Mayın 4-də Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının ilk turu-məktəbdaxili mərhələsi keçiriləcək.
Teleqraf.com xəbər verir ki, olimpiadada ümumi təhsil məktəblərinin V-VI sinif şagirdləri iştirak edəcək. Bilik yarışı bütün məktəblərdə saat 09:00-da başlayacaq, 10:30-da bitəcək.
Məktəbdaxili mərhələdə şagirdlər 1 saat yarım vaxt ərzində bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualını cavablandıracaqlar. İlk turda uğur əldə edən məktəblilər olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar.
Olimpiadanın final mərhələsində də 25 test sualının cavablandırılması üçün şagirdlərə 1 saat yarım vaxt (90 dəq) ayrılacaq.
Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.