10 Avqust 2019 14:48
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin əvvəlindən minimum əməkhaqqının iki dəfə, maaş və pensiyaların əhəmiyyətli dərəcədə, ümumilikdə əhalinin gəlirlərinin artımına baxmayaraq Azərbaycanda istehlak mallarının və xidmətlərinin, ən əsası isə ərzaq mallarının qiymətində ciddi artım yoxdur.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, bu, ilk növbədə dövlətin qiymət artımı ilə bağlı məsələləri ciddi nəzarətdə saxlaması, süni qiymət artımına dair tədbirlər görməsi ilə bağlıdır:

“Kənd təsərrüfatının, onunla bağlı olaraq infrastrukturun inkişafına hərtərəfli dəstək var. Görülən tədbirlər nəticəsində idxal-ixrac sistemi təkmilləşdirilir, manatın kursu sabitdir və möhkəmlənməyə doğru gedir, qiymət siyasətinə təsir edən faktorlar nəzarətdə saxlanılır”.

A.Mirzəzadə hesab edir ki, sentyabrın 1-dən etibarən maaşların, oktyabr ayından pensiyaların baza hissəsinin artırılması insanların maddi rifah halını daha da yaxşılaşdıracaq.

Qeyd edək ki, son vaxtlar Azərbaycanın istehlak bazarında guya qiymət artımının müşahidə olunduğu barədə müxtəlif iddialar səsləndirilir. Halbuki, ölkədə süni qiymət artımına qarşı sərt tədbirlər görülür. Prezident İlham Əliyev süni qiymət artımının yolverilməzliyi, bu sahədə hər hansı manipulyasiyanın qarşısının alındığı və səbəbkarların cəzalandırıldığı barədə dəfələrlə fikirlərini bildirib və göstərişlər verib. Digər tərəfdən qiymət artımı heç də süni amillərlə bağlı deyil, bunun obyektiv səbəbləri də var. Bu, ilk növbədə idxal olunan məhsulların dünya bazarında qiymətinin artması ilə bağlıdır. Məsələn, texnoloji avadanlıqların, gübrələrin qiymətində dəyişiklik Azərbaycanda istehsal prosesinə də öz təsirini göstərir.


Müəllif: Səxavət

Oxşar xəbərlər