5 İyul 2019 16:42
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetində Klassik dillər mərkəzinin yaradılması ilə bağlı qərar qəbul edilib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə universitetin rektoru, akademik Kamal Abdulla məlumat verib.

Onun sözlərinə görə, filologiya, humanitar elmlər sahəsində klassik dillərin öyrənilməməsi baxımından boşluq var: “Bir filoloq kimi mənim aləmimdə o boşluq hökmən dolmalıdır. Klassik dillərə bəzən ölü dillər deyirlər. Belə dillər deyəndə ilk növbədə latın, sanskrit, qədim yunan dili yada düşür. Eləcə də başqa dillər var.

Dəfələrlə Hindistan, Yunanıstan, Rumıniya, İtaliya səfiri ilə görüşlərimizdə təklif etmişik ki, bizə bu istiqamətdə mütəxəssislər cəlb eləsinlər. Heç bir ali məktəbdə latın dilinin rayihəsi gəlmir. Bu, müasir dilin öyrənilməsi üçün də vacibdir. Qərara gəlmişik ki, universitetimizdə mərkəz yaradıb həmin dillərin nümayəndələrini toplayaq və yavaş-yavaş azərbaycanlı mütəxəssislər yetişdirək.

Bu, təkcə dilin öyrənilməsi ilə məhdudlaşa bilməz. Dilin özü ilə gətirdiyi mədəniyyətin də öyrənilməsi deməkdir. Latın dilini öyrənəndə Roma imperiyasını necə öyrənməyə bilərsən? Düşünürük ki, həmin elmi mərkəzi auditoriyalara keçirək, hələlik elementlər şəklində proqramlara salaq, xırda nüansı tədrisin içərisinə daxil edək, yavaş-yavaş bunun sayəsində bəlkə klassik dillər üzrə ixtisas yarandı”.

Yay imtahan sessiyasının nəticələri barədə məlumat verən rektor bildirib ki, 363 qrup imtahan prosesində iştirak edib: “4830 tələbə imtahana girib, 2118 fənn üzrə ümumilikdə 27790 imtahan keçirilib. İmtahana nəzarət və yoxlanması prosesində 802 professor və müəllim kontingenti iştirak edib”.

ADU rektoru imtahanların tədris prosesinin davamı olduğunu söyləyib: “İmtahanlar tədrisin bir komponentidir, imtahan prosesi gedən hər auditoriyaya proqramlar qoyuruq ki, tələbələr yaddaşını təzələyə bilsin. Bəzi fakültələrdə, xüsusilə tərcümə fakültələrində lüğətlər də ola bilər. Müəllimlərin hər biri imtahandan əvvəl gəlib son məsləhətini verir”.

Kamal Abdulla qeyd edib ki, apelyasiyaya müraciət azalmağa doğru gedib. Rektorun sözlərinə görə, şikayətlərlə bağlı qutular qoyulsa da, buna o qədər də ehtiyac olmayıb: “Çünki hər bir istək, xahiş yerindəcə həll olunub. Əvvəllər imtahan vaxtı 2 saat idi, indi 3 saata qaldırıldı, düzdür, bu, bəzi müəllimlərin narazılığına səbəb oldu, amma düşünürəm ki, tələbənin fikrini toparlayıb yazması üçün 2 saat azdır. İmtahan prosesində nəzarətçi kimi iştirak edən müəllimlərə əlavə pul mükafatı verilir. Yay sessiyası barədə təəssüratımız yaxşıdır, normal sessiya kimi qəbul edilə bilər”.

Kamal Abdulla universitetin keçmiş rektor, dekan, kafedra müdirlərinin təmsil olunduğu “İslahat qrupu”nun 2 ildir fəaliyyət göstərdiyini deyib: “Tədrisi dərindən bilən insanların iştirakı ilə belə bir qrup yaradılıb. Onların təklifi yazılı və şifahi imtahanların tənasübü ilə bağlıdır. Məsələn, İngilis dilinin fonetikası ilə bağlı fənnin imtahanı zamanı müəllim tələbənin cümlə quruluşunu dinləməlidir. Fənnin spesifikası nəzərə alınmalıdır. Xüsusilə dillərlə bağlı fənlərdə yazılı imtahanların şifahi ilə əvəzlənməsi təklif edilir”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər