Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının milli mülkiyyətin qorunmasına həsr olunan plenar iclası öz işini davam etdirib.
Teleqraf.com xəbər verir ki, əvvəlcə katibliyin hazırladığı ərəb dövlətləri regionunda qarışıq irslə bağlı bənd müşahidəçilərin şərhi olmadığı üçün müzakirəsiz qəbul edilib.
Geniş müzakirə edilən növbəti məsələ Tanzaniyadakı Hqoronqoro krateri zonasının unikal təbii mühitinin qorunması ilə bağlı olub. Üzv dövlətlərin, eləcə də Abidələr və Muzeylər üzrə Beynəlxalq Şuranın (ICOMOS) nümayəndələri bununla bağlı öz fikirlərini bildirib.
Tunisdəki Kartaj arxeoloji zonası ilə bağlı Dünya İrs Komitəsinin və ICOMOS missiyasının tövsiyələrinin nəzərə alındığı, milli hökumətin gördüyü işlər müsbət qiymətləndirilib.
Geniş müzakirələrə səbəb olan və maraq doğuran növbəti məsələ Qazaxıstandakı Xoca Əhməd Yəsəvinin məqbərəsi ətrafında bufer zonanın vəziyyəti olub. Bildirilib ki, əvvəlki adı Yasi, indiki adı Türküstan olan şəhərdə yerləşən Xoca Əhməd Yəsəvi məqbərəsi Əmir Teymurun zamanında, 1389-1405-ci illərdə inşa edilib.
Abidə hazırda Əmir Teymur dövrünün ən böyük və ən yaxşı saxlanılan tikililərindən biridir. Məqbərə 2003-cü ildən Dünya İrs Mərkəzinin Dünya İrsi Siyahısına daxildir.
Qırğızıstan və Azərbaycan nümayəndələri Türküstan şəhərində görülən abadlıq işlərinin abidəyə heç bir zərər verməyəcəyini təsdiqləyib. Müzakirələrdə, həmçinin Tunis, Küveyt, Çin nümayəndə heyətləri də öz fikirlərini söyləyib.
Qazaxıstan hökumətinin mövqeyini ölkənin baş nazirinin müavini Gülşarə Abdıkalıkova çatdırıb.
Qazaxıstan Respublikasının gördüyü işlər müsbət qiymətləndirilib, tikinti işlərinin məqbərədən kənarda aparıldığı təsdiq edilib. Müzakirələrdən sonra Xoca Əhməd Yəsəvi məqbərəsinin Dünya İrs Mərkəzinin Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına daxil edilməsinə ehtiyac görülməyib.
Müzakirə zamanı ICOMOS təmsilçisi tövsiyə edib ki, Xoca Əhməd Yəsəvi məqbərəsi ətrafında konservasiya zonası genişləndirilsin. Beynəlxalq Memarlar İttifaqının nümayəndəsi Türküstan şəhərinin inkişafı ilə bağlı məqbərəni qorumağın vacibliyini vurğulayıb və sonda təkliflər hazırlanan qərar layihəsində nəzərə alınıb.