15 Sentyabr 2014 19:40
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) sentyabrın 15-dən 21-dək “Təhlükəsiz iş həftəsi” elan edib.

Teelqraf.com-un xəbərinə görə, bu barədə DƏMX-nin rəisi Fuad Əlizadə məlumat verib. Xidmət rəisi vurğulayıb ki, iş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına, əməyin mühafizəsi normalarının tətbiqinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində DƏMX tərəfindən son vaxtlarda həyata keçirilən tədbirlər bu sahədə müsbət meyllərin formalaşmasına, işəgötürənlərdə bu məsələlərlə bağlı sosial məsuliyyətin güclənməsinə səbəb olub:

“Bununla belə, istehsalatda baş verən bədbəxt hadisələr, ümumən əldə olunan məlumatların təhlili göstərir ki, heç də bütün iş yerlərində əməyin mühafizəsi qaydalarına lazımınca əməl olunmur və iş yerlərində işçilərin həyat və sağlamlığının mühafizəsinə biganə münasibət göstərilməsi halları hələ də mövcuddur. Digər tərəfdən, əmək qanunvericiliyinə, əməyin mühafizəsi normalarına riayət olunmasına dövlət nəzarəti ümumi iş yerlərinin hamısını deyil, müəyyən bir qismini əhatə edir”.

F.Əlizadə bildirib ki, qeyd olunanlar nəzərə alınmaqla, DƏMX bütün işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına, əməyin mühafizəsi sahəsində mövcud nöqsanların aradan qaldırılmasına nail olmaq, işəgötürənlərin işçilərin həyat və sağlamlığının mühafizəsinə diqqətini artırmaq məqsədi ilə “Təhlükəsiz iş” həftəsi elan edib. Həftə ərzində DƏMX-in əməkdaşları aidiyyatı dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə iş yerlərində, xüsusən tikinti və istehsalat sahələrində əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunması vəziyyətini yerindəcə araşdıracaqlar.

Xidmət rəisi araşdırmalar zamanı aşkar edilən nöqsan və çatişmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görüləcəyini də bildirib: “İşçilərin həyat və sağlamlığı üçün təhlükə törədən əmək şəraitinin mövcud olduğu iş yerlərində işlər təhlükəsiz əmək şəraiti yaradılanadək dayandırılacaqdır. Həftə ərzində işəgötürənlər və əmək kollektivləri arasında müvafiq mövzuda təbliğat-məlumatlandırma işləri də aparılacaqdır”.

Naibə


Müəllif:

Oxşar xəbərlər