26 Aprel 2019 09:05
2 125

Teleqraf.com saytının suallarını Ukraynanın seçilmiş prezidenti Vladimir Zelenskinin yaxın dostu, “Voice of Azerbaijan” televiziya agentliyinin rəhbəri, Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Şakir Eminbəyli cavablandırıb. Müsahibəni təqdim edirik:

– Şakir bəy, Vladimir Zelenski iki dəfə Azərbaycanda olub. Onun ölkəmizdə çəkilmiş fotolarını izləyəndə sizinlə fotosunu da görmək olur. Bu səfərlərin təşkilatçısı kim idi, onu Azərbaycana kim gətirmişdi?

– Əslində təşkilatçılıq məsələsini hamı qatıb-qarışdırır. Mən o layihənin rəhbəri deyildim. Mən sadəcə Qəbələdəki turizm infrastrukturunun media işləri, həmçinin entertainment, yəni əyləncə işləri ilə məşğul olduğum üçün bu prosesə qoşulmuşdum. Layihənin rəhbəri bizim Rüfət Hacıyev adlı dostumuzdur. Rüfət Hacıyev uzun illərdir Azərbaycanda turizim sektorunda çalışır. Mən deyərdim, Azərbaycanda turizm sektoruna belə deyək, ilk baş vuranlardan biridir. Bu sahədə çox böyük təcrübəsi və əlaqələri olan bir insandır. Mənim də yaxın dostumdur.O bu barədə Ukrayna tərəfi ilə təxminən 4-5 ildir danışıq aparırdı. Çünki Vladimir Zelenskinin 2003-cü ildə əsasını qoyduğu, bədii rəhbəri və lideri olduğu “Studiya Kvartal 95”in böyük təcrübəsi var. Dünyanın müxtəlif ölkələrində, şəhərlərində təzə-təzə turizm fəaliyyətinə başlayan bölgələri, yaxud artıq fəaliyyət göstərən turistik nöqtələri qaldırmaq, inkişaf etdirməklə məşğuldurlar. “Studiya Kvartal 95” bunu festivallar keçirməklə, konsertlər təşkil etməklə edir. Rüfət də onlarla danışdı, Qəbələyə gəlmələrini razılaşdırdı. Yəni, o adamlar Azərbaycana Rüfətin dəvəti ilə gəlmişdilər. Bunu hamının bilməsini istəyirəm.

– Səhv etmiriksə, “Studiya Kvartal 95”, o cümlədən Zelenski iki dəfə Azərbaycanda olub…

– İlk dəfə yerlərə baxmağa gəlmişdilər. Həmin səfər tanışlıq xarakteri daşıyırdı. Əslində Zelenski özü heç vaxt heç yerə getmir. Ölkədən kənara çıxmır. Çünki bu onun işi deyil. Rüfətin tərəfdaşı Ukrayna tərəfdən bir turizm agentliyidir. Onlar da öz növbələrində illərdir “Studiya Kvartal 95”lə birgə işləyirlər. Beləliklə, turistik sahə üzrə iki tərəfdaş danışdılar və o layihəni Azərbaycana gətirdilər.

– Amma fotolardan onun fərqli fəsillərdə - yayda və qışda ölkəmizdə olduğu görünür…

– Tamamilə doğrudur. 2017-ci ildə baş tutan səfər tanışlıq xarakteri daşıyırdı. Həmin səfərdə Zelenski özü də iştirak edirdi. Ondan sonra isə – mən onun tarixini də dəqiq deyə bilərəm – 2018-ci ilin yanvarın 3-dən 11-dək Qəbələdə XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı çərçivəsində “Studiya Kvartal 95”in, yəni audiovizual kontent istehsalı və konsert fəaliyyəti ilə məşğul olan qrupun tamaşaçıların qarşısına çıxşı oldu. Həmin festivalın təşkilatçılarından biri Zelenski və onun komandasıdır.

– Onun Azərbaycanla bağlı təəssüratları necə oldu?

- Sözsüz ki, yaxşı oldu. Başqa cür ola da bilməzdi. Amma bir daha bu məsələdə Rüfətə qarşı haqsızlıq olmasını istəmirəm. Mən özüm media adamı, üzdə olduğum üçün hamı elə bilir ki, bu səfərin təşkilatçısı mənəm. Əlbəttə, mən bu səfərlə bağlı bir çox məsələlərdə iştirak etmişəm. Yəni, təşkilati dəstək və sair məsələlərə “Gilan” komandasının üzvü olaraq qatılmışam. Amma bir daha deyirəm, “Studiya kvartal 95”in Azərbaycana gəlməsi ideyasının rəhbəri Rüfət Hacıyevdir. Onun adı heç yerdə çəkilmir. Xahiş edirəm, bu məqamı xüsusi qabardın. Mən dünən “ASAN Radio”ya müsahibəmdə də bunu qeyd etdim. Hamı mənə müraciət edir, amma heç kim səfərin təşkilatçısı barədə sual vermir. Axırda özüm dilə gəldim ki, qardaş, bu mənim işim deyil. Mən o adamla ilk dəfə hotelə gedəndə minibusda tanış olmuşam. Amma sözsüz ki, sonradan dostlaşmışıq, daim bir yerdə olmuşuq. Bütün bu münasibətlər layihə çərçivəsində yaranıb.

– Zelenski həyatda necə insandır?

– Daha çox filmlərdə gördüyünüz kimidir. Bilirsiniz ki, “Studiya Kvartal 95” 2003-cü ildə “95-ci kvartal” Şən və Hazırcavablar Klubunun komandasının bazasında yaranıb. Zelenski “KVN”də gördüyünüz kimidir. Çox pozitivdir. Hətta mən deyərdim, həddən artıq pozitivdir. Adam doğrudan da şən və hazırcavabdır. İntellekt səviyyəsi çox yüksək olan bir insandır. İnanılmaz dərəcədə işgüzarlıq qabiliyyətinə malikdir. Adamın gecəsi-gündüzü yoxdur. Bilirsiniz ki, film çəkilişləri insandan nə qədər güc-qüvvə, əsəb, resurs tələb edir. Mənə görə həddən artıq doğru-dürüst, şərəfli, namuslu insandır. Fikirləşirəm ki, o digər işinin, yəni, indi tutduğu, seçildiyi vəzifənin də öhdəsindən uğurla gələcək. Hər halda Ukrayna xalqı üçün xeyirli olar.

– Onun Azərbaycanda komediya janrında film çəkmək arzusu olub. Sizcə, artıq həmin arzunu arxa plana keçmiş saymaq olarmı?

– Vallah, mən onu deyə bilməyəcəm. Ancaq “Studiya Kvartal 95” kompaniyası yerindədir. Azərbaycanda film çəkməkdən ötrü başqa dəstəklər də olmalıdır. Bilmirəm, bu sualı daha yaxşı onlar özləri cavablandıra bilərlər. Ən azı mənimlə bu barədə söhbət olunmayıb ki, biləm nə layihə idi, nə ideya idi. O barədə çox da məlumatım yoxdur. Bu ideyanı kompaniyanın nümayəndələrinin davam etdirib-etdirməyəcəkləri dəqiq deyə bilmərəm.

– Zelenskinin Bakı səfəri və təəssüratları barədə nələri qeyd etmək mümkündür?

– Bakıda gəzib, şəhərlə tanış olub. “Brillant əl” filmində “Çort poberi” səhnəsinin çəkildiyi məşhur yerdə o da bu səhnəni təkrarlayıb. Əlbəttə, Azərbaycan yeməklərini bəyənib. Azərbaycan kulinariyasını kim bəyənməz ki?! Onu da deyim ki, Zelenski dünyanın demək olar bütün şəhərlərini görüb.

– Ukraynada prezident seçkisinin ikinci turu ərəfəsində bu ölkədə idiniz. Seçki prosesi necə keçdi?

– Seçki kampaniyası həqiqətən də çox gözəl, yüksək peşəkarlıq şəraitində, azad və ədalətli keçdi. Mənim çox xoşum gəldi. Hər iki namizəd bütün bacarığını, bütün resurslarını ortaya qoydu və özünü nümayiş etdirdi. Təbii ki, Zelenskinin komandası daha kreativ və daha peşəkar işlədiyi, bundan əlavə Zelenskinin özünün heç vaxt dövlət vəzifəsi tutmadığı, heç vaxt siyasətdə olmadığına, insanların da yenilik axtardığına görə o qalib gəldi.

– Zelenskinin Azərbaycana və azərbaycanlılara münasibəti necə olacaq?

– Zelenskinin bizim ölkəyə və xalqa münasibəti indiyədək əla olub. Mən güman edirəm ki, bundan sonra da əla olacaq.

– Yəni, siz hesab edirsiniz ki, indiyədək olan dostluq əlaqələri onun ölkəmizə münasibətdə yürüdücəyi siyasətə də təsir edəcək, düzdür?

– Onu mən artıq deyə bilməyəcəm. Çünki sevgi qarşılıqlı olmalıdır. İndi baxır Azərbaycanın ona münasibəti necə olacaq. Bu məsələ də var axı…

– Zelenskinin komandasında azərbaycanlıların təmsil olunacağını gözləmək olarmı?

– Bu, artıq azərbaycanlıların işidir. Savadlı, intellektli azərbaycanlılar varsa, o hər yerdə özünü göstərə bilər. Zelenski gedib azərbaycanlı axtarası deyil ki...


Müəllif: Səxavət Həmid