“Son iki günü əsasən Əbdürrəhman Vəzirovun xatirələrini (“В первых рядах партера”) oxumaqda keçirdim. Vəzirov ölkəmizdə rəhbərlik etdiyi illər ərzində baş verənləri, o cümlədən Qarabağ münaqişəsini, “idarəetmə yanlışları” kimi qələmə verir, siyasi düşünə bilmir. Milli təəssübkeşliyi də yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Erkin Qədirli deyib.
Onun sözlərinə görə, ötən il çapdan çıxmış kitabında Gəncəni hələ də “Kirovabad” adlandırır:
“Hərçənd, vaxtilə özü orada rəhbər vəzifədə çalışıb, ona görə də bilməlidir ki, hətta Sovet dönəmində gəncəlilər şəhərlərini “Kirovabad” adlandırmırdılar. Elə bu səbəbdən də ermənilərin həm Qarabağda, həm də Ermənistanda gedişlərini anlaya bilmədi - problemi hələ də Moskvanın qətiyyətsizliyində görür.
Xalq Cəbhəsindən yanıqlı olduğunu gizlətmir, az qala bütün günahları cəbhənin üstünə yıxır.
Vəzirovun milli və siyasi düşünə bilməməsinin daha bir örnəyi Xalq Cəbhəsinin “bakinets”lər arasında nüfuz qazana bilmədiyini yazmasıdır. Bilməyənlər üçün deyim ki, rusca “bakinets” sözü hərfi mənada bizim “bakılı” sözünün mənasıyla eyni olsa da, kontekstual mənası çox fərqlidir. “Bakinets2 sözü nə urbanist, nə də milli mənanı bildirirdi. Çox amorf bir qavramdır, kosmopolitik mənaya daha yaxın idi. Yeri gəlmişkən, köklü bakılılarn çoxu “bakinets” sayılmırdı, çünki ya rus dilini bilmirdi, ya da o dönəmin elitasına aid olunmurdu. Odur ki, “bakinets”lərin içində çoxlu rus, erməni, yəhudi və başqa etnik qruplara aid olan insanlar vardı”.
Erkin Qədirli Vəzirovun kitabında Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyə münasibətinə də toxunub:
“Vəzirov kitabında Elçibəyi “radikal” adlandırır, İsa Qəmbəri liberal. Nədən belə yazdığını izah etmir. Vəzirovun radikallıqla liberallıq arasında ideoloji fərqlər haqqında düşündüyünü sanmıram. Gümanım budur - İsa Qəmbər rus dilini yaxşı bilir və Qarabağlıdır. Belə yanaşmanı başqalarında da görmüşəm. Məsələn, rəhmətlik Anar Məmmədxanov mənimlə söhbətlərdə İsa Qəmbəri bu iki əlamətə görə müxalifətin içində özünə yaxın bildiyini söyləmişdi.
Kitab sistemsiz yazılıb, xatirələrdən daha çox giley-güzara oxşayır. Vəzirov xatirələrində belə dövlət adamı ola bilmədi”.