18 Sentyabr 2014 11:24
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 17-də Pekində, Çinin ən nüfuzlu beyin mərkəzlərindən olan Müasir Beynəlxalq Münasibətlər Akademiyasında Azərbaycanın həyata keçirdiyi regional “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin təqdimatı olub.

Teleqraf.com xəbər verir ki, təqdimatdan əvvəl keçirilmiş “TASİM layihəsində Çinin rolu” adlı konfransda ÇXR-in beyin mərkəzlərinin, tədqiqat institutlarının direktorları, elmi işçiləri və Azərbaycanın yerləşdiyi regionla məşğul olan tanınmış tədqiqatçılar iştirak ediblər.

Mərasimdə TASİM layihəsinin direktoru Zaur Həsənov layihənin konsepsiyasından, onun regional və qlobal kommunikasiyaların yaxşılaşdırılmasına, kommunikasiya marşrutlarının şaxələndirilməsinə yönələn missiyasından danışıb.

Bildirilib ki, layihənin məqsədi Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Layihə Almaniyanın Frankfurt şəhərindən Çinin Honkonq şəhərinədək istiqamətlənən, Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçən tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək.

BMT-nin Baş Məclisinin qətnamələri ilə siyasi dəstək alan TASİM-in Avropa və Asiya arasında ən qısa və sərfəli marşrutlardan biri olduğunu vurğulayan Z.Həsənov layihənin icrası istiqamətində görülən işlərdən danışıb.

Sonra Çin Müasir Beynəlxalq Münasibətlər Akademiyasının professoru xanım Tan Lan TASİM layihəsi üzrə apardığı araşdırmaların nəticələri barədə danışıb.

Qeyd edək ki, Tan Lan TASİM layihəsi üzrə araşdırma yazısı hazırlayıb. “Çinin rəqəmsallaşma təcrübəsi və onun TASİM layihəsinə təsiri” mövzusundakı yazı broşür halında çap olunub.

İlhamə


Müəllif:

Oxşar xəbərlər