25 İyun 2019 18:44
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistan girovluğunda olan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevə həsr edilən tədbir keçirilib.

"İki Azərbaycan vətəndaşının humanitar məsələsi: Dilqəm Əsgərov və Şahbaz Quliyev" adlı tədbirdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, Dilqəm Əsgərov oğlu Kürdoğlu Əsgərov, Beynəxlaq Dialoq və İnkişaf Alyansının prezidenti Nüşabə Məmmədova, hüquq müdafiəçisi Əhməd Şahidov, bir neçə ölkənin AŞPA-dakı nümayəndə heyətlərinin üzvləri, xarici qonaqlar və digər şəxslər iştirak ediblər.

Tədbiri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva açıb. O, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarında girov götürülmüş azərbaycanlı mülki şəxslər D.Əsgərov və Ş.Quliyevin durumu, ağır vəziyyətdə saxlanılmaları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Ü.Ağayeva deyib ki, ermənilər D.Əsgərov və Ş.Quliyevə əzab verirlər, girovların humanitar və digər hüquqlarını pozurlar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Azərbaycanda qaçqın və məcburi köçkünlərin sayı, vəziyyəti haqqında ətraflı məlumat verərək, onların problemlərinin Azərbaycan hökumətinin başlıca qayğısı olduğunu bildirib.

Beynəxlaq Dialoq və İnkişaf Alyansının prezidenti Nüşabə Məmmədova Ermənistanın D.Əsgərov və Ş.Quliyevi girov götürməklə beynəlxalq hüququ pozduğu konkter maddəalarla tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı qaçqınların və girovların hüquqları məsələsinə biganə yanaşdığını, lakin əvəzində isə Azərbaycana təzyiq göstərməyə xidmət edən məsələləri tez-tez gündəmə gətirdiyini bildirib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, AŞPA-nın üzləşdiyi böhran qurumun məhz bu qəbildən olan məsələlərin həllində acız qalması, onlaarı həll edə bilməməsindən irəli gəlir. S.Seyidov Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvlərinin Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qurumda tez-tez və müxtəlif səviyyələrdə qaldırmalarına baxmayaraq heç bir müsbət nəticə əldə olunmadığını bildirib. Nümayəndə heyətinin rəhbəri bundan sonar da azərbaycanlı girovların məsələsinin istər AŞPA daxilində, istərsə də digər qurumlar səviyyəsində qaldırılacağını söyləyib. S.Seyidov insan hüquqları naminə, bu fundamental prinsipə hörmət edən hər bir kəsi D.Əsgərov və Ş.Quliyevin azad edilməsi üçün yazılı bəyanata qoşulmağa dəvət edib.

Dilqəm Əsgərov oğlu Kürdoğlu Əsgərov tədbir iştirakçılarına üzünü tutaraq atasının azad edilməsi üçün ona kömək etmələrini xahiş edib.

Tədbirdə Dağlıq Qarabağda azərbaycanlıların etnik təmizləmə qurbanı olduğunu əks etdirən film nümayiş olunub. Tədbir iştirakçılarına Dağlıq Qarabağ münaqişəsinin insan hüquqları üçün böyük təhlükə olduğu haqqında ətraflı məlumat verən bukletlər paylanılıb. /Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər