Son vaxtlar sayca çoxalan internet televiziyaları və xaricdə məskunlaşmış bəzi radikal mühacir azərbaycanlıların daha da fəallaşması sadəcə olaraq, görüntü yox, Azərbaycan əleyhinə hazırlanmaqda olan dərin və əhatəli kombinasiyanın tərkib hissələri kimi görünür.
Bu sözləri Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, siyasi ekspert Aydın Quliyev deyib.
Aydın Quliyevin fikrincə, onların son aylardakı fəaliyyətinə kampaniyaçılıq kimi baxmaq doğru olmazdı: “Bu, sistemli şəkildə idarə olunan, fərqli zamanlarda, müxtəlif hadisələrdən asılı olaraq, aktivləşən və passiv fazaya keçən fəaliyyət növüdür. Azərbaycan mühüm hadisələr ərəfəsindədir, bələdiyyə seçkiləri keçiriləcək, parlament seçkiləri gözlənilir, Azərbaycanın maraqlı olduğu, fəal dəstəklədiyi nəqliyyat layihələrinin açılışı ərəfəsində həmin şəbəkənin aktivləşməsi kampaniyaçılıqdan çox, sistemli fəaliyyətdən xəbər verir. Bu gün Azərbaycana qarşı hərtərəfli fəaliyyət göstərən mərkəzin formalaşması prosesi gedir. Aydın məsələdir ki, internet TV-lər ayrı-ayrı fərdlərin yaratması gücündə olan məsələ deyil. Hətta Azərbaycandan gedəndə şəxsi “Jiquli”sini satıb getdiyini deyən adamın bu gün Avropada öz imkanları hesabına internet televiziyası açması barədə dediklərinə inanmaq sadəlövhlük olardı. Təkcə bir avtomobilin pulu ilə internet televiziyası yaratmaq mümkün deyil. İnternet TV-lər şəxsi gəlir mənbəyinə çevrilsə də, şəxsi imkanlar hesabına əmələ gələn iş deyil, bunun arxasında xaricdə müəyyən mərkəzlərin dayandığı şübhəsizdir”.
Baş redaktor hesab edir ki, TV-lərin sayının sürətlə artmasının arxasında çox çirkin, müxtəlif siyasi dairələrə bağlı qüvvələr dayanır: “Onların əsas hədəfinin Azərbaycandakı sabitliyi pozmaq, xalqla hakimiyyət arasında ayrılıq salmaq, xalqın birmənalı xarakter daşıyan hakimiyyətin siyasətinə dəstək mövqeyini parçalamaq, xalqın fikir və dünyagörüşünü bulandırmaq cəhdləri olduğunu nəzərə alsaq, onda həmin şəbəkənin həqiqətən sistemli fəaliyyət göstərməsi tam çılpaqlığı ilə ortaya çıxır. Ona görə də buna kampaniyaçılıq yox, Azərbaycana qarşı aparılan sistemli bir işin müasir təzahürü demək daha doğru olardı”.