14 Noyabr 2019 09:14
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev noyabrın 12-də Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal və Xətai rayonlarının icra hakimiyyəti başçılarını vəzifəyə təyin olunmaları ilə bağlı qəbul edərkən ilk növbədə onların hansı fəaliyyətlə məşğul olacaqlarını və onlara olan əsas tələblərin nədən ibarət olduğunu vurğuladı. Bununla belə cənab prezident hətta, yerli icra hakimiyyəti başçılarının da öz fəaliyyətlərində Azərbaycanın daha qüdrətli olması, Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunmasında əsas fiqurlardan biri olduqlarını bir daha onların diqqətinə çatdırdı.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyev qəbul zamanı digər məsələlərə də münasibətini açıqladı. Ölkə həyatının əksər məsələlərinə dair öz fikirlərini bölüşdü:

“Dövlət başçımızın çıxışında beynəlxalq məsələlərə toxunuldu. Xüsusilə, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu, yeri diqqətə çatdırıldı. Cənab prezident qeyd etdi ki, ölkəmizin beynəlxalq nüfuzu xeyli dərəcədə artıb. Bildirdi ki, bu gün biz dünya miqyasında çox böyük hörmətə layiq ölkə kimi öz fəaliyyətimizi aparırıq. Qoşulmama Hərəkatının bu yaxınlarda Bakıda keçirilmiş XVIII Zirvə Görüşü bunu bir daha təsdiqlədi. Biz artıq BMT-dən sonra dünya miqyasında ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edirik və üç il ərzində sədrliyi davam etdirəcəyik. Bu sədrlik 120 ölkənin rəyi əsasında yekdil qərarla əldə edilib. Yəni, bu, onu göstərir ki, dünya birliyinin ən azı üçdə iki hissəsi Azərbaycanı dəstəkləyir və bizim siyasətimizə böyük qiymət verir”.

Aydın Mirzəzadə hesab edir ki, icra başçıları fəaliyyətlərinin nəticəsinə, o cümlədən onların fəaliyyətinin Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna necə təsir edəcəyinin fərqinə varmalıdırlar:

“Onlar bilməlidirlər ki, regionların güclü olması Azərbaycanın güclü olmasıdır. Həmçinin, onlar bilməlidirlər ki, vətəndaşlarımızın hüquqlarının qorunması Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi deməkdir. Bu məsələdə onların da ciddi şəkildə iştirakı vacibdir. Hesab edirəm ki, son vaxtlar yüksək vəzifələrə təyin olunan və əksəriyyəti gənc olan, etimadı doğruldacaq bu şəxslər Azərbaycan üçün fəaliyyətlərini yüksək səviyyədə qura biləcəklər”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər