Behbud xan Cavanşir 1877-ci ildə Qarabağın Tərtər nahiyəsinin Azad Qaraqoyunlu kəndində doğulub. Qarabağ xanlığının (1747-1822) əsasını qoymuş Sarıcalı-Cavanşirlər və Otuzikilər tayfasının başçısı Pənahəli xan Sarıcalı-Bəhmənli Cavanşirin (1693-1763) nəticəsidir. Qarabağ xanı İbrahimxəlil xanın yeddinci oğlu Məhəmmədqasım ağanın oğlu Paşa ağanın ikinci oğlu, Azad ağanın 4 oğlundan böyük oğludur.
Behbud xan 1890-cı ildə alman dili təmayüllü Tiflis real məktəbinə daxil olub, oranı uğurla bitirib. 1902-ci ildə Almaniyada Freyberq Dağ-Mədən Akademiyasına qəbul olub, burada neft sahəsi üzrə təhsil alıb, mühəndis ixtisasına yiyələnib. O, bu ölkədə Akademiyanı fərqlənmə diplomu ilə bitirən ilk azərbaycanlı idi. Akademiyanı bitirdikdən sonra İngiltərəyə gedib, bir müddət yerli mədən sənayesində çalışıb. Təhsil aldığı və çalışdığı ölkələr onun peşəkar mütəxəssis kimi yetişməsinə səbəb olub. Behbud xan alman, ingilis, fransız, rus, gürcü və erməni dillərini bilib, geniş ictimai-siyasi, elmi əlaqələrə sahib olub. 1903-cü ildə yüksək ixtisaslı mədən sənayesi mühəndisi kimi Azərbaycana qayıdıb, Bakının neft sənayesində mühəndis kimi çalışıb.
I Rus inqilabından sonra Cənubi Qafqazda siyasi ab-havanın dəyişməsi, ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri cinayətlərə səssiz qalmayan Behbud xan ictimai-siyasi proseslərdə yer alıb. O, Əhməd bəy Ağaoğlunun təsis etdiyi Difai partiyasının qurulmasında iştirak edib, təşkilatın rəhbər heyətinə daxil olub. Difainin gizli toplantıları onun Azad Qaraqoyunlu kəndindəki evində də baş tutub.
“Müsəlman Xeyriyyə Cəmiyyəti”nin fəal üzvlərindən olan Behbud xan Avropa və Rusiyada təhsil alan azərbaycanlı gənclərə təqaüd verib, milli mətbuata dəstək olub. O, eyni zamanda ”Nicat” Cəmiyyətinin və “Rus Texniki Cəmiyyəti”nin üzvü idi.
Behdbud xan 1917-ci ildə Müsavat firqəsinə daxil olub. 1917-ci il martın 22-də Bakıda yaradılan Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin tərkibinə seçilib. Həmin ilin payızında Ümumrusiya Müəssislər Məclisinə seçkilərdə iştirak edib, Zaqafqaziya Seymində təmsil olunub. Azərbaycan Milli Şurası 1918-ci il iyunun 17-də Azərbaycan Cümhuriyyətinin ikinci hökumət kabinəsinin tərkibini təsdiqləyib, Behbud xan Cavanşir Daxiliyyə naziri təyin edilib. Azərbaycan hökuməti 1918-ci il iyulun 2-də Gəncə valiliyinin 9 qəzasında milli kadrların üstünlük təşkil etməsilə müstəqil, ilk milli polis orqanlarının təsis edilməsi barədə qərar verib. Bu, Behbud xanın fəaliyyətinin nəticəsi idi. 1918-ci il oktyabrın 6-da Azərbaycan hökumətinin tərkibində kabinədaxili dəyişikliklərdən sonra bitərəf Cavanşir daxili işlər naziri olmaqla bərabər, həm də ticarət və sənaye naziri vəzifəsini yerinə yetirib. Cavanir 1918-ci il dekabrın 21-dək daxili işlər naziri vəzifəsində qalıb. 1918-ci ilin dekabrın 7-də Azərbaycan Cümhuriyyəti Parlamenti təsdiq olunduğu zaman Behbud xan da orada təmsil olunub. Müsavat firqəsindən istefa verdiyi üçün bitərəf kimi fəaliyyətini davam etdirib.
Behbud xan siyasi fəaliyyəti ilə yanaşı ticarət işləri ilə də məşğul olub. Neft mədənlərinin və zavodların sahibi olan Cavanşir 1919-cu ildə “Dəyanət” şirkətini qurub, Avropa ölkələri ilə ticarət aparıb.
Bolşevik Rusiyasının Azərbaycan Cümhuriyyətini işğalından sonra 1920-ci ilin may ayında Behbud xan həbs edilib. Amma Behbud xan kimi peşəkar mütəxəssisə ehtiyac duyan bolşeviklər onu tezliklə həbsdən azad ediblər. “Azneft” şirkətində işə başlayan Cavanşir Zaqafqaziya xarici ticarət müvəkkili vəzifəsinə təyin edilib. 1921-ci ilin yayında o, Bakının neft-mədən sənayesi üçün yeni avadanlıq və texnologiya almaq məqsədilə ezamiyyətə göndərilib. Xanımı Tamara Cavanşir, qardaşı Surxay xan və Cəmşid xanla birlikdə İstanbula gəlib. Onlar qohumları Əhməd bəy Ağaoğlunun Şahzadəbaşı məhəlləsindəki evinə yerləşiblər. Lakin qısa zaman sonra Ağaoğlu ailəsinin etirazlarına baxmayaraq İstanbulun Perepalas otelinə köçüblər.
Həmin dövrdə İstanbul ingilis işğalı altında idi, ermənilər işğalçılara güvənərək həm Azərbaycanda, həm də Türkiyədə terror hadisələrinə əl atmışdılar. Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin qətlindən sonra növbəti qurban Behbud xan Cavanşir olur. 1921-ci il iyul ayının 18-də, gecə saat 23 radələrində Perepalas otelinin yaxınlığında erməni terrorçu Misak Torlakyan Behbud xan Cavanşiri qətlə yetirir. Ağır yaralı halda xəstəxanaya çatdırılan Behbud xan 35 dəqiqədən sonra vəfat edir. Qatil Torlakyanı Behbud xanın qardaşı Cəmşid xan və polis məmuru Əli əfəndi tuta bilir.
1921-ci il avqustun 18-də işğal qüvvələrinin komandanı general Harrinqtonun əmrinə görə, qatil hərbi məhkəmədə mühakimə edilir. Məhkəmənin gedişində məlum olur ki, burada təkcə Behbud xanın öldürülməsi məsələsi və qatil Torlakyanın mühakiməsi deyil, həm də 1918-ci il Bakı hadisələri təftiş edilir. İstanbulda ingilis işğalı altında baş tutan məhkəmədə türklərin qələbə qazanması mümkünsüz idi. Əhməd bəy Ağaoğlunun həyat yoldaşı Sitarə xanımın xahişi ilə tanınmış vəkil Haydar Rifat bəy Cavanşirlər ailəsinin mənafeyini müdafiə edir. Məhkəmədə Behbud xanın parlamentdəki həmkarlarından Şəfi bəy Rüstəmbəyli, Əhməd Həmdi Qaraağazadə və azərbaycanlı tələbə Səməndər bəy şahidlik edirlər.
1922-ci il yanvar ayının 4-də biabırçı məhkəmə hökmü elan edilir: Misak Torlakyanın cinayəti affekt halında törətməsi iddia edilir və o, azad olunur. Nəticədə qatil Amerikaya qaçırılır və uzun illər orada yaşayır.
Behbud xan ölümündən 3 gün sonra, 20 iyul 1921-ci ildə İstanbulda Beşiktaşdakı Yəhya Əfəndi dərgahında dəfn edilir.
Məzar daşına məşhur türk şairi, siyasətçisi, Əhməd bəy Ağaoğlunun dostu, Cəlal Sahir Erozanın bu şeiri yazılır:
Karanlıktan cüret aldı bir sırtlan,
Onun pençesinde can verdi bir şir.
Bir yığın kemiktir toprakta kalan,
Cennete yükseldi Behbut han Cevanşir
Yolcu bu gördüğün bir makber değil,
Zülme zebun olan hakkın heykeli.
Geçme dur önünde hürmetle eğil,
Lanetle an hakka saldıran eli.
Asla uyumasın beyninde kinin,
Mukaddes borcundur intikam almak.
İstersen yaşasın milletin din'in,
Nur ol zülmeti boğ, nar ol zulmeti yak!
Məzar daşında bu qeyd də yazılıb:
Tarih-i vefatı 12 zilkade 1339, 18 Temmuz 1337. Şehiden vefat eden merhum Behbut Han Cevanşir’in habgah-i ebediyesidir. Yevm-i Salı ruhuna fatiha.
Behbud xanın qətli ilə bağlı məhkəmə prosesinin stenoqramı “İleri” qəzetinin mühərrirlərindən Əhməd Cəmaləddinin sayəsində bugünümüzə çatıb. 1921-ci ildə onun “Zamanımızın en büyük ve merakaver muhakemesi. Torlakyan davası” adlı kitabı nəşr olunub.
Əhməd bəy Ağaoğlunun qızı Sürəyya xanım xatirələrində Behbud xan haqqında bunları yazıb: “Atam Maltadan qayıtdıqdan sonra erməni dostlarından bir nəfər professor bizə gələrək onun ermənilərin “qara siyahı”sında olduğunu, atamı sevən dostu kimi onu xəbərdar etməyi özünə borc bildiyini və buna görə də sayıq hərəkət etmək lazım gəldiyini söylədi... Azərbaycanın daxili işlər naziri Behbud xan Cavanşirin də “qara siyahı”da olması xəbərini almışdıq. Elə bu arada Behbud xan xanımı və iki qardaşı ilə Parisə getmək üçün (oradan da Almaniyaya gedəcəkdilər) İstanbula gəlmişdi. Özü vəziyyətə tez uyğunlaşan adam idi və bizim Şahzadəbaşındakı evimizdə 5 gün gizli yaşadı. Ancaq rus əsilli xanımı bu cür “həbs” həyatına dözə bilməyəcəyini söylədiyindən evimizi tərk edib Perepalas mehmanxanasına yerləşdilər. Ertəsi gün səhər tezdən anama Behbud xanın axşam Perepalasa gələrkən bir erməni tərəfindən vurulduğu xəbəri gəldi. Anam dərhal Perepalasa getdi, Behbud xanın xanımı ilə qardaşlarını bizə gətirdi və vəkilliyi qəbul etməsi üçün vəkil Haydar Rıfat bəylə görüşdü. Haydar Rıfat bəy məmnuniyyətlə qəbul etdi... Mən bir az ingiliscə bildiyim üçün Haydar Rıfat bəy tərcümələrin doğruluğunu yoxlamağımı rica etdi və məhkəmədə olmağım üçün lazımi icazəni aldı”.
Əhməd bəyin oğlu Səməd Ağaoğlunun Behbud xanla bağlı xatirələri isə belədir: “Behbud xan uca boylu, ağbəniz, qara qaşlı, iri qara gözləri olan yaraşıqlı bir adamdı. Şirin azəri şivəsi ilə danışır, hərəkətləri, sözləri, duruşu cansıxıcı olmayan, sevimli bir müsafirdi. Evimiz yenə də Qarabağ havası ilə dolmuşdu. Anam da bu hava içərisində daha az xəstə, daha az yorğun görünürdü. Lakin bir tərəfdən işləri, o biri tərəfdən də bütün günü dörd divar arasında oturmanın sıxıntısı Behbud xanı bayıra itələyirdi. Gənc xanımı da Bəyoğlunun insan qələbəliyi içərisinə qarışmaq, bunun ardınca da mümkün qədər tezliklə özünü Parisə çatdırmaq istəyirdi. Behbud xan bu təzyiqlərə davam gətirmədi, günlərin birində anamın bütün xəbərdarlıqlarına baxmayaraq, “Daha təhlükə sovuşdu” deyərək Perepalas otelinə yerləşdi. Heyhat, üstündən heç qırx səkkiz saat keçmədən bir gecə yarısına doğru otel önündə sükutu iki dəfə pozan silah səsi, yerə yıxılan bir kölgə, qaçışan insanlar, bir qadının ürək parçalayan fəryadları anamın hər şeyi qabaqcadan sezmə qüdrətini bir daha isbat etdi. Torlakyan adlı bir erməni Behbud xan Cavanşiri öldürmüşdü. Həzin bir cənazə törəni, ardından aylarla davam edən bir məhkəmə, qatilin müqəssir olduğu, lakin tutulduğu əsəb xəstəliyi səbəbindən cinayət üçün məsuliyyət daşımadığı haqqında çıxarılan bir qərar”.
Dilqəm ƏHMƏD