21 İyun 2019 20:23
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin iyunun 18-də minimum əməkhaqqının 250 manata çatdırılması ilə bağlı imzaladığı sərəncam sosial islahatların yeni mərhələsi kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, bu, 600 mindən çox vətəndaşı əhatə etməklə yanaşı, minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasındakı fərqin beynəlxalq standartlara yaxınlaşmasına xidmət edəcək.

Bunu Teleqraf.com-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, minimum əməkhaqqının artırılması nisbətən az əməkhaqqı alan və daha çox sosial təminata ehtiyacı olan vətəndaşların sosial vəziyyətinə müsbət təsir edəcək:

“Bu, praktik olaraq həm dövlət, həm də özəl sektorda minimum əməkhaqqı səviyyəsində əməkhaqqı alan vətəndaşların gəlirlərinin artmasına imkan verəcək. Təbii ki, bu da birmənalı şəkildə həmin vətəndaşların sosial vəziyyətinin və sosial müdafiəsinin yaxşılaşdırılması baxımından çox önəmlidir. Minimum əməkhaqqının artırılması ilə bağlı qərar ölkəmizdə iqtisadi və sosial islahatlarla bağlı siyasətin davamlı olduğunu bir daha təsdiqləyir. Ölkə əhalisinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, sosial paket dövlətbaşçısının diqqət mərkəzindədir”.

V.Bayramov qeyd edib ki, həmin qərar, eyni zamanda, sosial sferada dövlət siyasətindən faydalananların sayının artmasına səbəb olacaq:
“Bundan dövlət sektoru ilə yanaşı, özəl sektorda çalışanlar da faydalana biləcək. Mülkiyyət növündən asılı olmayaraq fərqli sektorlarda çalışanlar bu qərardan faydalanmış olacaq. Həmin qərar sosial təminatın gücləndirilməsi istiqamətində atılmış ciddi addımlardandır. Bu, bir daha təsdiq edir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizin başçısı üçün prioritet məsələlərdəndir. 2019-cu ildə minimum əməkhaqqının iki dəfə artırılması da birmənalı şəkildə bundan xəbər verir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər