9 Avqust 2019 13:37
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın "Megogo" saytı (www.megogo.az) Balans Milli Dublyaj Studiyasının dublyaj etdiyi filmləri oğurlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə studiyanın rəhbəri Sevda Həsənova məlumat yayıb. O bildirib ki, məsələni ölkə qanunlarına uyğun şəkildə həll etmək niyyətindədir və bu işlə bağlı artıq sənədləri məhkəməyə hazırlayıb:

“Hesab edirəm ki, dublyaj etdiyimiz və müəllif hüququ bizə aid olan məhsulları icazəsiz mənimsəyən təşkilatlar işin bütün çətinliklərini, ağırlığını və ağrısını dərk etmirlər. Studiyamızın tərcümə və qeyri-kommersiya məqsədi ilə dublyaj etdiyi “Üçqat təhlükə”, “Yaşıl kitab”, “Van Qoq. Əbədiyyət astanasında”, “Hanter Killer”, “Birincilərin zamanı”, “Hakim Dredd”, “Real oğlanlar”, “Oğru ovu”, “Reinkarnasiya”, “Qırmızı nanə”, “Milyarderlər klubu” və s. kimi filmlərin dublyajını Balans Milli Dublyaj Studiyasının və bu filmləri istehsal edən şirkət və distribütorlarının icazəsi olmadan necə istifadə etmək olar? Ümidvarıq ki, beynalxalq aləmdə hörməti və yeri olan "Megogo" şirkətinin rəhbərliyi bu faktı araşdıracaq və bu oğurluqda əli olan dələduzları cəzalandıracaq və Balans Milli Dublyaj Studiyasından üzr istəməklə yanaşı, ölkəmizdəki müəllif və digər hüquqlara hörmət edəcək, əks halda sözügedən əcnəbi şirkətin oğurluğu ilə bağlı əyani faktları məhkəməyə dəlil kimi təqdim edəcəyik”.

S.Həsənovanın sözlərinə görə, www.megogo.az saytı tərəfindən yayımlanmış filmlərdə müəllifin həm şəxsi (qeyri-əmlak) hüququ, həm də əmlak (iqtisadi) hüquqları pozulub:

“Müəlliflik və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, “törəmə əsərlər (tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi)” müəlliflik hüququnun obyekti hesab edilir”.

Studiyanın rəhbəri “Nəsimi ili” ilə əlaqədar bəzi işlər gördüklərini də qeyd edib:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” adlandırılmasını rəhbər tutaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə, görkəmli rejissor Həsən Seyidbəylinin 1973-cü ildə çəkdiyi “Nəsimi” filminin restavrasiyası və dublyaji ilə məşğuluq. Bundan əlavə, bu günədək Balans Studiyası tanınmış rejisorumuz Ağarza Quliyevin 1964-ci ildə ekranlaşdırdığı “Ulduz” və sevimli rejissorumuz Huseyn Seyidzadənin 1978-ci ildə çəkdiyi “Qaynana” filminin bərpa işlərini sona çatdırmışıq”.

Qeyd edək ki, Balans Milli Dublyaj Studiyası nəinki Azərbaycanda, eyni zaman bütün dünyada öz peşəkar və möhtəşəm televiziya, kino və radio dublyaj işləri ilə məşhurdur. Kommersiya və qeyri-kommersiya işləri ilə Koreya, Çin, Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya, ABŞ və digər ölkələrin səfirlikləri və dublyaj şirkətləri ilə sıx əməkdaşlıq edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər