Müdafiə Nazirliyinin MİQ-29 təyyarəsinin qəzaya uğramasının səbəbləri barədə rəsmi mövqeyini şübhə altına alan adam normal təfəkkürə malik ola bilməz. Rəsmi məlumatlar əsaslandırılır, dəqiqləşdirmədən sonra ictimaiyyətə açıqlanır. Yəni sıravi insanın düşüncəsinin məhsulu deyil. Müxtəlif arqumentlər gətirərək, Müdafiə Nazirliyinin rəsmi açıqlamasının əsassızlığını sübut etməyə çalışanlar anormal insanlardır.
Bu sözləri Teleqraf.com-a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, bəzən belə faciələr üzərindən kimlərsə manipulyasiya edir, öz maraqları çərçivəsində şou düzəltmək istəyir: “Belə yaramaz insanlar cəmiyyətə ziyan vurmaq niyyətindədirlər. Faciələrə sevinən insanlar bədbəxtdirlər. Faciələrdən şou düzəldən insan torpaq üzərində gəzən Vətən övladı ola bilməz, belələri sadəcə yarıtmazdırlar”.