10 Sentyabr 2014 15:01
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər üçün Təhsil Mərkəzinin silsilə təşkil etdiyi region gənclərinin yaradıcılıq festivalının bu dəfəki ünvanı Mingəçevir şəhəri olub.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, Prezident yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən festivalda yüzlərlə yeniyetmə və gənc, şəhər sakini və rəsmi qonaqlar iştirak edib.

Mərkəzin regional nümayəndəsi Tural Kərimov festivalı giriş sözü ilə açaraq, tədbirin mahiyyəti barədə şəhər əhalisinə məlumat verib, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılması və artırılması, habelə onlarda yaradıcı işə maraq oyadılması baxımından əhəmiyyətini vurğulayıb.

Mingəçevir şəhərinin icra strukturlarının nümayəndələri də çıxış edərək, tədbirin gənclər üçün ciddi əhəmiyyətindən danışıb, dövlətin də bu sahəyə daim diqqət ayırdığını vurğulayıblar. Bildirilib ki, bu gün Azərbaycanın yaradıcı gəncləri ölkəmizi həm daxildə, həm də xaricdə layiqincə təmsil edirlər. Buna görə yeni-yeni yaradıcı gənclərin regionlardan aşkar edilməsi və tanıdılması vacibdir.

Daha sonra söz yaradıcı gənclərə verilib, onlar teatr, kino işi, rəssamlıq, əl işləri, bədii qiraət, aşıq sənəti, musiqi və digər sahələrdə öz bacarıqlarını nümayiş etdiriblər.

Festivalda 70-dən çox gəncin yaradıcılıq qabiliyyəti nümayiş olunub. Həmin gənclərdən 30-a yaxını ilk dəfə olaraq, geniş auditoriya qarşısına çıxıb.

Qeyd edək ki, bir neçə sağlamlıq imkanı məhdud olan gənc də öz yaradıcılığını nümayiş etdirib. Festivalın sonunda bütün iştirakçılara diplomlar təqdim edilib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər