Salyan şəhərində şair-publisist İlham Qəhrəmanın 60 illik yubiley tədbiri keçirilib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsi tərəfindən təşkil edilən tədbir Salyan diyarşünaslıq muzeyində baş tutub.
Rayon rəhbərliyi, ziyalılar, regionun tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbir AYB Muğan bölməsinin sədri Nəbi İbrahimli giriş sözüylə açılıb.
Salyan Mərkəzi Kitabxanasının direktoru Səidə Əliyeva çıxışında həm yubilyarın bioqrafiyası, həm də keçdiyi zəngin yaradıcılıq yolu haqqında tədbir iştirakçılarına məlumat verib. Salyan şəhər 2 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi, Nəsimi adına Dilçilik İnstitutunun aspirantı Günel Orucova İlham Qəhrəmanın yaradıcılıq məziyyətlərindən söz açıb, onun şeir yaradıcılığında canlı xalq danışıq dilindən məharətlə bəhrələnməsindən, bir çox unudulmuş sözlərə uğurla yenidən həyat verməsindən bəhs edib.
Fikirlərinə söykək üçün şairin şeirlərindən sitatlar çəkən Günel xanım İlham Qəhrəman yaradıcılığını qısaca belə xarakterizə edib: adiliyin aliliyi. Natiq fikrini davam etdirərək İlham Qəhrəmanın folklor yaradıcılığına da nəzər salıb. O, şairin Sarı Aşıq və Aşıq Alı yaradıcılığına diqqət ayırıb, onların irsini toplamasını və cinasları orjinalda olduğu kimi tərtib etməsini yüksək dəyərləndirib.
“Kürün töhfəsi” ədəbi birliyinin üzvü, gənc şair Pərviz Əbil tədbirdə İlham Qəhrəmandan şeirlər səsləndirib.
Geniş nitqlə çıxış edən tənqidçi Əsəd Cahangir şair İlham Qəhrəmanın lirik şair olduğunu, onun yaradıcılığını maraqla izlədiyini gələnlərin diqqətinə çatdırıb.
Daha sonra şair Oqtay Rza şairin doğma yurdu Laçının işğal altında olmasından və onun bu mövzuda yazılıb yenicə “Ədəbiyyat qəzeti”ndə işıq üzü görmüş “Yaddaş” poemasından söz salıb.
Tədbirdə Salayan rayon icra hakimiyyətinin humanitar və ictimai-siyasi şöbənin müdiri Əzizağa Yaqubov, şair-publisist Əzizağa Məmmədli və başqaları çıxış ediblər.