzində rus dili ilə yanaşı hesab, tarix və coğrafiya dərslərini də öyrədib. Şuşada gimnaziya açıldıqdan sonra Əhməd bəy imtahan verərək bu məktəbi qazanıb. İmtahanı uğurlu keçdiyi üçün gimnaziyanın birbaşa 3-cü sinfinə daxil olub. Bu zaman o, 45 şagird arasındakı 3 türkdən biri idi.
Əhməd bəy 1886-cı ildə Şuşa gimnaziyasının 6-cı sinfini bitirib. Ali məktəbə daxil olmaq üçün 7 sinif şərt olduğu üçün bir il də Tiflis gimnaziyasında təhsil alıb. 1887-ci ildə gimnaziya təhsilini tamamladıqdan sonra avqust ayında Peterburqa yola düşüb, buradakı Texnologiya İnstitutuna girməyə hazırlaşıb. Lakin bütün imtahanlardan uğurla keçsə də, onu yəhudi hesab edən müəllim cəbr imtahanından kəsib, bununla da Əhməd bəyin Rusiyadakı təhsil həyatı baş tutmayıb. Bu hadisədən qəzəblənən Əhməd bəy Rusiyanı tərk edib və ali təhsil almaq üçün Parisə yola düşüb. Əhməd bəy 1888-ci il yanvar ayının 8-də Parisə çatıb.
Əhməd bəy Sorbonna Universiteti yanındakı Paris Hüquq Məktəbinin tələbəsi olub, eyni zamanda Ali Təcrübi Tədqiqatlar Məktəbində dövrün tanınmış alimlərinin mühazirələrinə qatılıb. 1888-1894-cü illərdə Parisdə yaşayan Ağaoğlu Ali Təcrübi Tədqiqatlar Məktəbi (Ecole des Hautes Etudes Pratiques) ilə bir sırada Canlı Şərq Dilləri Məktəbinin (Ecole des Languages Orientales Vivantes) məşğələlərinə də qatılıb. Buradakı müəllimləri arasında Ceyms Darmstater, Pol Şeffer, Barbye de Meynard kimi tanınmış şəxslər olub. Əhməd bəy, eyni zamanda, professor Ernst Renan (1823-1892), “Le Nouvelle Revue” məcmuəsinin naşiri Cülyetta Adam (1836-1936) ilə də dostlaşmışdı.
Parisdə münasibət qurduğu şəxslər barədə Əhməd bəy xatirələrində yazır: “Professor Ceyms Darmstaterin sevgisini qazandım. O, haqqımda unudulmaz yaxşılıqlar etdi, səylər göstərməyə başladı. Məni evinə çağırdı. Parisdə önəmli bir ədəbi salon sahibəsi kimi tanınan və Paris ədibləri arasında seçkin mövqe qazanmış olan xanım Mari Robinsona təqdim etdi. Mən də müntəzəm şəkildə xanım Robinsonun salonuna getməyə başladım. Bu salonun ziyarətçiləri arasında o zaman Fransanın məşhur alim və ədiblərindən sayılan Ernst Renan, Hippolit Ten, Qaston Paris, Yulius Oppert, madam və müsyö Dielafo kimi şəxslər vardı. Ev sahibəsi məni onlara təqdim etdi”.
Onun Parisdə tanış olduğu şəxslər arasında dini-siyasi xadim və filosof Seyid Camaləddin Əfqani (1839-1897) də vardı. Bu barədə yazır: “İslam aləminin mütəfəkkirlərindən Camaləddin Əfqani həzrətləri Parisdə olduğu zaman mənim sadə evimi başqalarının saraylarından üstün tutmuş, həftələrlə bir yerdə qalmışdıq”.
1892-ci ildə Əhməd bəy şərqşünasların Böyük Britaniya paytaxtında keçirilən IX konqresinin iştirakçısı olub, şiəlik məzhəbinin İranın qədim dini təlimlərindən biri – məzdəkiliklə əlaqələrinə dair məruzə ilə çıxış edib. Bu tarixi hadisə ilə bağlı xatirələrini “Kavkaz”da dərc etdirib.
Əhməd bəy 1894-cü ildə təhsilini bitirərək Parisdən İstanbula gəlib, “İttihad və Tərəqqi”nin orqanı olan “Şurayi-Ümmət”də məqalələr verib. Burada 6 ay yaşadıqdan sonra elə həmin il atasının ölüm xəbərini alaraq Qafqaza qayıdıb, öncə Tiflisdə yerləşib. Tiflis gimnaziyasında fransız dilindən dərs deyib, eyni zamanda “Kavkaz” qəzeti ilə əməkdaşlıq edib. 1896-cı ildə Şuşa edadi (real) məktəbinə fransız dili müəllimi təyin edilib. Burada dərs deyərkən el arasında “Firəng Əhməd” adlanıb. Şuşada açdığı qiraətxana-kitabxana o dövrün yeni tipli mədəni ocaqlarındandı. Onun həyatının bu dövrü haqqında qohumu Yusif Vəzir yazırdı: “Əhməd bəy məclisdə danışanda heç bir molla cəsarət edib onun fikirlərinə qarşı çıxa bilmirdi. Sərt və əsəbi bir adam idi, xüsusən bəylərin qudurğanlığına dözə bilməzdi. Onlarla bir məclisdə qarşı-qarşıya gəldimi, həmişə dalaşardı, həmişə də tapançasını hazır saxlardı”.
Əhməd bəy 1897-ci ildə Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıya köçüb, “Kaspi” qəzetinin redaktoru, aparıcı müəlliflərindən biri olub, Əlimərdan bəy Topçubaşovla sıx əməkdaşlığa başlayıb. Eyni zamanda, müəllimlik fəaliyyətini burada davam etdirib, Kommersiya məktəbində fransız dili müəllimi işləyib. Çox keçmədən Bakı Şəhər İdarəsinin üzvü seçilib. “Axund və islam” adlı ilk əsərini də bu zaman yazıb.
1901-ci ildə Tiflisdə rus dilində «Женщина по исламу и в исламе» (“İslama görə və islamda qadın”) kitabı nəşr edilib. 1905-ci ildə Bakıda Əli bəy Hüseynzadə ilə birlikdə Hacı Zeynalabdin Tağıyevin vəsaitinə “Həyat” qəzetini buraxmağa başlayıb. 1906-cı ildə “İrşad” qəzetini, ertəsi il eyni zamanda türkcə və rusca “Tərəqqi” (“Прогресс”) qəzetlərini nəşr edib.
Əhməd bəy 1905-ci ildə Peterburqa gedərək Rusiya müsəlmanlarının maraqlarını müdafiə edib. Həmin ildə onun təşəbbüsü ilə “Fədai” cəmiyyəti yaradılıb. 20 fevral-6 mart 1906-cı ildə Tiflisdə Qafqaz canişini İ.İ.Vorontsov-Daşkovun sədrliyi altında keçirilən erməni-müsəlman barışdırıcı qurultayında Azərbaycan nümayəndələri arasında yer alıb. Məhəmməd Səid Ordubadi “Qanlı sənələr” əsərində Əhməd bəyin bu görüşdə çıxışının mətnini verdikdən sonra qeyd edib: “Söz bura yetişəndə cənab Əhməd bəyin başı gicəlib oturur yerə, onu aparırlar sarayın bir otağına, bir az keçdikdən sonra özünə gəlib məclisə daxil olur”.
Buna səbəb Əhməd bəyin günlərlə xalqının müdafiəsi yolunda çalışması idi.
Əhməd bəy 1906-cı ilin oktyabrında yaradılan gizli “Qafqaz Ümummüsəlman Müdafiə Komitəsi Difai”nin qurucusu olub. “Difai”nin qurulmasında məqsəd Azərbaycan türklərini ermənilərin hücumundan, eləcə də çar məmurlarının zülmündən qorumaq olub. “Difai” bu yolda kifayət qədər uğurlu fəaliyyət göstərib.
Bu fəaliyyətlərinə görə çar hakimiyyətinin ciddi təqib etdiyi Əhməd bəy 1909-cu ildə İkinci Məşrutiyyət elan edildikdən sonra Türkiyəyə gedib. Burada Parisdə oxuyarkən dostlaşdığı Əhməd Rza bəy və doktor Nazim vasitəsi ilə “İttihad və Tərəqqi” cəmiyyətinə girib. Həmin il Maarif Nazirliyində ibtidai təhsil müfəttişi təyin edilib. Süleymaniyyə “İttihad və Tərəqqi” klubunun rəisi olub, 2-3 il içərisində İstanbulda fransızca “Jeune Turc” (Gənc Türk) və türkcə “Tərcümani-həqiqət” qəzetlərinin baş redaktoru işləyib. Bu dönəmdə Ziya Gökalp, Yusif Akçuraoğlu, Məhəmmədəmin Yurdaqulla bərabər “Türk Ocağı”nı qurub. 1910-1914-cü illərdə “Xalqa doğru”, “Siratül-müstəqim”, “Türk Yurdu” kimi mətbuat orqanlarında iştirak edib. 1911-1912-ci illərdə İstanbul Universitetində “Türk mədəniyyəti tarixi” kafedrasının müdiri olub. 1915-ci ildə Afyonkarahisar millət vəkili seçilib. Həmin il “İttihad və Tərəqqi”nin Ümumi Mərkəzinin üzvü olub.
Əhməd bəy 1915-ci ildə İstanbulda yaradılan “Rusiya Türk-Tatar Müsəlmanlarının Hüquqlarının Müdafiəsi üzrə Komitə”yə daxil olub.
Azərbaycan Cümhuriyyətinin qurulmasından sonra Əhməd bəy Bakını işğaldan azad etməyə gələn Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın siyasi müşaviri kimi Vətənə qayıdıb. Həmin ilin 7 dekabrında yaradılan Azərbaycan Parlamentinə Qarabağdan millət vəkili seçilib.
Əhməd bəy 1919-cu ildə Azərbaycanın müstəqilliyinin tanıdılmasını əsas məqsəd kimi qarşısına qoyan, Əlimərdan bəy Topçubaşovun sədri olduğu Sülh Heyətinə daxil edilib. Amma ermənilərin fitnəsi nəticəsində ingilislər onu İstanbulda “ermənilərə zülm etmək, erməni qırğınına qatılmaq” ittihamı ilə suçlayıb Malta adasına sürgün ediblər. Əhməd bəy adada əsir qaldığı müddətdə xatirələri ilə yanaşı, “Üç mədəniyyət” və “Könülsüz olmaz” əsərlərini qələmə alıb.
1921-ci ildə Ankara hökuməti onu Maltadakı başqa əsirlərlə birgə ingilis əsirlərinə dəyişdirib. Sürgündən xilas olduqdan sonra Əhməd bəy mayın 11-də Romadan Nərimanova məktub ünvanlayır. Məktub “Kommunist” qəzetində çap olunur. Məktubda Əhməd bəy sürgünəqədərki düşüncələrinin əksinə olaraq, bolşevizmin üstünlüklərindən bəhs edir, bunun xilas yolu olduğunu göstərir və qoca yaşlarında vətənində xidmət etmək istədiyini bildirir. Məktubun cavabında Nərimanov onu yüksək vəzifəyə dəvət edir. Nərimanovdan cavab məktubu alan Əhməd bəy artıq Türkiyədə idi. Sürgün illərində az məlumatı olduğu Sovet rejiminin tam mahiyyətini anladığı üçün Nərimanova bu dəfə fərqli məktub göndərir. Məktubundakı fikirlər belə idi: “Təmsil etdiyiniz fikir sisteminə qatılmıram; Türklər üçün qurtuluş imkanının təkcə Osmanlı türklüyündə olduğu haqqında Sizə də məlum olan fikir və qənaətimdə qalıram; Əsarətdən qurtararaq mənə yenidən can və varlıq vermiş Ankaraya getməyim mənim üçün bir namus borcudur”.
Məktubunun sonunda isə qeyd edir: “Türklük bölünmə qəbul etməyən tamdır. Məqsəd ona xidmətdir. Bu xidmət harada edilirsə, müqəddəsdir, mübarəkdir”.
Beləliklə, Atatürk hökuməti ilə isti münasibətlər quran Əhməd bəy öncə Türk Qurtuluş hərəkatına qoşularaq İrşad Heyətinin üzvü, 1921-1923-cü illərdə isə Mətbuat ümum müdiri işləyib. Daha sonra Ankara və Türkiyənin səsini dünyaya yayan yeganə yayın vasitəsi durumundakı “Hakimiyyəti-milliyyə” qəzetinin ümum müdiri və baş redaktoru olub. 5 noyabr 1925-ci ildə Mustafa Kamal Atatürk Ankara Hüquq Məktəbini açıb. Əhməd bəy bu məktəbdə hüquq fakültəsinin qurulmasında fəal iştirak edib və hüquqi-əsasiyyə (konstitusiya hüququ) professoru olub. Məktəbdə bu fənn üzrə ilk dərsi 1925-1926-cı illərdə o, tədris edib.
1928-ci ildə “Türk Ocağı” Ə.Ağaoğlunun “Üç mədəniyyət” kitabını nəşr etdirib. 7 avqust 1930-cu ildə müxalif “Sərbəst Firqə” qurulub. Onun rəhbərləri içərisində Fəthi bəy və Nuri (Conker) bəylə birgə Əhməd bəy də olub. Atatürkün göstərişi əsasında qurulan bu partiyadakı fəaliyyəti ilə bağlı Əhməd bəy “Sərbəst firqə xatirələri” adlı əsərini yazıb.
1933-cü ildə Əhməd bəyin “Dövlət və fərd” kitabı çap olunub.
Əhməd bəy 1933-cü ildə gündəlik “Akın” qəzetini buraxmağa başlayıb. “Axın” qəzetinin ilk sayı 1933-cü il mayın 29-u, bazar ertəsi günü çıxıb. Həmin ilin 24 sentyabrına qədər davam edib, ümumilikdə 119 sayı nəşr olunub. Qəzet mövcud hökumətə qarşı müxalif idi, qəzetçilik prinsiplərini rəhbər tutmuşdu. Çap etdiyi qəzet barədə Ağaoğlu yazırdı: “Demokratiyanı, azadlığı, vəzifə məsuliyyətini xatırlatmaq istəyən “Axın” yaxşıya yaxşı, pisə pis deməkdən çəkinməyən arslanca bir vətənsevərliklə irəliləyir... “Axın” ilə onların getdiyi yol ayrıdır. “Axın” onların getmədiyi bir yolu özünə kəbə etmişdir. “Axın” öz mənfəətini düşünmür. İnsanlığı, qəzetçilik, mətbuat şərəfini məqsədi hesab edir. Digər qəzetlər dünən əmniyyət müdirindən şikayət edərlər, sabah isə şikayət etdiklərini inkar edərlər. Çünki çəkinirlər, qorxurlar... “Axın” fikir hürriyyətini, qələm hürriyyətini, Vətən hürriyyətini təmsil edir... Haqqı söylər və haqqa hörmət edər".
Dolmabağça sarayında Əhməd bəy “Axın”a görə Atatürklə üzləşməli olur. Yemək-içmək mərasimindən sonra Atatürk “Axın”ın son saylarının gətirilməsini əmr edir. “Axın”da yazılan tənqidi yazılar oxunur. Atatürk bir şəxsin həm dövlətin universitetində professor, həm də qəzetdə redaktor olmasının mümkünlüyünü soruşur. Fuad Köprülüzadə bunun mümkünsüz olduğunu deyir. Atatürk qəzetin maliyyə mənbələrini açıqlamasını tələb edir Əhməd bəydən. Əhməd bəy əsəbiləşərək deyir: “Axın”ın nüsxələri bura gətirilərək məqalələrim oxunan zaman qəzeti bağlamağa qərar vermişdim. Ancaq bir halda ki belə şübhə var, müfəttişlərinizi göndərərək pulları haradan və necə tapdığımı yoxlatdırmayınca qəzeti bağlamayacağam”.
Onun bu cavabından Atatürk qeyzlənir, ona “unutma ki, sən bir sığıntısan” deyir.
Mustafa Kamal bu ifadə ilə onun Türkiyəyə “kənar”dan gəlməsinə işarə etmişdi. Adətən Əhməd bəyə “kənar”dan gəldiyini xatırlatmaları üçün rəqibləri onu “şiə”, “Ağayev” kimi yazırdılar.
Bu ifadə Əhməd bəyə çox təsir edir, Atatürkə deyir: “Paşam, mənə çox adamlar bu sözü söylədilər. Hamısına gülərək keçmişdim. Amma indi sizin dilinizdən eyni sözləri eşitmək məni ruhumun ən dərin qatlarına qədər sarsıtdı. Çünki o birilər kiçik adamlardı. Siz isə bu məmləkəti qurtarmış insansınız. Bir yandan dünyanın türk irqindən, türk millətindən yaranması fikrini ortaya atırsınız, o biri tərəfdən də sərhədlərimizdən iki saatlıq məsafədəki xalis türk məmləkətindən və nə yazıqlar ki, əsir bir məmləkətdən türkün öz hürriyyətini mühafizə etməyə müfəvvəq olduğu torpaqlara gələn xalis bir türkə “qoltuğa sığınmısan” deyirsiniz. Bu nə qorxunc təzaddır və nə üçün Allah mənə sizi belə bir təzadlı uçurum üzərində görmək fəlakətini nəsib etdi?” Bu cavabdan sonra səhvini başa düşən Atatürk onun boynunu qucaqlayır: “Sən məni yanlış anladın”, – deyə üzrxahlıq edir.
Amma buna baxmayaraq, o illərdə gerçəkləşdirilən universitet islahatında Əhməd bəy ixtisar edilib və təqaüdə çıxıb.
Atatürk Əhməd bəydən bir il öncə vəfat edir. Qızı Sürəyya Ağaoğlu xatirələrində Atatürkün ölüm xəbərini eşitdikdən sonra evə gedərkən atasının ağladığını görür: “Evdə anamın ölümündəki kimi bir matəm havası vardı. Atam yazı masasının üzərində dayanaraq hönkür-hönkür ağlayırdı: “O, böyük bir vulkan idi, bəzən alov fışqırırdı – mənə də fışqırırdı – amma gözəl bir alovdu”.
Atatürk ölən kimi onu sevməyənlər fürsət gözləyərək onun əleyhinə yazı yazmağa başlayırlar. Bu vaxt Əhməd bəy bir məqaləsində yazır: “Napoleon öldükdən sonra heç bir fransız onun əleyhinə yazı yazmağı ağlına gətirməmişdi”.
Təqaüdə göndərilmək Əhməd bəy üçün ölümdən betər idi. Bu barədə o, Sərbəst Firqənin rəhbəri olmuş Fəthi Okyara yazdığı məktubda bildirir: “Mənim üçün ən ağır, ən çəkilməz dərd həyatın xaricinə atılaraq məəttəl və seyrçi durmaqdır”.
1939-cu ilin 19 mayında o, seyrçi durumunu da itirərək həyata gözlərini yumur.
Ondan geriyə isə minlərlə məqalə, “Mən kiməm”, “İran və inqilabı”, “Könülsüz olmaz”, “İxtilalmı, inqilabmı?”, “Sərbəst insanlar ölkəsində”, “Tanrı dağında”, “İngiltərə və Hindistan”, “Dövlət və fərd”, “Üç mədəniyyət” kimi dəyərli əsərlər qalır.