“Dünən aldığım xəbər məni dəhşətə gətirdi. Rusiyada fəaliyyət göstərən və fikrimcə, Azərbaycanı orada layiqincə təmsil edən jurnalist Fuad Abbasov Rusiya polisi tərəfindən vəhşicəsinə döyülərək həbs edilib”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimov deyib.
O, jurnalistin bu günlərdə Azərbaycana ekstradisiya olunacağını bildirib:
“Bu, nə biabırçılıqdır?! Bu jurnalist hansı cinayəti törədib ki, bu formada həbs olunub? Adam öldürüb? Narkotik qaçaqmalçılığı ilə məşğul olub, yoxsa terrorcudur?! Nə edib axı?! Biz necə insanıq ki, öz vətəndaşımıza sahib çıxmırıq?! Bu adam orada gördüyüm mərd və dürüst jurnalistlərdən biridir ki, Azərbaycan naminə kəsərli qələmi, qətiyyətli mövqeyi ilə təkbaşına savaşırdı. Bizim Rusiyadakı iş adamlarımıza nə olub? Haradadırlar? Kordular? Yerin dibinə giriblər?! Niyə belə oğullara sahib çıxmırlar?”
Mübariz Mənsimov qeyd edib ki, millətimizi, xalqımızı müdafiə etmək onun hər bir zərrəsini, o cümlədən Fuad kimi cəsur insanları müdafiə etməkdir:
“Rusiyadakı hər bir azərbaycanlı həm malı, həm də ən əsası, canı ilə Fuad Abbasovu müdafiə etməli idi. Söz tapa bilmirəm. Bu necə bir həbsdir? Kim bunu sifariş verib? Burada bir azərbaycanlının əli olsa, heç təəccüblənmərəm. Ayıb olsun bizə!
Heç bir erməni dünyanın heç bir ölkəsindən bu formada qovula, deportasiya oluna bilməzdi! Niyə susuruq? Niyə susursunuz? Mən buradan açıq şəkildə bəyan edirəm: Fuad Türkiyədə mənim kimi bir qardaşı olduğunu unutmasın”.