Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Saray qəsəbəsindəki yeni yaşayış binalarından alınmış daha 40 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib.
Teleqraf.com xəbər verir ki, təqdimetmə mərasimində çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını vurğulayıb.
O, Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələrinin, əlilliyi olan insanların, o cümlədən müharibə və 20 Yanvar əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
V.Nəsirli qeyd edib ki, şəhid ailələrinə, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox, 626 mənzil təqdim edilib. Bu il isə azı 800 mənzil verilməsi nəzərdə tutulub, onlardan artıq 214 mənzil verilib. Beləliklə, indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6868 mənzil təqdim edilib. 2018-ci ildə 265 müharibə əlili nazirlik tərəfindən avtomobillə təmin olunub. Bu il nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi planlaşdırılıb ki, onlardan artıq 427 avtomobil təqdim edilib. Ümumilikdə, həmin kateqoriyadan olanlara indiyədək 6400-dək minik avtomobili verilib.
Ev alanlar arasında ikinci qrup Qarabağ əlili olan Məmmədov Sərdar da dövlət tərəfindən göstərilən qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edib.
Şəhid ailəsi Məmmədova Sənubər anasına bağışlanan evə görə Prezident İlham Əliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə təşəkkürünü bildirib:
“Uzun müddətdir ki, bu evi gözləyirik. Anamın ən böyük arzusu şəhid oğluna görə aldığı evdə bir gün belə olsun yaşamaq idi”.
Qeyd edək ki, təqdim edilən 40 mənzilin 38-i şəhid ailələri və Qarabağ müharibəsi, 2-si isə 20 Yanvar əlillərinə verilib.