23 May 2019 23:58
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki Pir Həsən ziyarətgahında təşkil olunan iftar mərasimində iştirak ediblər.

Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu yaxınlarda həmin ziyarətgahda olarkən iftar süfrəsinə dəvət edilmişdilər.

İftar mərasiminə toplaşanlar Azərbaycandakı sosial-iqtisadi inkişafa, əmin-amanlığa görə təşəkkürlərini bildirdilər. Onlar Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın ölkəmizim inkişafı istiqamətində gördükləri işləri yüksək qiymətləndirdilər, belə mərasimlərin tezliklə Qarabağda da keçiriləcəyinə əminliklərini ifadə etdilər.

Birinci vitse-prezident Mehriban Əliyeva Xəzər rayonunun sakinləri ilə görüşməkdən şad olduğunu bildirdi, müqəddəs Ramazan ayında onların dualarının qəbul olunmasını və Allah-Təalanın ölkəmizi hər zaman qorumasını arzuladı.

İftar mərasimində “Qurani-Kərim”dən ayələr və iftar duası oxundu.

Müqəddəs kitabımız olan “Qurani-Kərim”in nazil olduğu Ramazan ayı insanların qəlbini nurlandıran, onları sülhə, həmrəyliyə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müsəlmanlar bu ayda xeyirxah əməllərin, mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Mübarək Ramazan günlərində gözəl ənənəyə çevrilən iftar süfrələrinin təşkil edilməsi də cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir. Ramazanın önəmli mərasimlərdən biri olan iftar süfrələrinin mənası, sadəcə, ehtiyacı olanlara yemək vermək deyil, paylaşmaq, yaxınlaşmaq, birlikdə Allaha dua etməkdir. Azərbaycan dövləti çox möhkəm milli dəyərlər üzərində qurulub. İslam dəyərləri isə milli dəyərlərimizin ayrılmaz tərkib hissəsidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər