Media və Mülki Cəmiyyət İctimai Birliyi ədəbi dili normalarının qorunması mövzusunda növbəti ictimai müzakirə keçirib
Media və Mülki Cəmiyyət İctimai Birliyinin “Azərbaycan ədəbi dilinin qorunması mövzusunda tədbirlərin təşkili” adlı layihəsi davam edir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçilən layihə çərçivəsində iyulun 10-da AMEA Dilçilik İnstitutunda “Reklam, tərcümə və dublyaj işində Azərbaycan dilinin tələblərinə əməl edilməsi” mövzusunda növbəti ictimai müzakirə keçirilib.
Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Akademik bildirib ki, reklam xalqın dil və yazı mədəniyyətini göstərir. Ona görə də ədəbi dil normaları gözlənilməli, hər bir vətəndaş bu sahəyə xüsusi diqqətlə yanaşmalı, reklamlara fikir verməlidir.
Tədbirdə layihənin rəhbəri, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov layihənin məqsədinin Azərbaycan dilindən daha dolğun, qanunauyğun şəkildə istifadə olunması üçün maarifləndirmə işinin aparılması və ictimai diqqətin bu işə cəlb edilməsindən ibarət olduğunu bildirib. Onun sözlərinə görə, ədəbi dil normalarına düzgün riayət edilməməsi, bu normaların pozulması hallarının çox geniş yayılması bütün cəmiyyəti narahat etməlidir. “Layihəni həyata keçirməkdə məqsədimiz ədəbi dil normalarının pozulması hallarının aradan qaldırılmasına, bu istiqamətdə cəmiyyətin məlumatlandırılmasına və maarifləndirməsinə öz töhfəmizi verməkdir”-deyə layihə rəhbəri qeyd edib.
Mövzu ilə bağlı filoloq Vasif Sadıqlı geniş məruzə ilə çıxış edib. Məruzəçinin dediyinə görə, layihə çərçivəsində şəhərin iki müxtəlif yerində apardıqları monitorinqin nəticələri o qədər də ürək açan deyil: “Nizami küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəsul Rza küçəsi ilə kəsişməsinə qədər olan məsafədə olan 81 ticarət, ictimai iaşə və digər xidmət obyektlərinin yalnız 16-nın adı Azərbaycan dilində yazılıb. Qalan 65 obyektin bəzisində “endirim” və “açıqdır” sözlərinin yazılmasının şahidi olduq.
Şərifzadə küçəsi, “İnşaatçılar” metrostansiyasından həmin küçənin Nazim Hikmət küçəsi ilə kəsişməsinə qədər, yolun sol tərəfində olan ərazidə 153 ad göstəricisindən 43-ü əcnəbi dildə yazılıb. Bunların da çoxunda azərbaycanca sözlər yazılır: endirim. Həmin ərazidəki spesifik səhvlər eyni sözün iki cür yazılışı (“kompüter”, “komputer”), varvarizmlər (“Razlivnoy pivə”), bütün sözlərin baş hərflərinin böyük hərflə yazılmasıdır”.
V.Sadıqlı bildirib ki, son illər elektron KİV-in sürətlə artması həm də mənbə mətbu orqanda gedən səhvlərin tirajlanması ilə nəticələnir. Saytların maddi-texniki bazasının zəif olması onlara korrektor ştatı saxlanılmır: “Azərbaycanda KİV-in reklamdan əldə etdiyi vəsait eyni sayda əhalisi olan Şərqi Avropa ölklərinin reklam bazarından əldə etdiyi vəsaitdən 100 dəfədən çox azdır”.
Məruzəçi daha sonra diqqəti bədii əsərlərdə ədəbi dil normalarının pozulması hallarına yönəldib: “Aşağıdakı nümunələr etik mülahizələrdən adını çəkmədiyimiz Xalq yazıçısının bədii əsərindən götürülüb.
«Lənət şeytana, iblisə və onların hamısı köməkçilərinə» (s.45)
«…gənc mütəxəssis böyük bir həvəslə başladı Vəng dağının ətəyindəki kəndə yola düşməyə hazırlaşdı» (s.72).
«Afaq kənarda, pəncərəyə yaxın yerdə stula keçib əyləşdi» (s.456)
«…atası çoban olsa da savadsız, amma ağıllı adam idi». (s.86) və s.”.
Natiq tərcümə və dublyaj sahəsində də yetərincə nöqsanlar olduğunu qeyd edib.
Məsələn, adını çəkmək istəmədiyimiz bir jurnalda “Pred Pitt bazarı ələk-vələk elədi” mənasında olan cümlə “Pred Pitt qaşına-qaşına bazarı gəzirdi” kimi tərcümə edilib, bədii filmdə “Belokuraya jenşşina” söz birləşməsi “Ağ toyuqlu qadın” və s kimi gülüş hədəfi olacaq nümunələr çoxdur.
V.Sadıqlı tərcümə proqrmlarının azırlanmaında ciddi problemlərin yaşandığını deyib və bir sıra nümunələr gətirib:
“Разработка нового Генплана Губы” –
Dodaqların yeni Ümumi Planının inkişafı
“1200 из них зависят от переливания крови” –
Onlardan 1200-dən çox qan qaçaqmalçılığı ilə bağlıdır.
“Azərbaycan qonşu ölkələrə dərman ixrac edəcək” əvəzinə “Azərbaycan qonşu ölkələrə narkotik ixrac edəcək” kimi qalmaqallı tərcümələrlə rastlaşılır”.
Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Sevinc Əliyeva öz çıxışında reklamın hazırlanmasının çox ciddi texnoloji proses olduğunu deyib. Onun sözlərinə görə, istənilən obyektin ünvanı Azərbaycan dilində olmalıdır. Reklamlarda daha çox millilik, milli xüsusiyyət, milli təqdimat çatmır, tərcümələr düzgün aparılmır. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda da küçə reklamlarının, afişaların yazılışının normaya uyğun olmasının vacibliyi vurğulanır.
İctimai müzakirədə professor Sayalı Sadıqova, Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli, dosentlər Qüdsiyyə Qəmbərova, Sevinc Məmmədova və Güntəkin Binnətovanın reklamların dili ilə bağlı müxtəlif istiqamətləri əhatə edən çıxışları maraqla qarşılanıb.
Tədbirdə nöqsanların aradan qaldırılması ilə bağlı təkliflər səsləndirilib.