Kamran Şirəliyev ömrünün 22-ci ilində vətən uğrunda canını fəda elədi. Nə arzuları , nə sevgiləri, nə diləkləri vardı, kim bilir... Özünü həmişə sevdirən şəhid Kamranın hərbi xidmətə yola düşərkən yaxınları ilə vidalaşmaması ürəkləri yandırmışdı.
Şəhidin nisgil dolu həyatıyla yaxından tanışlıq üçün Xəzər rayonu, Mərdəkan qəsəbəsinə yola düşdük.
İndiyə qədər baş çəkdiyimiz şəhid ünvanlarındakı kimi 2016-cı il aprel döyüşləri zamanı həlak olan Kamran Şirəliyevin də yaşadığı küçə boyu üçrəngli bayrağımız bizi qarşıladı.
Qapını açıb, bizi içəri dəvət edirlər. Şəhidin anası Elvira Şirəliyevanın səhhəti ayağa durmağa imkan vermədiyindən, ona yaxınlaşırıq. Bu illər ərzində göz yaşı qurumayan şəhid anası sorğusuz-sualsız özü söhbətə başlayır:
“Oğlum evin sonbeşiyi, iki bacının bir qardaşı idi. Özümüz bakılı olsaq da, rayonlara səyahət etməyi, orada vaxt keçirməyi çox sevirdi. Hərbi xidmətə getməmişdən əvvəl tez-tez rayonlarda, hətta təhlükəli yerlərdə olurdu. Ümumiyyətlə, onun üzərində həmişə əsirdim, ona görə çox nigaran qalırdım, zəng edib tez-tez vəziyyətini xəbər alırdım. Amma tale imkan vermədi. Ona qayğı ilə yanaşıb, qorumağa çalışsam da, bu, heç nəyə yaramadı. Onu itirdim...”
Şəhidin bacısı Məsmə Şirəliyeva deyir ki, onlar iki bacı, bir qardaş olsalar da, Kamran heç vaxt bacılarına olan sevgisini bir-birindən fərqləndirməyib: “Evin kiçiyi idi, amma həmişə sözü keçirdi. Bacımla məni eyni dərəcədə sevib oxşayırdı. Hədiyyə alanda belə ikimizə də eyni yanaşırdı. Heç vaxt bizi diqqətdən kənar qoymurdu. Onun yanında atamdan sonra həmişə özümüzü güvəndə hiss etmişik”.
“Son dəfə görə bilmədik...”
Gözləri çuxura düşmüş, saçları ağarmış ana fikirli halda qızını dinləyir. Kamran haqqında danışdıqca üzlərindəki kədər səslərinə hopur. Ana Kamranın əsgərlik xatirələrinə qayıdır:
“Əsgərlik üçün çağırış gəlmişdi, amma nədənsə yola salınması hər dəfə gecikirdi. Biz də hər çağırışda onunla olurduq ki, birdən aparsalar, onu axırıncı dəfə görə bilək. Amma təəssüf olsun ki, elə olmadı... Kamran çox çalışqan uşaq idi. İşləmək onun həyatının bir parçası idi, yorulmaq bilmirdi.
Sonuncu dəfə ona çağırış gələndə təhsil aldığı peşə məktəbindən iş yerinə gəlib açarı verdi və tələsik “Məni aparırlar, getməliyəm” deyib getdi. Biz düşünürdük ki, bu çağırışda da yəqin gecikmə olacaq. Ona görə də işdə qaldım, Kamranı ötürməyə getmədim. Əvəzimizdə onu dostları, onların valideynləri yola salıbmış. Bunu özümüzə bağışlamıram. Kaş onu sonuncu dəfə görə, toxuna biləydik.
Arzuları vardı - bu evi təmir bitdikdən sonra görmək, sürücülük vəsiqəsi almaq... Peşə məktəbində oxuyurdu. İxtisası çilingər-maşinist idi. Sürücülük vəsiqəsi almaq istəyirdi. Qismət olmadı”.
Ananın sözlərinə görə, ürək problemi olan ata Faiq Şirəliyev bu hadisədən sonra özünə yer tapa bilmir.
Atası Kamran haqda həmişə deyirmiş ki, mənim sağ qolumdur: “Atasının əvvəlcədən də səhhətində problem var idi, ürəyi xəstə idi. Kamranın ölüm xəbərini ona necə çatdıracağımızı bilmirdik. O qara xəbəri eşidəndən bu günə qədər həyat onun üçün yarımçıqdır. Nəinki onun, elə hamımızın həyatı...
Evdə hər şey onu xatırladır, hər sözdə yada düşür. Hərdən elə olur ki, nə isə eşidəndə: ”Kamran da belə edərdi, yadına düşür?” kimi sözlər işlədir bacıları “.
“Şəhid ailəsisən, mənə nə?..”
Məsmə Şirəliyeva bildirir ki, elə yerlər olub, onlara şəhid ailəsi olduqları üçün hörmətcil davranmayıblar:
“Övladımı məktəbə yazdırmalı idim, bu hadisə oldu, baş qarışdı, vaxtında müraciət edə bilmədik. Gecikmənin səbəbini izah etdim. 82 nömrəli məktəbin direktoru Babaxan adlı şəxs mənə: ”Şəhid ailəsisən, mənə nə?.. Bunun mənə heç bir aidiyyatı yoxdur”- deyib qeydiyyata almadı.
Ola bilər, kimlərsə şəhid ailəsi olmasından istifadə edir. Amma biz buna qarşıyıq, heç vaxt sui-istifadə barədə düşünməmişik. Şəhid ailə üzvlərinin dərmanla təminatı, müalicəvi istirahət mərkəzlərində dincəlməsi üçün müəyyən endirimlər olmalıdır. Bizim övladlarımız düşmənlə səngərdə dirənir, ancaq onların hesabına burada dinc şəraitdə yaşayanlar bizlərə hörmətlə yanaşmağı belə bacarmırlar. Tibb müəssisələrində yalnız “Pulunu ver, keç” prinsipi işləyir”.
Ana deyir ki, oğlunun adını əbədiləşdirmək üçün müvafiq qurumlara müraciət edib.
Yaşadıqları məhəlləyə şəhidin adının verilməsi ilə bağlı müsbət cavab alsalar da, hələlik nəticə yoxdur.