9 Sentyabr 2014 11:33
1 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tahir Əmiraslanov: “Səlahiyyəti 5 illik mənə verin, vəziyyəti normallaşdırım”

Dəbdəbəli yas mərasimlərinin keçirilməməsi ilə əlaqədar Dini Qurumlar üzrə Dövlət Komitəsinin tövsiyələri müəyyən qədər öz effektini verib. Redaksiyaya daxil olan məlumata görə, bu yaxınlarda Siyəzən rayonunda yas mərasimlərindən birinə rayon icra hakimiyyətinin nümayəndəsi gələrək bildirib ki, 3, 7, yaxud 40 mərasimlərindən yalnız birində yas sahibinə ehsan süfrəsi açmasına icazə verilir. Digər hallarda yas süfrəsini yalnız çay, qənd və bu kimi nemətlər təşkil etməlidir.

Deputat təklif edir: “Toylarda da yas mərasimlərindəki kimi tövsiyələr verilsin”

Millət vəkili Fazil Qəzənfəroğlu öz “facebook” səhifəsində komitənin tövsiyəsini təqdir edib və bildirib ki, bu məsələ yas sahiblərinin işini xeyli yüngülləşdirib. “Artıq kiminsə qarnını doyurmaq əvəzinə, vəfat etmiş yaxınını, onun himayəsində olanların taleyini düşünməyə daha çox vaxt ayıra biləcəklər. Hələ qəbir yerlərinin ayrılmasında rüşvət də ortadan qaldırılsa, qəbiristanlıqlar movzoleyden çox səliqəli ziyarət məkanlarına çevrilsə bu faydalı iş daha çox rəğbətlə qarşılanar”, - deyə deputat yazıb.

Şadlıq evlərində yemək və musiqi terroru

Millət vəkili belə bir nümunənin toy mərasimlərində tətbiq olunmasını da arzulayıb. Deputatın fikrincə, toy Azərbaycan xalqının mədəniyyətini ifadə etdiyinə görə, bu məsələlərlə birbaşa Mədəniyyət Nazirliyi, şəxsən nazirin özü məşğul olmalıdır: “İnsanlara menyu adı ilə on-on iki növ yeməyi məcburi yedirdirlər. Bir salat 6-7 toyu yola verir. Hər şeyin pulunu ödəyirsən, ancaq götürüb evə apara bilmərsən. 500 nəfər qonaq üçün yemək pulu ödənir, heç onun yarısı bişirilmir. Bəzən Şadlıq evinə çatacaq yetərli pul da yığılmır.

Musiqinin səsi ayrıca terrordur. İnsanların səsdən toyu tez tərk etməsini qəsdən düşünürlər ki, yeməklər az yeyilsin. Toya salınan pulun 70 faizi bu və ya digər yolla şadlıq evinə qalır. İndi bunun adı mədəniyyətsizlik, vəhşilik deyil, nədir? Buyursur, mədəniyyət və turizim naziri bu sahədə vətəndaşı razı salan cəsarətli hərəkət etsin. O, bu məsələdə vətəndaşların böyük əksəriyyətindən dəstək alacağına əmin ola bilər. Görək, bu "menyu terroru"nun qarşısı alınacaqmı? Bu sahədə də ayıbımızı mütləq düzəltməliyik, həqiqətən də yasına, toyuna görə borca düşən, problemlər yaşayan insanlarımızı görəndə ürəyin acıyır".

Mədəniyyət və Turizm Nazirliyi: “Səlahiyyətimiz yoxdur...”

Millət vəkilinin təklifinə Mədəniyyət və Turizm Nazirliyinin mövqeyi necədir? Nazirliyin mətbuat xidmətindən İntiqam Hümbətov dedi ki, şadlıq evlərinin işinə müdaxilə nazirliyin səlahiyyətində olmadığına görə, bu istiqamətdə nazirlik tövsiyə də verə bilməz: “Əlbəttə, dövləti təmsil edən mədəniyyət qurumu olaraq biz də istərdik ki, şadlıq mərasimləri insanlarımızın zövqünü oxşasın, toylarımız insanların mədəni istirahət yerinə çevrilsin. Təəssüf ki, bu arzunu reallaşdırmaq üçün Mədəniyyət və Turizm Nazirliyinin hər hansı bir inzibati üsuldan istifadə səlahiyyəti yoxdur, bu, bizim imkanımız xaricindədir. Musiqinin səsini tənzimləmək, yeməklərdə israfçılıq məsələsini toy sahibləri özləri şadlıq evi ilə razılaşdırmalıdırlar. Bu istiqamətdə güclü maarifləndirmə işinin aparılması işin xeyrinə olardı. Əgər bu məsələ ilə bağlı millət vəkili rəsmi şəkildə müraciət edərsə, bu müraciətə baxılar”.

Müqavilə yalnız kağız üzərindədir

Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ötən ilin martından “Şadlıq saraylarının təsnifatı və qaydalar” (AZS 746-2012) dövlət standartı müəyyən edib və komitə bu standartı tətbiq edir. Standartda şadlıq saraylarının təsnifatı, interyeri, texniki və digər tələblər öz əksini tapıb. Sənəddə ümumi sanitariya norma və qaydalarına, xammalların anbarda saxlanmasına, xidmət personalının 3 və 6 aydan bir tibbi müayinədən keçirilməsi, musiqinin səslənməsinə müəyyən hədd qoyulması kimi tələblər yer alıb. Ən başlıcası isə şadlıq sarayı ilə istehlakçı arasında müqavilə bağlanması da standartda nəzərdə tutulub.

Komitədən ara-sıra standartın tələblərinin pozulması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi barədə xəbərlər yer alsa da, konkret olaraq bu gün şadlıq evlərində bahalşma və israfçılıq ötən ili də üstələyib. Toy sahibi ilə şadlıq evi arasında müqavilənin bağlanması isə faktiki olaraq mümkün olmadığına görə, yeməyin çeşidləri və musiqi səslənməsinə müdaxilə də mümkün deyil.

Süni əngəllər, “şapka”lar, rüşvət bahalığa gətirib çıxarır

“Dədə Qorqud Ocağı” Yaradıcılıq Mərkəzinin rəhbəri Vaqif Yaquboğlunun sözlərinə görə, toy mərasimlərinin nizamlanması üçün ən örnək tədbir yüksək çinli məmurlar tərəfindən “yaxşı nümunə”nin göstərilməsidir: “Biz nədənsə, həmişə yuxarıdan təpki olmadan, irəliyə addım atmağa risk etmirik. Bu baxımdan dövlət səviyyəsində hər hansı tədbirin görülməsi bəlkə daha doğru olardı. Hər bir şadlıq evinin arxasında dayanan hansısa məmur, millət vəkili, yaxud digər bir rəhbər - hansı biri öz şadlıq evində ”QOST"un standartına uyğun xidmətin keyfiyyətini artırıb, qiymətləri ucuzlaşdırıb, dövlət büdcəsinə gəliri artırıb və ya başqa müsbət istiqamətli bir addım atıb? Bahalığı onlar özləri yaradırlar. Süni əngəllər, “şapka”lar, rüşvət imkan vermir ki, toylarımız normal şəkildə keçsin. Bütün bu əlavə xərclər də qara camaatın cibindən çəkilir. Şadlıq evində qonağa 35-40 cür salat sırınır, bu qədər yemək orqanizmi zəhərləməkdən başqa nəyə xidmət edir? Şadlıq sarayının rəhbərləri hərəsi bir inzibatçı direktoru oturdub öz obyektində qazanc götürməklə məşğuldur. O inzibatçı direktor özbaşına nəsə edə bilməz, ona nə göstəriş verilir, onu da edir, toy mədəniyyəti, toy ənənələrimiz isə unudulub".

Menyunun 180 manata qalxması daha adi qarşılanır

Mərkəz rəhbəri hesab edir ki, ən gözəl ənənə Azərbaycan toylarındadır, lakin israfçılıq, şöhrətpərəstlik, rüşvətxorluq bu xeyriyyə mərasimini mahiyyətindən çıxarıb: “Toya nəmər ailə quran gənclərə maddi dəstək vermək üçün salınmalıdır. İndi qiymətlər o qədər artıb ki, toy sahibi şadlıq evinə borclu qalmayanda papağını göyə atır. Toy menyusunun 100-180 manata qalxması artıq adi qarşılanır”.

Geriyə qayıdış: çadır toyları daha sərfəlidir

Toy mərasimlərinin çadırlarda keçirilməsi ənənəsinə qayıdılmasını Vaqif Yaquboğlu geriyə atılmış addım hesab edir: “Çadır toyları toy sahibi üçün, əlbəttə, daha əlverişli olur, qiymətlər yarıbayarı istehlakçının xeyrinə azalır. Amma biz XXI əsrdə yaşayırıq, şadlıq sarayları göbələk kimi artır. Məgər çadır toylarındakı ənənələrimizi şadlıq toylarında yaşada bilmərik? Şadlıq evlərinə rəsmi şəkildə nəzarət tənzimlənməsə, qiymətlər daha da bahalaşacaq”.

“Beş illik mənə verin!”

Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) rəhbəri Tahir Əmiraslanovun sözlərinə görə, toy mərasimlərinin tənzimlənməsi üçün qanunvericiliyin tələbləri yetərincədir: “Toyxanalarıın, restoranların idarə olunması barədə qanunlarda heç bir boşluq yoxdur, qanunlar kifayət qədərdir, yeni qanuna ehtiyac yoxdur. Adətən hər il toylarla bağlı məsələ aktuallaşanda toyxanalarda qiymətlər artır. Toy standartları da tətbiq olundu, nə dəyişdi? Nəzarət edən qurumlar artdıqca, qiymətlər də artır...”.

Toyxanalar düzgün idarə olunmalıdır

Tahir Əmiraslanov hesab edir ki, toyxanalarla bağlı iqtisadi sistem, idarəetmə dəyişməlidir: “Mən təklif etmişəm ki, toyxanaların idarə olunması 5 illik bizim qurumun nəzarətinə keçirilsin və ora kənar qurumlar müdaxilə etməsin. 5 il ərzində mən qarantiya verirəm ki, qiymətlər aşağı enəcək, keyfiyyət artacaq. Bundan istehlakçılar da razı qalacaq, restoran sahibləri də. Çünki hər iki tərəf bundan qazanc götürə biləcək, işçilərin əmək haqqı artacaq, yeməklərin və xidmətin keyfiyyəti yüksələcək, dövlətə verilən verginin də miqdarı artacaq. Restoran biznesi haqqında qanuna düzgün əməl olunarsa, bundan dövlət də qazanar, şadlıq sarayı da, toy sahibi də”.

Nəzarət çoxdur, amma yiyəsi yoxdur...

Tahir Əmiraslanov toyxanaların idarə olunması ilə bağlı müvafiq təkliflə aidiyyəti dövlət qurumlarına müraciət etdiyini də bildirdi: “Bu işdə maraqlı olan bütün nazirliklərə yazmışam. Cavab veriblər ki, bu məsələ səlahiyyətimiz çərçivəsində deyil. Hesab edirəm ki, düzgün cavabdır. Nəzarətçi çoxdur, şadlıq evlərinin yiyəsi yoxdur. Heç bir ölkədə toya 500-1000 qonaq çağırıb, süfrəyə 500 cür yemək düzülmür. Buna son qoyulmalıdır. O ki qaldı yas mərasimlərinə, mən deməzdim ki, nizamlanma var. Təzə Pir məscidinin yaxınlığındakı yas mərasimi zalında vəziyyət yenə əvvəlki kimidir. Nə dəyişib ki?..”

Deputat çağırış edir: “Toylarımız vəhşixanaya çevrilib”

Sonda məsələ ilə bağlı millət vəkil Fazil Mustafa ilə söhbət etdik. O, toyxanaların Mədəniyyət və Turizm Nazirliyinin nəzarətinə keçməsi təklifini belə izah etdi: “Bu təklif ondan irəli gəlir ki, Azərbaycan toyu artıq mədəniyyəti təmsil etmir. Toylarımız vəhşixanaya çevrilib. Əslində Mədəniyyət və Turizm Nazirliyinin bu işdə birbaşa səlahiyyəti yoxdur. Amma dövlət başçısı səviyyəsində, yaxud müvafiq icra orqanı tərəfindən bu nazirliyə belə bir səlahiyyət verilə bilər. Çünki toy sırf mədəniyyət məsələsidir. Xüsusilə, mədəniyyət çərçivəsində bu problemin çözülməsi tövsiyələr şəklində həyata keçirilə bilər. Yas mərasimlərində xeyli effekt doğuracaq bir addım atılıb. Hesab edirəm ki, toy mərasimləri üçün də belə bir addımın atılması mümkündür”.

Sevil Hilalqızı


Müəllif: