12 Sentyabr 2014 12:13
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir məktəb direktorundan nələr tələb olunur?

Təhsil Nazirliyi, “Allianz Consult” MMC və “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıqda ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan kadrların “Liderlik və İdarəetmə” adlı təlimdə iştirakı üçün müsabiqə elan edir.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, təlimin məqsədi: müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarını yetişdirmək və təkmilləşdirməkdir.

İlkin mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrini əhatə edəcək.

Təlimlərin müddəti: noyabr – yanvar aylarını əhatə edəcək.

Təlim müddətində təhsildə liderlik və idarəetmə, məktəbin idarə edilməsi (PTT yönümlü), kurikulumun dizaynı və idarə edilməsi, qiymətləndirmə (peşə və təhsil standartları, daxili sorğu-cavab), marketinq, maliyyə idarəetməsi, məlumatların təhlili, monitorinqi və qiymətləndirilməsi kimi mövzulardan bəhs olunacaq.

Müsabiqədə iştirak üçün minimum tələblər bunlardır: ümumi idarəetmə, təhsilin idarəolunması, iqtisadiyyat, dövlət və bələdiyyə idarəçiliyi, hüquqşünaslıq, tarix, pedaqoqika sahələrində tam ali təhsil; 5 illik iş təcrübəsi; Azərbaycan dilini mükəmməl bilmək; Microsoft Office proqramlarını bilmək.

Namizədlərdən gözlənilən digər keyfiyyətlər isə liderlik bacarığı, yüksək motivasiyalıq, səmərəli qərar qəbul etmə bacarığı, nəticəyönümlülük, xarici dili bilməkdir.

Müraciət qaydaları: müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər tərcümeyi-halı (CV) [email protected] ünvanına göndərə bilər. Müraciət üçün son tarix: 30 sentyabr 2014-dür.

Seçim qaydalarına görə tərcümeyi-hal (CV) üzrə birinci seçim; test üzrə ikinci seçim; müsahibə üzrə üçüncü seçim; müvafiq testlər vasitəsilə qiymətləndirmə üzrə dördüncü seçim; tapşırıq üzrə beşinci seçim mərhələləri həyata keçiriləcək.

Yekun qiymtləndirmə: təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq imtahanda iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlər “Uğur sertifikatı” təqdim olunacaq. “Uğur sertifikatı”” əldə etmiş və hal-hazırda ilk peşə-ixtisas təhsil müəssisə direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq, hal-hazirda direktor vəzifəsində çalışmayan digər şəxslər isə direktor vəzifəsi üzrə vakant yerlər təyin olunmaq üçün ehtiyat kimi qeydə alınacaqlar.

SEVİL


Müəllif:

Oxşar xəbərlər